DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

COZEf BAYDEN HÖKUMƏTİ İLƏ TEXAS ŞTATI ARASINDA GƏRGİNLİK

ABŞ-da Cozef Bayden hökuməti Texas qubernatoru Qreq Ebbotun Meksika ilə sərhəddə Rio-Qrande çayında üzən baryer qurmasını “insanlıqdan kənar” adlandırıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ağ Evin sözçüsü Karin Jan-Pyer mətbuat konfransında məlumat verib.

Texas qubernatorunun qurduğu baryeri “qanunsuz” və “insanlıqdan kənar” adlandıran Ağ Evin mətbuat katibi deyib: “Bu, əslində Bayden hökumətinin tətbiq etdiyi miqrasiya siyasətini baltalamaqdır”.

Bununla yanaşı, qubernator tərəfindən baryer qurulmasının çaya girişin və sərhəd patrullarının fəaliyyətinə mane olduğunu bildirən Karin Jan-Pyer Qreq Ebbotun illərdir pozulmuş miqrasiya sistemi ilə irəliləməyə çalışmağının problemi həll etməyəcəyini qeyd edib.

Məlumata əsasən, qubernator öz növbəsində Ədalət Məhkəməsinə göndərdiyi məktubda sözügedən üzən baryerləri aradan qaldırmayacağını bildirərək, Bayden hökumətini qanunsuz sərhəd keçidlərinin qarşısını almaq üçün yetərincə tədbir görməməkdə ittiham edib və onlarla məhkəmədə üzləşməyə hazır olduğunu açıqlayıb.

 

VAN İ ÇİNİN YENİ XARİCİ İŞLƏR NAZİRİ TƏYİN OLUNUB

Çin parlamenti Van İni  xarici işlər naziri vəzifəsinə təsdiqləyib. “Report” agentliyinin verdiyi xəbərə görə, qanunverici orqanın qərarı ilə Tsin Qan XİN başçısı postundan kənarlaşdırılıb.

Məlumata əsasən, bugünlərdə Tsin Qan barəsində cinayət işi açılıb. Həmçinin bildirilir ki, nazirin nikahdan kənar əlaqələri barədə xəbər yayılıb.

Eyni zamanda, ABŞ-la Çin arasında münasibətlərin qaydaya düşdüyü barədə informasiya yayıldıqdan sonra 57 yaşlı diplomat yoxa çıxıb. Çin Xarici İşlər Nazirliyi məsələyə hələ rəsmi münasibət bildirməyib.

Qeyd edək ki, əvvəllər Van İ Xarici İşlər Nazirliyinin rəhbəri olub: o, bu vəzifəni 2013-cü ildən tuturdu. Tsin Qan nazir olduqdan sonra Van İ ÇKP Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri olub. Həmin vaxt xarici KİV-lər hesab edirdilər ki, Tsin Qanın təyinatı Çin prezidenti Si Cinpinin ABŞ-la münasibətləri yaxşılaşdırmaq istəyi ilə üst-üstə düşür.

 

RUSİYA QIRICISI ABŞ-a MƏXSUS DRONA ATƏŞ AÇIB

Rusiya qırıcısı iyulun 23-də Suriya səmasında ABŞ-ın pilotsuz uçuş aparatına zərbə endirib. “Röyters” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilir ki, Rusiya qırıcısı Suriya səmasında ABŞ pilotsuz uçuş aparatının bir neçə metrliyində uçaraq ona atəş açıb və nəticədə “MQ-9 Reaper” PUA-sının pərinə ciddi ziyan dəyib.

Məlumata görə, uçuş heyəti uçuşa nəzarət edə bilib və PUA-nı təhlükəsiz şəkildə öz bazasına qaytara biliblər.

Eyni zamanda, ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəzi Qərargahının rəhbəri general-leytenant Aleks Qrinkeviç bu hücumun Rusiya qırıcısının bölgədə ekipajı daşıyan ABŞ müşahidə təyyarəsinə təhlükəli şəkildə yaxınlaşaraq dörd amerikalı ekipaj üzvünün həyatını təhlükəyə atmasından cəmi bir həftə sonra baş verdiyini söyləyib.

“Biz Suriyadakı Rusiya qüvvələrini bu ehtiyatsız, təxribat xarakterli və qeyri-peşəkar davranışa dərhal son qoymağa çağırırıq”, - deyə general bildirib.

 

İRAN ABŞ-la “BUZLARI ƏRİTMƏYƏ” HAZIRDIR

İranla ABŞ arasında məhbus mübadiləsi mümkündür, proses Vaşinqtonun iradəsindən asılıdır. “Sputnik” infomasiya agentliyinin verdiyi xəbərə görə, bunu İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani bəyan edib.

“İran ABŞ-la məhbus mübadiləsinə ciddi yanaşır, prosesin uzadılmasına ABŞ hökumətinin iradəsizliyi səbəb olub. İndi biz elə bir mərhələdəyik ki, ABŞ tərəfinin siyasi iradəsi olarsa, bu mübadilə mümkün olacaq. Ümid edirik ki, bu, tezliklə baş verəcək”, - deyə XİN rəsmisi vurğulayıb.

Eyni zamanda, Naser Kənani əlavə edib ki, Tehran və Vaşinqtonla yaxşı münasibətlər saxlayan bəzi ölkələr bu prosesdə rol oynayır. O, məhz hansı dövlətlərin olduğunu açıqlamayıb.

Qeyd edək ki, iyunun 13-də İran xarici işlər nazirinin müavini Əli Baqiri Əbu-Dabidə Böyük Britaniya, Almaniya və Fransadan olan həmkarları ilə qarşılıqlı maraq doğuran bəzi məsələləri müzakirə etmək üçün görüşdüyünü bildirib.

 

PESKOV QUTERREŞİN PUTİNƏ MƏKTUBUNUN BƏZİ DETALLARINI AÇIQLAYIB

BMT-nin baş katibi Antonio Quterreşin Rusiya prezidenti Vladimir Putinə məktubunda “taxıl sazişi” üzrə fəaliyyət planı və Rusiyaya qarşı öhdəliklərin nə zamansa yerinə yetiriləcəyi qeyd olunub. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Təəssüf ki, hazırda bu sazişə qayıtmaq mümkün deyil, çünki o icra olunmur, de-fakto icra olunmayıb. Bununla belə, prezident Putin aydın şəkildə bildirdi ki, saziş icra olunacağı təqdirdə Rusiya dərhal onu bərpa etməyə hazırdır”, - deyə Dmitri Peskov vurğulayıb.

Qeyd edək ki, Qara dəniz taxıl dəhlizi sazişi 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və BMT arasında Ankarada imzalanıb. Mayın 17-də Türkiyə hakimiyyətinin vasitəçiliyi ilə 60 gün müddətinə uzadılan “Taxıl sazişi”nə iyulun 17-də Rusiya tərəfindən xitam verilib.

 

UKRAYNA HƏRBÇİLƏRİ STRATEJİ KƏNDİ AZAD EDİBLƏR

Ukrayna müdafiəçiləri Donetsk vilayətinin Andreyevka kəndindən Rusiya hərbçilərini çıxarıblar. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə  Ukrayna Silahlı Qüvvələri şərq qruplaşması qoşununun sözçüsü Sergey Çerevatıy bildirib.

Mətbuat katibinin sözlərinə görə, Baxmut ətrafında başqa yaşayış məntəqəsi kimi Andreyevkanın azad edilməsi şəhəri mühasirəyə almaq və düşməni qovmaq baxımından əməliyyatı başa çatdırmağa imkan verir.

Açıqlamaya əsasən, iyulun 25-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baxmut istiqamətində irəliləməkdə davam etdiyinə dair məlumat yayılıb.

Eyni zamanda, bildirilir ki, Ukrayna hərbçiləri Donetsk vilayətinin Staromayorski rayonunda cəbhə xətti boyunca 500 metr irəliləyərək uğur qazanıblar.

 

“AL MONITOR”: TÜRKİYƏ PUA-LARI BACARIĞINI DÖYÜŞ MEYDANINDA SÜBUT EDİB

“Bayraktar” PUA-larının döyüş meydanındakı uğurları dünya, o cümlədən ABŞ mətbuatında təhlil olunur. ABŞ-ın “Al Monitor” informasiya saytında dərc olunmuş analitik yazıda Türkiyə PUA-larının uğurlarını real qarşıdurmalarda sübut etdiyi vurğulanıb.

Saytın məlumatına görə, dünyanın bir çox ölkəsinə ixrac edilən bu pilotsuz uçuş aparatları müharibə və sülh şəraitində xidməti ilə diqqət çəkir: “Türkiyənin müdafiə və aerokosmik ixracatında xüsusi yer tutan PUA-lar, nəhayət Səudiyyə Ərəbistanında da görünməyə başlayıb”.

“Baykar” şirkətinin PUA-ları Ukraynadan Liviyayadək niyə bu qədər populyardır?” sualına cavab axtaran “Al Monitor" onların Ukrayna, Qarabağ, Liviya, Suriya, İraq, Efiopiya və Somali kimi münaqişə zonalarında istifadə edildiyini xatırladır.

Bununla yanaşı, məqalədə həmçinin vurğulanıb ki, Türkiyə PUA-ları ABŞ və digər Qərb istehsalı olan pilotsuz təyyarələrlə müqayisədə daha qənaətcildir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.