Hollandiya Türkiyə ilə bağlı bəzi məhdudiyyətlərini aradan qaldırır
Dünya xəbərləri

Hollandiya Türkiyə ilə bağlı bəzi məhdudiyyətlərini aradan qaldırır

Hollandiya Türkiyəyə müdafiə sənayesi avadanlıqlarının ixracına qoyulan bəzi məhdudiyyətləri aradan qaldırdığını açıqlayıb. 

"Respublika" Daily Sabah-a istinadən xəbər verir ki, Hollandiya Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və İqtisadiyyat və İqlim Dəyişikliyi Nazirliyi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı birgə bəyanat yayıb.

Bəyanatda Hollandiya hökumətinin silah ixracına qoyulan məhdudiyyətlərlə bağlı gördüyü ehtiyat tədbirlərinin siyahısı yer alıb. Hollandiya hökumətinin Avropada müdafiə sahəsində əməkdaşlığı gücləndirmək istədiyinə diqqət çəkən bəyanatda Aİ-də ədalətli rəqabətə ehtiyac olduğuna diqqət çəkilib. Həmçinin, Hollandiya müdafiə sektorunun canlılığının daha çox ixracatdan asılı olduğuna və bu sektorun gəlirlərinin yarıdan çoxunun ixracdan əldə edildiyinə diqqət çəkilib.

Birgə bəyanata görə, hökumət həmçinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanına qoyulan məhdudiyyətləri  də aradan qaldırıb. Amsterdamda yerləşən “Stop Wapenhandel” araşdırma və kampaniya təşkilatının rəqəmlərinə görə, Hollandiya Avropanın Türkiyəyə ümumi silah ixracının təxminən 8%-nin mənbəyidir.

Töhfə SƏMƏDOVA,

"Respublika".