Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

UKRAYNA KƏŞFİYYATI: MOSKVA DRON HÜCUMuNA HƏLƏ ÇOX ŞAHİDLİK EDƏCƏK

“Moskva sakinləri dron hücumlarına hələ çox şahidlik edəcəklər. Çünki Rusiya paytaxtının hava hücumundan müdafiəsi sistemləri effektiv işləyə bilmir”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov “Kiyev Post” nəşrinə müsahibəsində bəyan edib.

Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Moskva sakinlərinin artıq təhlükəsiz olmadığını dilə gətirib: “Bu anlayış onlardan uzaqdır. Bütün dünya Rusiyanın müdafiə sisteminin müasir çağırışlara cavab vermədiyini görür. Halbuki Rusiya silah bazarında lider olduğunu iddia edir”.

Eyni zamanda, Andrey Yusovun sözlərinə görə, bu tendensiya nəticəsində Rusiya əhalisi Kremlin təbliğatına inanmağa davam etməyə bilər.

Bununla yanaşı, nümayəndə əlavə edib ki, Rusiya şəhərlərinə gündəlik hücumların sayı arta bilər: “Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində təyyarələr və hava limanlarımız işləmir və ya dağıdılır. Bu gün qarşı tərəf də oxşar hadisələri yaşayır”.

Xatırladaq ki, bir müddət öncə Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak Rusiyada partlayışların daha tez-tez olacağı barədə xəbərdarlıq edib.

İRAN VƏ ABŞ MƏHBUS MÜBADİLƏSİNDƏ RAZILIĞA GƏLİB

ABŞ və İran “beşə beş” formatında məhbus mübadiləsinə dair razılaşma əldə ediblər. Bu barədə “Trend” agentliyinin məlumatında qeyd olunur.

Verilən xəbərə əsasən, mübadilə çərçivəsində rəsmi Tehran Vaşinqtondan 6 milyard dollar alacaq və bu vəsaiti humanitar əməliyyatlara sərf edə biləcək.

Eyni zamanda, İran prezidentinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi sosial şəbəkə hesabında bildirib ki, ABŞ-ın məhbus vətəndaşları sözügedən vəsaitin hamısı köçürülməyənə kimi İranda qalacaqlar.

Razılaşmaya əsasən, ABŞ-da həbsxanada saxlanılan beş İran vətəndaşı sərbəst buraxılacaq. İran həbsxanasından artıq dörd ABŞ vətəndaşı sərbəst buraxılıb. Bir nəfər amerikalıya isə ev dustaqlığı verilib.

Bununla yanaşı, ABŞ İrana qarşı sanksiyaları yüngülləşdirmək niyyətində olmadığını bildirib.

Qeyd edək ki, ABŞ və İran arasında məhbus mübadiləsinə dair müzakirələr iyun ayında başlamışdı.

QƏRBİ AFRİKA ÖLKƏLƏRİ NİGERƏ HƏRBİ MÜDAXİLƏNİ DƏSTƏKLƏYİB

Qərbi Afrika İqtisadi Birliyinə (ECOWAS) üzv dövlətlərin başçıları Nigerdə mümkün qədər tez hərbi əməliyyata başlamaq barədə razılığa gəliblər. “Report” agentliyinin xəbərinə görə, bunu Fil Dişi Sahili Respublikasının prezidenti Alassan Uattara açıqlamasında bəyan edib.

“Qərargah rəisləri məsələləri yekunlaşdırmaq üçün daha bir neçə konfrans keçirəcəklər, lakin əməliyyatın mümkün qədər tez başlaması üçün dövlət başçılarının razılığı var”, - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, Qərbi Afrika İqtisadi Birliyinin sammitində təşkilata üzv ölkələrin liderlərinə qurumun ehtiyat qüvvələrinin dərhal hazır vəziyyətə gətirilməsi tapşırılıb.

Eyni zamanda, Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat Qərbi Afrika İqtisadi Birliyinin Nigerdə hərbi əməliyyata başlamaq qərarını dəstəkləyib. M.F.Mahamat Nigerdəki mövcud vəziyyətdən narahatlığını ifadə edib, prezident Məhəmməd Bazumu, onun ailə üzvlərini və hökuməti dərhal azad etməyə çağırıb.

“EL-NİNYO” İNSANLARIN SAĞLAMLIĞINA CİDDİ TƏSİR GÖSTƏRƏCƏK

“El-Ninyo” iqlim fenomeni bu il bütün dünyada insanların sağlamlığına ciddi təsir göstərəcək. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məruzəsində qeyd olunur.

“Davam edən “El-Ninyo” fenomeni böyük ehtimalla qlobal miqyasda sağlamlıq üçün ciddi nəticələrə malik olacaq”, - deyə sənəddə vurğulanır.

Eyni zamanda, məruzədə yaxın aylarda ən ciddi təhdidlərin ərzaq çatışmazlığı ilə bağlı olacağı bildirilir.

ÜST müxtəlif xəstəliklərin, o cümlədən, malyariya və vəbanın inkişaf ehtimalının yüksək olduğu qənaətindədir.

Qeyd edək ki, bundan əvvəl Ümumdünya Meteorologiya Təşkilatının verdiyi proqnoza görə, növbəti beş il ərzində qlobal temperatur rekord həddə çatacaq. Bunun səbəbləri olaraq istixana qazları və okean cərəyanlarının fazasının “La-Ninya”dan “El-Ninyo”ya keçməsi göstərilib.

RUSİYADAN TÜRKİYƏDƏ YARADILACAQ QAZ MƏRKƏZİ İLƏ BAĞLI AÇIQLAMA

Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski Türkiyədə yaradılacaq qaz mərkəzi ilə bağlı açıqlama verib. “Teleqraf.com”un xəbərinə görə, Rusiya rəsmisi layihənin təfərrüatları barədə ən yüksək səviyyədə məsləhətləşmələrin aparıldığını diqqətə çatdırıb.

Məlumata əsasən, Dmitri Biriçevski qaz paylama mərkəzinin qurulacağı ölkə üçün Türkiyənin seçilməsinin təsadüfi olmadığını vurğulayıb.

“Türkiyənin Avropa üçün tranzit ölkə kimi rolu bu yaxınlarda “Türk Axını” təbii qaz kəmərinin istifadəyə verilməsi ilə əhəmiyyətli dərəcədə artıb”, - deyə Dmitri Biriçevski bildirib.

Eyni zamanda, Dmitri Biriçevski Rusiya ilə Türkiyə arasında təbii qaz sahəsində əməkdaşlığın strateji xarakter daşıdığını və siyasi konyukturaya tabe olmadığını bəyan edib.

ALMANİYA UKRAYNAYA BU RAKETLƏRİ GÖNDƏRMƏYİN YOLLARINI ARAŞDIRIR

Almaniya hökuməti yaxın aylarda Bundesverin (Almaniya Silahlı Qüvvələri) ehtiyatlarından Ukraynanı uzaqmənzilli “Taurus” qanadlı raketləri ilə təmin etməyin yollarını araşdırır. “Report” agentliyinin məlumatına görə, bu barədə “Der Spiegel” jurnalı yazıb.

Nəşrin xəbərinə görə, hazırda müdafiə sənayesi nümayəndələri ilə yüksək səviyyəli danışıqlar aparılır. Almaniya kansleri Olaf Şolts “Taurus”a texniki modifikasiyalar edərək, Ukraynanın Rusiya ərazisini uzaqmənzilli silahlarla vurması ehtimalını tamamilə aradan qaldırmaq istəyir.

Məlumata əsasən, kansler hələ də münaqişənin gərginləşməsindən narahatdır. Son bir neçə həftə ərzində Almaniya Müdafiə Nazirliyi “Taurus” istehsalçısına qanadlı raketlərdə hədəf proqramlaşdırmada müvafiq məhdudiyyətin daxil edilməsi xahişi ilə müraciət edib.

Mütəxəssislərin fikrincə, sistemin bu cür məhdudlaşdırılması mümkündür, lakin bir neçə həftə çəkəcəkdir. Odur ki, Olaf Şolts yalnız texniki modifikasiyaya əmin olduqdan sonra raketin Kiyevə çatdırılmasına razılıq vermək niyyətindədir.

KORONAVİRUSUN YENİ NÖVÜ 48 ÖLKƏDƏ AŞKAR EDILIB

İyulun 10-dan avqustun 6-na qədər dünyada 1,5 milyona yaxın insan koronavirusa yoluxub. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb.

Açıqlamaya əsasən, həmin dövr ərzində 2560 nəfər dünyasını dəyişib. Bildirilir ki, daha əvvəlki 28 günlə müqayisədə “COVID-19”a yoluxma halları 80 faiz artsa da, ölüm halları 57 faiz azalıb.

Bununla yanaşı, ÜST-ün məlumatında hazırda dünyada “Omicron” ştamının “EG.5” variantının yayılması da qeyd olunub. Avqustun 9-na olan məlumata görə, sözügedən variant artıq 48 ölkədə aşkar olunub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.