Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

"Stendal sindromu" nədir?

İnsanın siması kimi psixologiyası da çox fərqlidir. Hər birimizin həyatında bizə qəribə təsir edən hadisələr baş verir. Bunlardan biri də "Stendal sindromu"dur. Bəs nədir "Stendal sindromu"?

"Stendal sindromu" psixoloji pozulma hesab olunur. Tez-tez ürək döyüntüsünün artımı, baş fırlanması, hallusinasiya halları bu sindromun xarakterik cəhətidir. Sindromun simptomları həm mədəniyyət obyektlərinin, həm də təbiətin hədsiz gözəlliyindən ortaya çıxa bilir: bunlara təbiət hadisələri, heyvanlar, bir sözlə, inanılmaz dərəcədə gözəl olan hər şey daxildir.

Bu sindromun adı XIX əsrin məşhur fransız yazıçısı Stendalın adından götürülmüşdür. Belə ki, Stendal əsərinin birində Florensiyaya səfəri zamanı yaşadığı təəssüratları təsvir etmişdir: "Müqəddəs Xaç kilsəsindən çıxdıqda ürəyim sürətlə döyünməyə başladı, həyat gücümün tükəndiyini hiss etdim və yıxılmaqdan özümü güclə qorudum. Mən böyük ehtiras və ilhamla yaradılmış incəsənət nümunələrini gördükdən sonra ətrafımdakı hər bir şey öz mənasını itirməyə başladı".

Florensiyadakı Uffis qalereyasına gələn insanlarda sindromun əlamətləri görünsə də, o yalnız 1979-cu ildə italyan psixiatr Qraçiell Maqerin tərəfindən təsvir edilib. Belə ki, həmin şəxs Florensiyaya gələn yüzdən çox turisti ayrı-ayrı izləmiş, onlardakı qəribəlikləri müşahidə etmişdir.

Sindromun daha geniş vüsət alması isə Florensiyada, intibah dövründə əlliyə yaxın muzeyin açılması ilə başlayır. Rəssamların əsərləri nümayiş etdirilən sərgiyə gələn müştərilərin duyğuları qabarır, hissləri cuşa gəlir. Bununla da, yəni fəzada göstərilən təsvirlərlə inanılmaz dərəcədə bütün emosiyaların açılması baş verir. Bu sindroma tutulanların sayı az olsa da, Florensiya muzeyinin keşikçiləri qurbanlara necə hərəkət etmələrini öyrətməyə başlayırlar.

 

Kolbasanın istehsal tarixi

Müasir dövrdə insanların çoxunun gündəlik qida rasionunun zəruri hissəsinə çevrilən sosiska və kolbasanın istehsal tarixi çox qədim zamanlara gedib çıxır. Təxminən iki min il yaşı olan bu məhsul keçmişdə müasir dövrdə olduğu kimi, cürbəcür forma və növlərdə hazırlanmırdı.

Kolbasaya oxşayan yemək haqqında ilk məlumat "The Orya" və ya "The Sausage" adlı qədim yunan pyesində verilib. Bu pyes eramızdan əvvəl 500-cü ildə yazılıb. Ondan sonra bu sözə tez-tez yunan yazılarında rast gəlinib. Katolisizmin çiçəkləndiyi dövrdə bu məhsul dindarlar üçün ən sevimli yeməklərdən birinə çevrilmiş, bayramlarda ondan daha çox istifadə etməyə başlamışlar.

Müasir "kolbasa" (sausage) sözü "salsus" latın sözündən əmələ gəlib, duzlu deməkdir. Çox güman ki, keçmiş vaxtlarda bu terminin daha geniş mənası olub və bizim təsəvvürümüzdə olduğu kimi, yalnız sosiska və kolbasaya deyil, bütün duzlu və ya sadəcə konservləşdirilmiş ətə aid edilirdi. O vaxtlarda əti soyuq yerdə saxlamaq mümkün deyildi və kolbasa istehsalı (bişmiş və hisə verilmiş) yaxşı üsul idi. Əsrlər keçdikcə insanlar kolbasa istehsalı prosesini daha da təkmilləşdirdilər. Belə ki, coğrafi mövqedən asılı olaraq dünyanın müxtəlif yerlərində bu və ya digər iqlimə uyğun olan kolbasaların müxtəlif reseptləri meydana gəlmişdir. Şimali Avropanın soyuq regionları üçün çiy kolbasalar daha uyğundur, çünki çiy ət xüsusi dondurma olmadan uzun müddət qala bilir. İsti aylarda isə əti saxlamaq üçün hisə vermək üsulundan istifadə olunurdu. Güman edilir ki, çiy hisə verilən kolbasalar məhz bu cür meydana gəlib. Zaman keçdikcə bu və ya digər şəhərlərdə yaşayan insanlar öz reseptlərini icad etməyə və hazır məhsula gözəl səslənən və yaddaqalan adlar verməyə başlayıblar. Beləliklə də Vyana, İtaliya, ingilis kolbasaları meydana gəlib.

 

İt, yoxsa pişik?

Adətən it həvəskarları ilə pişik saxlamaq istəyənlərin arasında sanki gizli mübarizə gedir. Hərə öz seçimində haqlı olduğunu düşünür. Lakin elm adamları heyvansevərlərə müjdə olan araşdırmanın nəticəsini təqdim edib.

Təxminən 1000 nəfərə yaxın universitet tələbəsinin iştirak etdiyi araşdırmada it və pişik sevərlərin fərqli və ortaq xüsusiyyətləri ortaya qoyulub.

Araşdırmanın nəticələri göstərib ki, it həvəskarları təbiət baxımından daha itaətkardır. Onlar "qaydalara uyğun davranmağa", pişik sevənlər isə "cəmiyyət qaydalarına uymaqdan daha çox, qaydaları özlərinə uyğunlaşdırmağa" meyillidirlər.

Tədqiqatlar zamanı pişik və it sevən insanlara zəka testi tətbiq olunub. Nəticədə it həvəskarları daha yüksək bal toplayıblar. Bundan əlavə, it həvəskarlarının daha çox dostsevər və enerji dolu olduqları məlum olub. Pişik sevənlərdə isə eyni xüsusiyyətlər aşkarlanmayıb. Təcrübə nəticəsində həmçinin məlum olub ki, pişik sevənlər sevgi, it həvəskarları isə dostluq axtarırlar. Belə ki, pişik sahibləri daha həssas olduqları üçün heyvanlarından sevgi gözləyir, it sahibləri isə dostluq. Tədqiqatçıların fikrincə, insanlar heyvanlarını öz şəxsiyyətlərinə görə seçmiş ola bilərlər. Məsələn, pişiklər özlərini qoruyan, müstəqil heyvanlar kimi tanınırlar. Araşdırmalara görə, pişik sevənlərin üçdəbiri tək, it həvəskarları isə ailəsi ilə birlikdə yaşamağa üstünlük verir. Belə qənaətə gəlinib ki, it həvəskarları pişik sevənlərə nisbətən daha ağır xarakterli və hakimiyyət düşkünüdürlər.

Qeyd edək ki, heyvanlar haqqında aparılan tədqiqatda iştirak edənlərin 60 faizi it, 11 faizi pişiyi seçib. Qalanlar isə ya ikisini də sevir, ya da ümumiyyətlə, heç bir heyvanı sevmir. Bu da onu göstərir ki, it həvəskarları daha çox üstünlük təşkil edir.

 

Barmaq şaqqıltısının səbəbləri

Elə insanlar var ki, gün boyu barmaqlarını şaqqıldatmağa vərdiş edib. Çoxlarımız bunun səbəbini sümüklərin boşalması, kalsium çatışmazlığında görürük və eşidilən həmin səsin isə sümüklərdən çıxan səs olduğunu düşünürük. Əslində isə bu, belə deyil...

Ən çox və asanlıqla şaqqıldayan yerlər oynaq yerləridir. Bu tip oynaq yerlərində, misal olaraq, barmaqlarda iki sümüyün birləşdiyi yerdə bir bağlantı kapsulu var. Barmaqlarınız gərilərkən bu kapsul da gərilir. Bu kapsulun içində sümüklərin hərəkəti zamanı onları yağlayan bir maye olur. Mayenin tərkibində ərimiş halda oksigen, karbondioksid və nitrogen qaz qabarcıqları var. Barmaqlarımızı şaqqıldadarkən mayenin təzyiqi azalır və qaz qabarcıqları partlamağa başlayır.

Buna görə barmaqlarımızı şaqqıldadarkən eşidilən sümüklərin deyil, bu qabarcıqların partlamasının səsidir. Partlayan qabarcıqlar nəticəsində qazlar bu mayeni tərk edir və maye daha da genişlənir, oynaq yerlərinin hərəkət qabiliyyətini artırır. Yəqin fikir vermisiniz ki, eyni barmağı ikinci dəfə şaqqıldatmaq üçün gözləməli olursunuz. Çünki qazların yenidən mayeyə daxil olması bir az zaman alır.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".