Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

İsmayıl Şıxlı

Onun adı gələndə ilk yada düşən isim "Dəli Kür" romanındakı Cahandar ağa obrazı olur. Cahandar ağa onun ana tərəfdən babasının prototipi olsa da, elə özü də yaratdığı obraz kimi hökmlü, mərd, yaxşını yamanın ayağına verməyən biri idi. Söhbət "Ayrılan yollar", "Dəli Kür" kimi bir çox məşhur romanları ilə geniş oxucu kütləsinin rəğbətini qazanmış böyük yazıçımız İsmayıl Şıxlıdan gedir... Uşaqdan-böyüyə hər kəsin yaxşı tanıdığı, sevərək oxuduğu bu yazıçı qələmə aldığı əsərləri, bədii yaradıcılığı ilə yanaşı, pedaqoji və ictimai fəaliyyəti ilə də adını Azərbaycan ədəbiyyatı tarixinə əbədi həkk etdirməyi bacarıb...

Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olan yazıçı ibtidai təhsilini Kosalar kəndində başa vurmuş, Qazax pedaqoji məktəbinə daxil olmuşdur. Bu mühit onu qələmlə, ədəbiyyatla daha yaxından tanış edir, ürəyinə bitib-tükənməz söz sevgisini salır. Yazıçı müsahibələrinin birində bu faktı belə təsdiqləyir: "Qazax seminariyasına qəbul olub, qələm tərəfə baxmamaq, gizlicə ona sarılmamaq mümkün deyil. Elə bil ki, oranın ab-havası özü adamı dingildədir, canından, qanından söz-söhbət, od-alov qoparmaq istəyir. Ədəbi ocağa bənzəyən hər addımda Firudin bəy Köçərlinin, Əli Hüseynin, Səməd Vurğunun, Osman Sarıvəllinin adıçəkilən bir yerdə hünərin var lal-pitik ol. Üstəlik, ədəbiyyat müəllimlərimizdən S.Vurğunun, O.Sarıvəllinin dostları Mirqasım, Əli, Sarı Hüseyn kimi müəllimlər gənc ürəklərimizi körük kimi basırdılar".

Ömrü boyu təqiblərə məruz qalan İsmayıl Şıxlı İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olub. Müharibə onun həyatında pozulmaz izlər buraxıb.

O, qohumu Ümidə xanımla nişanlansa da, yalnız 7 il sonra ailə həyatı qurub. Belə ki, nəsillər arasına qan davası düşdüyündən cütlük yalnız barışıq olduqdan sonra evlənə bilib. Onların bu evlilikdən Elçin və Fərrux adında iki oğlu dünyaya gəlib.

Təmkinli danışığı, həlim səsi, astagəl yerişi, hətta baxışı və zahiri yaraşığı ilə də seçilən yazıçı toylarda inanılmaz dərəcədə gözəl rəqs etməyi bacarıb. Daha çox "Ruhani" havasına oynayarmış. Hətta bir tələbəsi ona dəlicəsinə vurulubmuş, maraqlıdır ki, həyat yoldaşı da bunu bilirmiş. Evdə xasiyyəti sərt olsa da, bütün ailə üzvləri ürəyindən keçənləri çox rahat şəkildə ona danışırmış.

Deyirlər, onun dediyi fənnə sevgisi olmayan tələbələr belə, dərsləri İsmayıl Şıxlıya hörmət və ehtiramdan yana əla oxuyarmışlar. Ömrü boyu "tələbə payı", "semestr sezonu" kimi çirkablardan uzaq olmuş bu insan öz halal qazancı hesabına bəzi tələbələrinə (neçə illər yalnız ən yaxın həmkarlarına bəlli olan) təqaüd də kəsibmiş. Şərti olaraq "İsmayıl Şıxlı" adlanan bu təqaüdü İsmayıl müəllim "əşhədi-ehtiyacı" olan (və bundan çox-çox sonralar xəbər tutan) tələbələrinə verdirirmiş… Deyilənə görə İsmayıl Şıxlının istər evinə, istər rəhbərlik etdiyi kafedraya gələnlərin ən səmimiyyətsizləri belə, həmin ünvanlardan böyük səmimiyyət yüküylə ayrılarmış...

Bir dəfə Xalq şairi Qabil təzə "Moskviç" alır. Yaxşı sürə bilmədiyi üçün heç kim minmirmiş onun maşınına. Bir gün hansısa tədbirə gedəndə İsmayıl Şıxlı Qabilin maşınına oturur, Qabil çox sevinir. Bu vaxt İsa Muğanna onların yanından keçirmiş, İsmayıl Şıxlı başını pəncərədən çıxarıb deyir: "İsa, evdən soruşsalar, deyərsən, Qabilin maşınına mindi. Gəlməsəm, narahat olmasınlar".

Ömrünün son illərində şəkər xəstəliyindən gözləri tutulan İsmayıl Şıxlı, sonuncu əsəri olan "Ölən dünyam"ı həyat yoldaşına diktə edərək yazdırıb. Sonra bir dəfə də oxutdurub qulaq asıb və deyib: "Hə, indi rahat ölə bilərəm". 76 yaşında vəfat edən yazıçı ölüm ayağında heç bir vəsiyyət etməyib, amma övladlarına son sözü bu olub: "Adam olun, kişi kimi yaşayın!".

 

İsaak Levitan

İsaak İliç Levitanı ola bilər ki, kimlərsə tanımasın, şəklini, fotosunu görəndə "eh, görəsən hansı rus kişisidir" - desin, amma ola bilməz ki, onun simasını tanımayanlar belə haçansa, hardasa adını eşitməsinlər. Və yaxud onun çəkdiyi rəsm əsərlərindən hansınasa uzun-uzadı diqqətlə baxmasınlar və baxa-baxa, "ilahi, qüdrətinə şükür" - ifadəsini dillərinə gətirməsinlər... Çoxlarının tanımadığı bu rəssam böyük rus rəssamı, mahir peyzaj ustasıdır. Rəssamlıqda "əhvali-ruhiyyə peyzajları" janrının yaradıcısı olan bu böyük sənətkar cəmi 40 il yaşayıb...

Tale elə gətirib ki, ziyalı yəhudi ailəsində dünyaya gələn bu rəssamın doğum və ölüm tarixləri üst-üstə düşüb. Deyilənə görə 40 yaşında dünyasını dəyişən Levitanı öldürən əsas baiskar arvadlar imiş. Əslində çox yaraşıqlı biri olan Levitan ömrü boyu gözəl xanımlardan qaçıb. Bəs nə idi buna səbəb, onu bilirsinizmi? Sən demə, rəssamın yeniyetmə çağlarında mübtəla olduğu ürək xəstəliyinə görə həkimlər nəinki qadınlarla bir yerdə olmağı, hətta onlara sarı baxmağı belə ona qadağan ediblərmiş... Levitan da bu məsləhətlərə qulaq asır və necə deyərlər az qala bir sufi həyatı yaşayırmış. Elə onun "ruhi peyzajlar"ı da məhz bu səbəbdən yaranan əsərlərdir. Ən yaxın dostu Anton Pavloviç Çexov tərəfindən "diri dahi" adlandırılan rəssam adamlardan qaçır, təskinliyini təbiətdə tapırdı. Ancaq onun ürək xəstəliyi şiddətləndikcə səbrini itirməyə başlayır… O, iki dəfə özünə qəsd edir və hər iki cəhdi xoşbəxtlikdənmi, yaxud sırf təsadüfdənmi uğursuz alınır.

Onun ölümü ilə nəticələnən hadisə isə Moskvada baş verir. Bu "faciəvi hadisə"nin səbəbkarı isə Sofiya Kuvşinski adlı qadın olur. Əslində Sofiya bilmir ki, Levitanın həyatına nöqtə qoyası bir adam var və bu adam da elə onun özüdür. Guya incəsənətlə maraqlanan, rəsm əsərləri çəkməyə çalışan bu xanımcığaz Levitandan dərs almağa başlayır. Bu "dərs alma" məsələsi isə əlbəttə ki, Sofiyanın qurduğu oyun idi və o, hər nə olursa-olsun Levitana nail olmağı qarşısına məqsəd qoymuşdu. Levitanla tanışlığa qədər əlinə fırça almayan bu xanımcığaz bütün məharətini işə salır və günlərin bir günü isə nəhayət, öz istəyinə çatır...

Levitanın qohum-əqrəbası həmin gündən Sofiyaya "müharibə" elan edirlər və onun dəfnetmə mərasimində iştirakına razılıq vermirlər. İsaak Levitanın qardaşı Abel hətta onun qəbri üstündə qoyduğu qranit başdaşı üzərinə Sofiyanın gül qoymasını belə qadağan edir, bir neçə dəfə onu rəssamın qəbri üstündən qovur...

 

Karl Fridrix Qauss

Görkəmli alman riyaziyyatçısı, astronom və fiziki, bütün dövrlərin ən istedadlı riyaziyyatçılarından biri Yohan Karl Fridrix Qauss... Ədədlər nəzəriyyəsi, riyazi analiz, differensial həndəsə, geodeziya, elektrostatika, astronomiya və optika elmlərinə misilsiz töhfələr vermiş bu dahi şəxsiyyəti müasirləri "Riyaziyyatçıların şahı" adlandırırlar. Onun əsərlərindən hər gün istifadə edirik - bunları saymaqla bitməz. Məsələn: saniyəni zaman vahidi, qramı kütlə vahidi və santimetri uzunluq vahidi kimi qəbul etməyimiz məhz Qaussun sayəsindədir. Üstəlik, Qauss teleqrafı da ilk kəşf edənlərdəndir.

Dahi riyaziyyatçı kasıb bir alman ailəsində dünyaya gəlib. Anası savadsızlığı səbəbindən oğlunun doğum tarixini yaza bilmədiyindən (yalnız onun Pasxadan 40 gün sonra keçirilən bayramdan, səkkiz gün öncə doğulduğunu xatırlayıb) Qauss bunu özü hesablayıb tapıb.

Hələ 3 yaşında ikən yaşıdlarından seçilən Karl valideynlərinə cürbəcür suallar verirdi. Ata-anası isə səbirlə onun bütün suallarına cavab verməyə çalışırdı, amma sualların ardı-arası kəsilmirdi. Hətta bir dəfə fəvvarə ustası işləyən atasının hesablamalarında səhv də tapmışdı. Onda onun cəmi beş yaşı vardı...

Məktəbdə oxuyanda da Karl hamını öz dərrakəsi və məntiqi ilə heyran etməyi bacarmışdı. O zamanlar məktəblərdə şagirdlərə fiziki cəza verilməsi adi bir hal idi. Uşaqlar əlində qamçı sinifdə gəzən müəllimdən qorxaraq dərslərini səylə oxuyurdular. Bir dəfə müəllim dərsdə uşaqlara 1-dən 100-ə qədər ədədləri toplamağı tapşırır. Həmin dövrdə yazı yazmaq üçün məktəblərdə kağız-qələmdən yox, kiçik taxta lövhələr və tabaşirdən istifadə edirdilər. Hər kəs 1-dən 100-ə qədər ədədləri lövhəyə yazıb toplamalı idi.

Bir neçə dəqiqədən sonra Karl tapşırığı yerinə yetirdiyini və cavabı tapdığını söyləyib lövhəsini müəllimin yazı masasına qoyur. Müəllim şübhə ilə ona baxır, hətta hədələyir: "Səhv olsa...", - başı ilə qamçını göstərir. Uşaq cəsarətlə deyir: "Bağışlayın, cənab müəllim! Mən düz hesablamışam!". Dərsin sonuna qədər bütün şagirdlər tapşırığı yerinə yetirib lövhələrini müəllimə verirlər. Müəllim tapşırığı yoxlayıb heyrətə gəlir: hamının cavabı səhv idi, Karlın cavabından başqa. Onun lövhəsində "5050" yazılmışdı. Müəllim çox təəccüblənir: 10 yaşında uşaq bir neçə dəqiqəyə bu cəmi necə hesablamışdı?

Ağıllı Karl başa düşmüşdü ki, 1-dən 100-ə qədər ədədlər sırasında 1-ci və sonuncu, 2-ci və sonuncudan əvvəlki, yəni kənardan eyni uzaqlıqda olan ədədlərin cəmi eynidir: 1+100=101; 2+99=101, 3+98=101... Beləliklə, o, ədədləri cüt-cüt toplayaraq 50 dənə 101 almış, 50-ni 101-ə vuraraq cavabı asanlıqla tapmışdı: 5050. Bu, balaca istedadın ilk riyazi kəşfi idi.

Riyaziyyatdan əlavə, Qaussun dil qavraması da çox güclü idi. Belə ki, o, bir neçə dili mükəmməl bilməsinə baxmayaraq, Lobaçevskinin əsərlərini daha dərindən tədqiq etmək üçün 62 yaşında rus dilini də öyrənməyi bacarmışdı. 78 yaşında vəfat edən riyaziyyatçı ömrünün sonuna qədər hesablamaların çox hissəsini, vərdiş etdiyi kimi, beynində aparıb. Hətta pərgar və xətkeşin köməyilə düzgün 17 bucaqlını quran Qauss vəfatından sonra heykəlinin də 17 bucaqlı postament üzərində qoyulmasını vəsiyyət edib...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".