Mükəmməl mürəkkəb memarlıq
Maraqlı

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Yas Viceroy" otelinin binası

Dünya memarlığının şah əsərlərindən biri olan "Yas Viceroy" otelinin binası Əbu Dabi şəhərinin tam mərkəzində inşa olunub. Yas adasında  yerləşən əsas binadan və suyun üstündəki "Marina Tower" qanadından ibarət olan  kompleks yeganə memarlıq abidəsidir ki, Formula 1 yarış trekinin üstündə tikilib. "Asymptote Architecture" memarlıq bürosu tərəfindən layihələndirilən binanın dizaynerləri Hani Rashid və Liz Ann Couture olub. Xarici görünüşü nəhəng balinaya bənzəyən otelin açılışı 2009-cu ilin noyabrında Formula 1 yarışlarının keçirildiyi vaxta təsadüf edib. 

Əbu Dabinin simvoluna çevrilən 12 mərtəbəli unikal bina bir-birinə körpü vasitəsilə birləşdirilib. Ümumi sahəsi 85000 kvadratmetr olan binanın fasadını avstriyalı mütəxəssis podratçı Vaqner Biro layihələndirib. Qəfəs şəklində dizayn edilən kompleksin damında polad və şüşə elementlərdən istifadə olunub. Futuristik bina, həmçinin xüsusi işıqlandırma sistemi ilə də təchiz edilib. Məhz bu işıqlandırma sayəsində  "Yas Viceroy" oteli "AL Lighting Design Award", 2010-cu ildə isə Nyu-Yorkda keçirilən "Texniki Mükəmməllikdə Xüsusi Nailiyyət" mərasimində "IES Lumen" mükafatına  layiq görülüb.

 

Həvari Pyotr və Müqəddəs Yelena ibadətgahı

Kiprin ən orijinal tikililərindən biri olan Həvari Pyotr və Müqəddəs Yelena ibadətgahı Pafos şəhərinin müqəddəs Teodor kilsəsinin ərazisində yerləşir. Tikintisi 2015-ci ildə başa çatan ibadət evi müasir standartlara cavab verdiyi üçün "Kiprin ən futuristik məbədi" adlandırılır. Ənənəvi məbədlərdən fərqlənən dini kompleksin memarları  Mixalis və Odisseas Georgiu qardaşları və  Teresa Kvokdur. 

Müasir üslubda inşa edilmiş  məbədin hamar həndəsi formalarına uyğun uzunsov pəncərə quraşdırılıb. Çox sadə üslubda dizayn edilən kilsənin  fasadında və interyerində yenilikçi detallara üstünlük verən memarlar bəzək və freskalardan istifadə etməyib. Məbədin bütün hündürlüyü boyunca uzanan qalxanabənzər alüminium dirəklərə isə məbədin zəng qülləsi birləşdirilib. Dini kompleksin giriş qapısı  tikilinin qərb hissəsində yerləşdirilib. 

Bu gün Kiprin ən əsas turistik məkanlarından birinə çevrilən Həvari Pyotr və Müqəddəs Yelena  ibadətgahını hər il saysız-hesabsız insan ziyarət edir.

 

"İNG Group" şirkətinin qərargahı

Maliyyə sektorunun ən nüfuzlu korporasiyalarından biri olan "İNG Group" (Internationale Nederlanden Groep)  şirkətinin qərargahı Hollandiyanın paytaxtı Amsterdamda inşa olunub. Şəhərin ümumi arxitekturası ilə vəhdət təşkil edən qeyri-adi bina yerli əhali arasında "Polad çəkmə" adlandırılıb. Hollandiyanın ən bahalı tikililərindən biri olan "İNG Group" kompleksinin layihəsini məşhur memar Meyer en Van Schooten hazırlayıb. Futuristik dizayna malik bank binasının tikinti işləri 2001-ci ildə başlayıb.

Ənənəvi "qutu" şəklində tikilən binalardan fərqli olaraq, "İNG Group" şirkətinin qərargahı maraqlı və qeyri-standart formada dizayn edilib. Şüşə və poladdan hazırlanan binanın fasadı alüminiumla üzlənib. Nəhəng kompleks bir neçə beton dirək üzərində ucaldılıb. Xüsusi işıqlandırma sistemi ilə təchiz edilən binaya led lampalar quraşdırılıb. Kosmik gəmini  xatırladan bank binasının ərazisində, həmçinin insanların səmərəli vaxt keçirməsi üçün geniş park salınıb.  

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".