DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

BMT-NİN BAŞ KATİBİ YENİ NÜVƏ SİLAHI YARIŞINI AXMAQLIQ ADLANDIRIB

BMT-nin baş katibi Antonio Quterreş dünyanı məhv etməklə təhdid edən yeni nüvə silahı yarışı ilə bağlı narahatlığını ifadə edib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə qurumun saytında məlumat verilib.

Baş katibin həyəcan təbili çalmasına Şimali Koreyanın Koreya yarımadasında nüvə müharibəsi başlaya biləcəyi ilə bağlı bəyanatları səbəb olub.

Antonio Quterreş nüvə silahlarının genişləndirilməsi və modernləşdirilməsinin onu “şoka” saldığını bildirib. O, öldürücü silahların azaldılması və tamamilə aradan qaldırılması üçün səylərin gücləndirilməsinə çağırıb.

“Nüvə bıçaqları yenidən səs-küy salırlar. Bu axmaqlıqdır. Biz kursu dəyişməliyik. Narahatedici yeni silahlanma yarışı başlayır. Nüvə silahlarının sayı onilliklər ərzində ilk dəfə arta bilər. Nüvə silahından istifadə humanitar fəlakətə gətirib çıxaracaq”, - deyə BMT-nin baş katibi qeyd edib.

Rusiya və ABŞ dünyanın ən böyük nüvə arsenalına sahibdirlər, lakin Çinin sahib olduğu nüvə başlıqlarının sayı da sürətlə artır.

Quterreş hər kəsi heç bir halda nüvə silahından istifadə etməmək öhdəliyinə çağırıb.

RUSİYA XİN ERMƏNİSTANI HƏDƏLƏDİ

Ermənistanın Roma Statutunu ratifikasiya etməsi ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən qeyd edilib ki, İrəvanın

Roma Statutunu ratifikasiya etməsindən sonra Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfərini təsəvvür etmək çətin olacaq.

Ermənistan parlamentinin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sentyabrın 28-də Roma Statutunun ratifikasiyası haqqında qanun layihəsini qəbul edib. Məlumata əsasən, Roma Statutunun ratifikasiyası haqqında qanun layihəsini baxılması üçün parlamentin gündəliyinə salınacaq.

Komissiyanın sədr müavini Arusyak Culakyan bildirib ki, komissiyanın iclasında iştirak edənlərin hamısı bu qanun layihəsinin qəbul edilməsinə və parlamentin iclaslarının gündəliyinə daxil edilməsinə səs veriblər.

Qeyd edək ki, Ermənistan parlamenti sənədi ratifikasiya edəcəyi təqdirdə Vladimir Putinin Ermənistan ərazisinə səfər etməsi mümkün olmayacaq.

TÜRKİYƏ “TESLA” VƏ “SPACEX” ŞİRKƏTLƏRİLƏ ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRIR

Türkiyə “Tesla” və “SpaceX” şirkətlərilə əməkdaşlığı genişləndirməyi hədəfləyir. “Trend”in məlumatına görə, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır bildirib.

““Tesla” 800 milyard dollarla özündən sonra gələn bir çox avtomobil markasından daha çox gəlir əldə edib. Şirkətin elektrikli avtomobillərə digərlərindən daha erkən sərmayə qoyması şirkətə bu üstünlüyü qazandırıb”, - deyə nazir əlavə edib.

Nazir “Tesla” nın bəzi tədarükçülərinin Türkiyədən olduğunu və İlon Maskın bundan razılığını da diqqətə çatdırıb.

Məlumat üçün qeyd edək ki, 17 sentyabr tarixində Nyu-Yorkda “Tesla” və “SpaceX” şirkətinin qurucusu İlon Mask və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.

MƏRAKEŞDƏ ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ ÖLƏNLƏRİN SAYI 3 MİNƏ YAXINLAŞIR

Mərakeşdə baş verən şiddətli zəlzələ nəticəsində ölənlərin sayı 2960 nəfərə yüksəlib. “Report” agentliyinin məlumatına görə, bu barədə ölkə hökumətinin sözçüsü Mustafa Baytas Nazirlər Kabinetinin iclasından sonra açıqlayıb.

Ərazidə işlərin davam etdiyi bir vaxtda dağılmış evlərin sayılması prosesinin müxtəlif payçılar arasında koordinasiya əsasında aparıldığını qeyd edən mətbuat katibi hökumətin zərər çəkmiş evlərin hesablanmasını gələn ayın sonuna qədər başa çatdıracağına ümid etdiyini vurğulayıb.

Mətbuat katibinin sözlərinə görə, hesablama prosesi başa çatdıqdan sonra bir il ərzində zəlzələdən zərər çəkmiş hər ailəyə aylıq 2500 dirhəm (250 ABŞ dolları) məbləğində ödəniş ediləcək.

Xatırladaq ki, Mərakeş Milli Geofizika İnstitutundan verilən açıqlamaya görə, 7 bal gücündə zəlzələ sentyabrın 7-də yerli vaxtla saat 23:11-də baş verib.

BAYDEN TÜRKMƏNİSTANLA TƏRƏFDAŞLIĞI GENİŞLƏNDİRMƏYƏ ÜMİD EDİR

ABŞ Türkmənistanla tərəfdaşlığını genişləndirməyə və artırmağa ümid edir. “Report” agentliyinin xəbərinə görə, bu barədə ABŞ prezidenti Cozef Bayden türkmənistanlı həmkarı Sərdar Berdiməhəmmədova Mərkəzi Asiya ölkəsinin Müstəqillik Günü münasibətilə təbrikində bildirib.

“Biz iqlim böhranını aradan qaldırmaq və metan emissiyalarını azaltmaq üçün birlikdə işləyirik. Gələn il tərəfdaşlığımızı daha da artırılmasına və genişlənməsinə ümid edirəm”, - deyə ABŞ lideri vurğulayıb.

Cozef Bayden qeyd edib ki, ABŞ və Türkmənistan regionda təhlükəsizlik və sabitliyin təmin edilməsinə, o cümlədən terrorizmlə mübarizəyə töhfə verirlər. O, ABŞ xalqı adından Berdiməhəmmədova və türkmən xalqına ən xoş arzularını çatdırıb.

Xatırladaq ki, Türkmənistan sentyabrın 27-də müstəqilliyinin 32-ci ildönümünü qeyd edib. 1991-ci ildə Türkmənistan SSR Ali Soveti ümumxalq səsverməsindən sonra “Türkmənistanın müstəqilliyi və dövlət quruluşunun əsasları haqqında” konstitusiya qanunu qəbul edib və Türkmənistan müstəqil dövlət olub.

LUKAŞENKO: ƏSAS VƏZİFƏMİZ DÜNYA MÜHARİBƏSİNİN QARŞISINI ALMAQDIR

“Dünyanın hazırda çoxqütblülük istiqamətində müşahidə olunan hərəkəti geridönülməz prosesdir”. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Lukaşenko Minskdə 11 xarici ölkənin səfirlərinin etimadnaməsini qəbul edərkən deyib: “Bu gün bütün dünya davamlı olaraq çoxqütblüliyə doğru irəliləyən beynəlxalq münasibətlərin yeni strukturunun formalaşdırılmasının çətin yolundadır. Bu proses dönülməzdir”.

Eyni zamanda, dövlət başçısı vurğulayıb ki, planetdə hörmət və tərəfdaşlıq prinsipləri əsasında seçilmiş dövlətlər arasında deyil, bütün dövlətlər arasında yeni, daha ədalətli və daha ağlabatan qarşılıqlı fəaliyyət qaydası qurulur.

“Bir çox sarsıntılar yaşayan və dəfələrlə hərbi əməliyyatlar meydanına çevrilən Belarus tarixin dərslərini yaxşı öyrəndi. Əsas vəzifəmiz yeni dünya müharibəsinin qarşısını almaqdır”, - deyə Belarus dövlətinin başçısı bildirib.

Prezident həmçinin qeyd edib ki, Belarus həmişə məsuliyyətli xarici siyasət yürüdür, lakin Qərb dövlətləri bunu bəyənmir.

İRAN VƏ QƏTƏR XARİCİ VALYUTA ƏMƏLİYYATLARI İLƏ BAĞLI RAZILIĞA GƏLDİ

İran Mərkəzi Bankı ABŞ-la məhbus mübadiləsi çərçivəsində sərbəst buraxılan təxminən 5,6 milyard avroluq valyuta ehtiyatlarından istifadə etmək üçün Qətərlə bank əməliyyatlarına başlamaq üçün razılığa gəlindiyini açıqlayıb. Bu barədə “TRT” telekanalı “IRNA” agentliyinə istinadən məlumat yayıb.

Bildirilir ki, Qətərə səfər edən İran Mərkəzi Bankının sədri Məhəmməd Rza Fərzin qətərli həmkarı Bəndər ibn Məhəmməd əl-Sani ilə görüşüb. İki ölkə arasında bank əlaqələrinin müzakirə edildiyi görüşdə ABŞ-la əsir mübadiləsi çərçivəsində azad edilən İranın valyuta ehtiyatlarının istifadəsi üçün lazımi prosedurların başlanmasına dair razılıq əldə olunub.

Xatırladaq ki, 2023-cü il avqustun 10-da ABŞ və İran Amerikada həbs edilən 5 İran vətəndaşının və İranda saxlanılan 5 ABŞ vətəndaşının dəyişdirilməsi və İranın Cənubi Koreyada bloklanan təxminən 6 milyard dollarlıq neft gəlirinə çıxışı barədə razılığa gəliblər.

Vamiq Abbasov,

"Respublika".