DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

KREMLDƏN ERMƏNİSTANIN ROMA STATUTUNUN RATİFİKASİYASINA REAKSİYA

Kreml Ermənistan tərəfindən Roma statutunun ratifikasiyasını ikitərəfli münasibətlər baxımından Rusiya üçün diplomatik həll axtarışı tələb edəcək yanlış addım kimi qiymətləndirib. “Trend” agentliyinin verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Mətbuat katibinin sözlərinə görə, Rusiya erməni xalqını dost xalq hesab edir, lakin rəsmi Moskvanın bu ölkənin rəhbərliyinə sualları var. Dmitri Peskov həmçinin Ermənistan parlamentinin qərarını düşmənçilik kimi qiymətləndirib.

Eyni zamanda, Rusiya XİN bəyan edib ki, Ermənistanın Roma statutunu ratifikasiya etməsi ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq.

Qeyd edək ki, oktyabrın 3-də Ermənistan parlamenti Roma statutunu səs çoxluğu ilə ratifikasiya edib. Belə ki, 60 deputat statutun ratifikasiyasının lehinə səs verib.

Xatırladaq ki, Haaqa tribunalı Rusiya prezidenti Vladimir Putinin həbsinə dair qərar çıxarıb. Beləliklə, Roma statutunun ratifikasiyası ilə Vladimir Putin Ermənistan ərazisinə səfər edərsə, həbs edilə bilər.

HİNDİSTAN VƏ KANADA ARASINDAKI GƏRGİNLİK PİK HƏDDƏ ÇATIB

Hindistan 40-a yaxın kanadalı diplomatdan oktyabrın 10-dək ölkədən çıxmağı tələb edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Financial Times” qəzeti rəsmi mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Hindistan hakimiyyəti göstərilən müddətdən sonra ölkədə qalacaq şəxslərin diplomatik toxunulmazlığını ləğv etməklə hədələyib.

Nəşr yazır ki, Kanadanın Dehlidəki diplomatik missiyasında Hindistanın Ottavadakı diplomatik missiyasından daha çox diplomat var. Lakin hindistanlı diplomatların dəqiq sayı göstərilmir.

Məlumat üçün qeyd edək ki, sentyabrda Kanada baş naziri Castin Trüdonun Hindistan kəşfiyyat xidmətlərinin Kanada Sikx icmasının liderinin qətlində iştirakının mümkün olduğunu elan etməsindən sonra iki ölkə arasında münasibətlər pisləşib.

UKRAYNA SLOVAKİYADAN SİLAH TƏDARÜKÜNDƏN MƏHRUM OLA BİLƏR

Slovakiyada rəsmi Kiyevə hərbi dəstəyə qarşı çıxan müxalifət partiyası “Smer”in hakimiyyətə gəlməsi səbəbindən Ukrayna bu ölkədən mühüm silah tədarükündən məhrum ola bilər. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu açıqlama ilə “Newsweek” nəşrinin şərhçisi Elli Kuk çıxış edib.

Jurnalistin fikrincə, “Smer” partiyasının qələbəsi Rusiya üçün yaxşı xəbər, respublikadan hərbi yardım alan Ukrayna üçün isə həyəcan siqnalı olub.

Nəşrin müəllifi onu da qeyd edib ki, “Smer” fraksiyasının lideri Robert Fiko artıq Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünün dayandırılması barədə söhbət açıb.

Bununla yanaşı, Robert Fiko bildirib ki, Ukraynanın NATO-ya daxil olması çox pis qərar olacaq, çünki bu, gərginliyin artmasına gətirib çıxaracaq və 90-cı illərdə Rusiya ilə ABŞ arasında əldə edilmiş razılaşmaları pozacaq.

ABŞ SENATININ NÜMAYƏNDƏ HEYƏTİ ÇİNƏ SƏFƏRƏ HAZIRLAŞIR

ABŞ senatorlarından ibarət nümayəndə heyəti gələn həftə Çinə səfər edəcək. “Trend” agentliyinin verdiyi xəbərə görə, səfər çərçivəsində onların Çin lideri Si Cinpinlə görüşü nəzərdə tutulur.

Məlumata əsasən, nümayəndə heyətinə hər iki partiyanın - Demokrat və Respublikaçıların nümayəndələri daxil olacaq. ABŞ Senatındakı demokrat çoxluğun lideri Çak Şumerin də Çinə gedəcəyi gözlənilir.

Parlamentarilərin Çin lideri ilə danışıqlarının əsas müzakirə mövzularından biri  çip istehsalçısı olan “Micron Technology” şirkətinin fəaliyyəti olacaq.

Parlamentarilər həmçinin Şanxayda Amerika işgüzar dairələrinin nümayəndələri ilə görüşməyi və onlarla Amerika şirkətləri üçün Çindəki investisiya mühiti ilə bağlı narahatlıqları müzakirə etməyi planlaşdırırlar.

Qeyd edilir ki, Si Cinpinin xarici qanunvericilərlə görüşü rəsmən təsdiqlənməyib.

ABŞ-IN UKRAYNAYA SİLAH TƏDARÜKÜ ÜÇÜN 5,2 MİLYARD DOLLARI QALIB

Pentaqonun büdcəsində Ukraynaya silah və digər təhlükəsizlik yardımları üçün 5,2 milyard dollar qalıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Bildirilir ki, 5,2 milyard dollar təxminən son altı ayda ABŞ prezidenti Cozef Baydenin administrasiyasının Ukraynaya göndərdiyi silahların dəyərinə bərabərdir. Lakin, nəşrin xəbərinə görə, bu vəsait yalnız bir neçə aya yetə bilər.

Məlumata əsasən, 5,2 milyard dollar Rusiyanın hərbi müdaxiləsindən sonra ABŞ-ın Ukraynaya göndərdiyi 43,9 milyard dollarlıq təhlükəsizlik yardımının təxminən 12 faizini təşkil edir.

Eyni zamanda, nəşr qeyd edir ki, ABŞ-ın Ukrayna ordusunun modernləşdirilməsi və NATO ilə uyğunluğunun artırılması üçün uzunmüddətli proqram üçün istifadə etdiyi hesab boşdur.

Bundan əlavə, Ukraynaya yardımdan sonra ABŞ-ın silah arsenalını doldurmaq üçün işlədilən hesab da təxminən 1,6 milyard dollara düşüb. Rəsmilərin sözlərinə görə, bu, Pentaqonun ehtiyacları üçün yetərincə deyil.

QIRĞIZISTAN VƏ TACİKİSTAN DELİMİTASİYA BARƏDƏ YEKUN QƏRAR VERƏCƏKLƏR

Qırğızıstan və Tacikistan sərhədin ümumi hissəsinin delimitasiyası prosesini yaxın vaxtlarda başa çatdırmaq niyyətindədir. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Qırğızıstan hökuməti sədrinin müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DTX) rəhbəri Kamçıbek Taşiyev iki dövlətin hökumət nümayəndə heyətləri arasında aparılan danışıqları şərh edərkən bildirib.

Komitə rəhbərinin sözlərinə görə, hökumət nümayəndə heyətlərinin görüşü zamanı tərəflərə bütün sərhəd məsələlərini həll etməyə imkan verəcək sənəd imzalanıb.

Qeyd edək ki, oktyabrın 2-də Qırğızıstanın vilayət mərkəzində sərhədin delimitasiyası məsələsinə dair Qırğızıstan və Tacikistan nümayəndələrinin görüşü baş tutub. Danışıqlarda Qırğızıstan tərəfinə Taşiyev, Tacikistan tərəfinə Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Saimumin Yatimov rəhbərlik edib.

Xatırladaq ki, Qırğızıstanla Tacikistan arasındakı sərhədin uzunluğu təqribən 980 km-dir. Onun delimitasiyası üzrə danışıqlar 2002-ci ilin dekabrından davam edir. Hazırda sərhəd xəttinin təxminən üçdə ikisi müəyyən edilib və dövlətlər tərəfindən qarşılıqlı tanınıb, qalan hissələr mübahisəli hesab olunur.

AVROPADA KORONAVİRUSA YOLUXMA HALLARI SÜRƏTLƏ ARTIR

Avropada “COVID-19”a yoluxma halları və bu səbəbdən xəstəxanaya yerləşdirilmələr sürətlə artır. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Euronews” telekanalı məlumat yayıb.

Açıqlamaya görə, Fransada artıq vaksinasiya ilə bağlı yeni kampaniya başlayıb: “Bir çox Avropa ölkələrindən insanlar gücləndirici dozanın qəbul olunmasına çağırılır. Fransa, Almaniya, İspaniya, Polşa və Bolqarıstanda vaksinasiya ilə bağlı çağırış edilir”.

Bununla yanaşı, Almaniya Səhiyyə Nazirliyindən bildirilib ki, hələ ki ölkədə ümumi karantinə ehtiyac yoxdur.

Qeyd olunub ki, burun axması, boğaz ağrısı və öskürək xəstəliyin əsas simptomlarıdır: “Bu əlamətlər aradan qalxana qədər 3-5 gün evdə qalmaq, təmasdan qaçmaq tövsiyə olunur”.

Eyni zamanda, İtaliya Səhiyyə Nazirliyindən bildirilib ki, ehtiyac olarsa, koronavirusla bağlı yeni tədbirlər görülə bilər.

Hazırladı:

Vamiq Abbasov,

“Respublika”.