DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

İSVEÇİN PAYTAXTI DYÜŞ MEYDANINA ÇEVRLİR

İsveçdə cinayətkar dəstələr arasında gərginliyin artdığı bir vaxtda gecə saatlarında baş verən iki fərqli qarşıdurmada 3 nəfər dünyasını dəyişib. Həmçinin bu hadisədən əvvəl paytaxt Stokholm ətrafında 18 yaşlı gənc güllələnib. “Teleqraf.com” xəbər verir ki, cinayətkar dəstə üzvləri küçələri döyüş meydanına çevirib. Belə ki, bir evin bombalanması nəticəsində çox sayda insanın yaralandığı, ən az 5 nəfərin öldüyü bildirilir.

Məlumata əsasən, küçələrdə baş verənləri nəzarət altına almaq mümkün olmasa da, bəzi ərazilərdə silahlı qarşıdurmaların davam etdiyi qeyd olunur. Baş nazir Ulf Kristersson gərginliyin artmasından sonra ordunun küçələrə çıxacağını bəyan edib.

Silahlı qüvvələrin komandanı Mikael Bayden açıqlamasında polisin səylərinə kömək etməyə hazır olduqlarını bildirib. Son hadisədən saatlar sonra paytaxtın cənubunda silahlı hücum nəticəsində daha bir nəfər ölüb, biri isə yaralanıb.

İveçin “SVT” telekanalı sentyabrda ölkədə 11 nəfərin atışma nəticəsində həyatını itirdiyini açıqlayıb. Telekanal İsveçin son illərdə ən ağır dönəmdən keçdiyini qeyd edib.

FRANSA UNİVERSİTETLƏRİNDƏ OXUYAN YƏHUDİ TƏLƏBƏLƏR ANTİSEMİTİZMLƏ ÜZLƏŞİR

Fransa universitetlərində oxuyan 10 yəhudi tələbədən 9-u antisemitizmlə üzləşib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Fransanın “Le Parisien” qəzeti məlumat yayıb.

Məqalədə bildirilib ki, antisemitizmlə bağlı sorğu Fransadakı Yəhudi Tələbələr İttifaqının (UEJF) tələbi ilə aparılıb və Fransa İctimai Rəy İnstitutu (IFOP) tərəfindən həyata keçirilib.

Sorğunun nəticəsinə görə, Fransa universitetlərində oxuyan 10 yəhudi tələbədən 9-u (91 faiz) onların tələbə olduqları dövrdə ən azı bir dəfə antisemit hərəkətlə üzləşdiyini bildirib.

Məlumata görə, 77 faiz yəhudi tələbə Fransada antisemitizmin geniş yayıldığını qeyd ediblər. Bu hərəkətlərin mahiyyət etibarilə müxtəlif olduğuna da diqqət çəkilib. Belə ki, yəhudi tələbələr arasında milliyyəti ilə bağlı zarafatlarla üzləşənlərlə yanaşı, fiziki zorakılığa məruz qalanlar da olub.

KORONAVİRUSUN YENİ VƏ DAHA ÇOX YOLUXUCU ŞTAMI AŞKAR EDİLİB

Koronavirusun yeni və daha çox yoluxucu olan ştamı meydana çıxıb. “Report” agentliyinin verdiyi xəbərə görə, yeni ştam “Pirola” adlanır.

Məlumata əsasən, amerikalı ekspert Georges Benjamin bildirib ki, bu ştam daha da yoluxucu olmasına baxmayaraq, öldürücü deyil: “Lakin əsas problem odur ki, mövcud peyvəndlər bu növə daha az təsir edir. Çünki virus hər dəfə mutasiyaya uğrayır. Bu isə vaksinlərin effektliyini azaldır”.

Eyni zamanda, qeyd edilir ki, yeni ştamın özünəməxsus simptomu hələ ki aşkarlanmayıb. Bununla belə, “Pirola”ya yoluxanlarda ümumi əlamətlər - şiddətli ürəkbulanma, öskürək, boğazağrısı, burun axması, asqırma, yorğunluq, başağrısı, əzələ ağrıları və iybilmənin itməsi müşahidə olunur.

Ekspert qeyd edib ki, dünyada yoluxmanın artmasının əsas səbəblərindən biri də vaksinlərin bərabər paylanmaması, bəziləri üçün peyvəndlərin əlçatan olmamasıdır: “İnsanlar lazım olan qədər peyvənd vurdurmadıqları üçün daha çox yoluxurlar. Buna görə də xüsusilə peyvənd olunmayanlar daha tez yoluxur və vaxtından əvvəl vəfat edir”.

YAPONİYA POLİSİ SÜNİ İNTELLEKTDƏN İSTİFADƏ ETMƏYƏ BAŞLAYIB

Yaponiya polisi süni intellektə əsaslanan sistem tətbiq edib ki, bu da onlara cinayətlərlə bağlı məlumat üçün internetdə avtomatik olaraq ətraflı axtarış aparmağa imkan yaradır. Bu barədə “Trend” agentliyi məlumat yayıb.

Bildirilir ki, əvvəllər Yaponiya polisi yalnız “silah” və “partladıcı” kimi şübhəli açar sözlər üçün axtarışlardan istifadə edirdi. Yeni sistem qanunsuz fəaliyyətin təfərrüatlarını axtararaq onlardan istifadə kontekstini araşdırmağa imkan verir.

Bununla yanaşı, ehtimal olunur ki, süni intellektin tətbiqi cinayətlərə hazırlıq əlamətlərinin aşkarlanmasını da sürətləndirəcək və bu da öz növbəsində cinayətkarlarla mübarizədə polisin effektivliyini artıracaq.

Xatırladaq ki, bir müddət öncə Yaponiya Polis Departamenti 2022-ci ildə ölkədə törədilən kibercinayətlərin sayının rekord həddə çatdığını bildirmişdi.

 

POLŞADA SEÇKİLƏR UKRAYNANIN Aİ-YƏ YOLUNU BAĞLAYA BİLƏR

Polşada qarşıdan gələn seçkilərdə hakim Qanun və Ədalət partiyası ilə ifrat sağçı Azadlıq və Müstəqillik Konfederasiyası qələbə şanslarını artırmaq üçün ittifaqa girə bilərlər. Bu baş verərsə, Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması və ukraynalı qaçqınların vəziyyəti risk altında olacaq. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “Foreign Policy” nəşrinin şərhçisi Pol Hokenos bildirib.

“Varşavadakı hökumətin daha çox millətçi əhvali-ruhiyyəsi Ukraynanın Avropa İttifaqına gedən yolunu kəsə bilər. Ukraynaya yüksək subsidiyalar Polşanın Avropa tortunun bir hissəsini kiçildəcək”, - deyə müəllif qeyd edib.

Məqalədə vurğulanıb ki, ifrat sağçı Azadlıq və Müstəqillik Konfederasiyası artıq Ukraynaya qarşı mənfi münasibətini açıq şəkildə nümayiş etdirir. Nümunə kimi müəllif küçədə “Ukraynaya qayıdın” deyə qışqıran polşalıların ifadələrini və sosial şəbəkələrdə oxşar məzmunlu yazıları göstərib.

Eyni zamanda, Polşa ilə Ukrayna arasında münasibətlər son vaxtlar rəsmi Varşavanın Ukraynadan taxıl tədarükünə tətbiq etdiyi embarqoya görə mürəkkəbləşib.

PENTAQONUN KÜTLƏVİ QIRĞIN SİLAHLARINA QARŞI MÜBARİZƏ STRATEGİYASI

ABŞ-ın kütləvi qırğın silahlarına  qarşı mübarizə strategiyasının yenilənmiş versiyasının hazırlanması Rusiya və Çinin bu sahədə artan imkanları ilə bağlıdır. Bu fikir ABŞ Müdafiə Nazirliyinin açıqladığı kütləvi qırğın silahlarına qarşı mübarizə strategiyasında əks olunub.

Məlumata görə, sənəddə qeyd edilir ki, 2014-cü ildə kütləvi qırğın silahlarına qarşı mübarizə strategiyasının nəşrindən bəri həm Çin, həm də Rusiyanın bu silahları inkişaf etdirmək imkanları artıb. Bu səbəbdən ABŞ, onun müttəfiqləri və tərəfdaşlarının kimyəvi, bioloji, radioloji və ya nüvə silahları ilə bağlı hərbi qarşıdurma ilə üzləşməsi riski daha da ciddiləşib.

Eyni zamanda, bildirilir ki, Rusiya qeyri-strateji nüvə silahlarının böyük və müxtəlif arsenalını genişləndirir və modernləşdirir. Nüvə silahının genişləndirilməsi və modernləşdirilməsi proqramını inkişaf etdirən Çin 2030-cu ilə qədər ən azı 1000 və 2035-ci ilə qədər 1,5 min nüvə başlığı yerləşdirmək niyyətindədir.

“WI-FI” VƏ “BLUETOOTH”U ƏVƏZ EDƏ BİLƏCƏK RABİTƏ SİSTEMİ YARADILIB

Çinin “Huawei” şirkəti parametrlərinə görə “Wi-Fi” və “Bluetooth”u üstələyən “NearLink” rabitə sistemi yaradıb. Bu barədə “Trend” agentliyinin  xəbərində qeyd olunur.

Bildirilir ki, “NearLink” ənənəvi simsiz qoşulmalarla müqayisədə 60 faiz az enerji sərfiyyatına, altı dəfə yüksək sürətə və 30 dəfə az gecikməyə malikdir. Yeni texnologiya həmçinin 10 dəfə daha çox şəbəkəyə qoşulmağa imkan verir.

Eyni zamanda, mütəxəssislərin fikrincə, “NearLink” smartfon və kompyuterlərdən əlavə, məişət elektronikası, ağıllı evlər və elektrik avtomobillərinin intellektual istehsalında istifadə edilə bilər.

Qeyd edilir ki, “NearLink” texnologiyası artıq ən son “Huawei Mate 60” smartfonunda tətbiq edilib və “HarmonyOS” əməliyyat sisteminə və digər “Huawei” məhsullarına inteqrasiya ediləcəyi gözlənilir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.