DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

CON KİRBİ: HAZIRDA ZAMAN UKRAYNANIN ƏLEYHİNƏ İŞLƏYİR

“Hazırda zaman Ukraynanın əleyhinə işləyir”. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bəyan edib.

Ağ Ev rəsmisinin sözlərinə görə, Ukraynanın əks-hücum əməliyyatlarını davam etdirmək üçün 6-8 həftə vaxtı var: “Sonra əlverişsiz hava şəraiti yaranacaq. Biz isə ukraynalıların uğur qazanacağını arzulayırıq”.

Con Kirbinin sözlərinə görə, əks-hücum əməliyyatı hətta Ukraynanın da istədiyi səviyyədə getmədi.

Ağ Ev rəsmisinin fikrincə, hazırda döyüşlər iki əsas istiqamətdə gedir: “Bunlardan biri Donbas, digəri isə Zaporojye istiqamətləridir”.

Eyni zamanda, Con Kirbi onu da əlavə edib ki, Ukraynaya yardımdan imtina ciddi nəticələrə səbəb ola bilər.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir.

ANGELA MERKEL ÖLKƏSİNİ RUSİYA QAZINDAN ASILI VƏZİYYƏTƏ SALIB

Angela Merkelin kanslerliyi dövründə Almaniya Rusiya qazından asılı vəziyyətə düşüb. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Angela Merkelin keçmiş baş iqtisadi müşaviri Lars-Hendrik Röller “Financial Times” qəzetinə müsahibəsində bəyan edib.

Keçmiş müşavir etiraf edib ki, rəsmi Moskva özünü etibarlı təchizatçı kimi təsdiqləyib. Rusiya Federasiyasından alınan qaz Almaniya iqtisadiyyatının artımını təmin edib. “Nəticədə biz Rusiya qazından çox asılı olduq və bu, bir faktdır”, - deyə siyasətçi vurğulayıb.

Bununla yanaşı, keçmiş müşavir əlavə edib ki, Yaponiyanın Fukusima AES-də baş vermiş qəzadan sonra Almaniya nüvə enerjisindən imtina etdiyi üçün Angela Merkelin başqa seçimi olmayıb.

Eyni zamanda, Röller hesab edir ki, Merkelin dövründə Almaniya bərpa olunan enerjinin inkişafına az diqqət yetirilib.

DONALD TRAMPIN SPİKER VƏZİFƏSİNƏ NAMİZƏDLİYİ İRƏLİ SÜRÜLÜB

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Troy Nels partiya yoldaşı Kevin Makkarti vəzifəsindən kənarlaşdırıldıqdan sonra Amerika qanunverici orqanının aşağı palatasının spikeri vəzifəsinə ölkənin keçmiş prezidenti Donald Trampın namizədliyini irəli sürüb. “Report”un məlumatına görə, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Kevin Makkarti bir daha spiker seçilmək istəməyəcək. Mən Donald Trampın Nümayəndələr Palatasının sədri vəzifəsinə namizədliyini irəli sürürəm”, - deyə Troy Nels qeyd edib. Konqresin aşağı palatasının spikeri vəzifəsi ABŞ hökumət iyerarxiyasında üçüncü ən vacib vəzifədir.

Qeyd edək ki, bundan əvvəl ABŞ qanunverici orqanının aşağı palatasındakı əksəriyyət Makkartinin vəzifəsindən uzaqlaşdırılmasına səs verib. Ölkə tarixində ilk dəfə olaraq Nümayəndələr Palatasının sədri vəzifəsindən uzaqlaşdırılıb. Bu vəzifəni Şimali Karolinadan olan respublikaçı Patrik Makqenri konqresmenlər yenisini seçənə qədər icra edəcək.

NASA AYDA BİNALAR TİKMƏK ÜÇÜN 3D PRİNTER GÖNDƏRMƏK NİYYƏTİNDƏDİR

2040-cı ilədək Ayda bina tikmək niyyətində olan ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsi (NASA) bu məqsədlə Yerin təbii peykinə 3D printeri göndərməyi planlaşdırır. “Trend” agentliyinin verdiyi xəbərə görəi, NASA mütəxəssisləri Ay səthindəki tozdan və daş qırıntılarından istifadə edərək, beton hazırlayacaq və həmin materialdan binalar tikəcəklər.

NASA bu məqsədinə çatmaq üçün Texas ştatının Ostin şəhərində yerləşən “ICON” inşaat kompaniyası ilə əməkdaşlığa başlayıb. Onlar Ayda yaşayış binaları, raketlər üçün eniş meydançası inşa etməyə imkan verən tikinti sistemi hazırlayacaq. Layihədə, həmçinin, “Bjarke Ingels Group” və “SEArch+” şirkətlərinin memarları da iştirak edirlər.

Məlumat üçün qeyd edək ki, insanların Aya enməsi 1969-cu ilin iyulundan 1972-ci ilin dekabrına qədər ABŞ-ın “Apollo” proqramı çərçivəsində həyata keçirilib. Həmin vaxtdan bəri Yerin təbii peykinə insan ayağı dəyməyib. NASA 2025-ci ildə start götürəcək “Artemis III” adlanan yeni missiya insanları Aya qaytaracağına ümid edir.

FRANSA-ALMANİYA ZİDDİYYƏTİ Aİ QƏRARLARINA MƏNFİ TƏSİR EDİR

Avropa İttifaqı (Aİ) qərarlarının əsasını təşkil edən Fransa-Almaniya tandemində konsensusun olmaması Ukraynanın maliyyələşdirilməsindən tutmuş milli büdcələrə nəzarət qaydalarına qədər bir çox məsələlərdə gecikmələrə səbəb olur. Bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, Berlin və Paris arasında konsensus yoxdur: “Bunun əsas səbəbi isə liderlər - Olaf Şoltsla Emmanuel Makronun yola getməməsidir. Onlar bir otaqda oturub hər şeyi müzakirə etməlidirlər. Əks halda, konsensus əldə etmək çətin olacaq”.

Nəşrin yazdığına görə, ölkələr arasında gərginlik 1 ildən artıqdır davam edir.

Problemlər həm Paris və Berlin arasındakı əhəmiyyətli siyasi fikir ayrılıqlarından, həm də Almaniyadakı koalisiya hökumətinin xarakterindən qaynaqlanır ki, bu da Olaf Şoltsun bir sıra məsələlərdə dəqiq istiqamət təyin etməsini çətinləşdirir.

Xatırladaq ki, bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, son vaxtlar Qərbin Ukraynaya dəstəyi azalıb.

PAKİSTANDA BİR MİLYONDAN ÇOX ƏFQAN MİQRANTI ÖLKƏDƏN ÇIXARILACAQ

Pakistan hökuməti ölkədə qeyri-qanuni yaşayan 1,1 milyon əfqanı terrorçulara köməklik və digər qanunsuz fəaliyyətlərdə iştirak etdiklərinə görə ölkədən çıxarmaq qərarına gəlib. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bu barədə “Assoşieyted Press” məlumat yayıb.

“Birinci mərhələdə qeyri-qanuni sakinlər, ikinci mərhələdə Əfqanıstan vətəndaşlığı olanlar, üçüncü mərhələdə isə yaşayış icazəsinin vaxtının uzadılmasına icazə verilməyən şəxslər ölkədən çıxarılacaq”, - deyə agentliyin mənbəsi bildirib.

Qeyri-qanuni yaşayan Əfqanıstan vətəndaşlarının ölkədən çıxarılması planı təsdiqlənib, çünki bu qrup vətəndaşlar terrorçuların maliyyələşdirilməsi, onlara yardım etməklə və qaçaqmalçılıqla məşğuldurlar.

“Ölkədə yaşayan bütün əfqanların sənədlərinin yoxlanılması ilə yanaşı, onların qeydiyyatı üçün təqdim edilmiş müraciətlərə operativ şəkildə baxılması da tapşırılıb”, - deyə mənbə qeyd edib.

ÇEXİYA PREZİDENTİNDƏN AVROPA İTTİFAQININ GENİŞLƏNMƏSİNƏ ÇAĞIRIŞ

Çexiya prezidenti Peter Pavel təhlükəsizliyi gücləndirmək məqsədilə Avropa İttifaqının (Aİ) genişlənməsinə çağırıb. “Report” agentliyinin verdiyi xəbərə görə, o, bunu Brüggedəki Avropa Kollecində çıxışı zamanı bəyan edib.

“Yeni geosiyasi imperativ Avropa İttifaqının genişlənməsi üçün yeni dinamika tələb edir. Biz uzun müddətdir ki, bəzi Avropa ölkələrini geosiyasi manipulyasiyaların öhdəsinə buraxmışıq”, - deyə Çexiya prezidenti vurğulayıb.

Eyni zamanda, Peter Pavel qeyd edib ki, Qərbi Balkan ölkələrinin, Ukrayna, Moldova və Gürcüstanın Avropa İttifaqına inteqrasiyasını sürətləndirmək lazımdır.

Dövlət başçısının sözlərinə görə, Qərbin təhlükəsizlik strukturlarına qoşulmaq istəyən və qitədən kənar dövlətlərin səylərinin həyata keçirilməsini asanlaşdırmaq lazımdır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.