AZƏRBAYCAN DÜNYA MEDİASINDA
Diaspora

AZƏRBAYCAN DÜNYA MEDİASINDA

"Caspian News": Prezident İlham Əliyev regionda sülhə, əməkdaşlığa çağırış edir

"Caspian News" xəbər saytı ölkə başçımızın Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışını işıqlandırıb. Prezident İlham Əliyev üç il əvvəl Azərbaycan ərazilərinin erməni işğalından azad edildiyini xatırladıb, ölkənin ərazi bütövlüyünün bərpasının azərbaycanlıların əsas vəzifəsi olduğunu bildirib.

Prezident İlham Əliyev uzun illər Azərbaycanın təcavüzdən, işğaldan və etnik təmizləmədən əziyyət çəkdiyini və bunun azərbaycanlılar üçün faciə və humanitar fəlakət olduğunu bildirib.

"Anadolu agentliyi": Türk Dövlətləri Təşkilatının 14 yaşı tamam olur

"Anadolu agentliyi" "Türk Dövlətləri Təşkilatı"nın yaradılmasının 14-cü ildönümü ilə əlaqədar məqalə paylaşıb.

Yazıda qeyd olunub ki, ilk dəfə "Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası" adlanan təşkilat 3 oktyabr 2009-cu ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin imzaladığı Naxçıvan sazişinə uyğun olaraq yaradılmışdır. Bildirilib ki, Türk dünyasını ortaq tarixi və mədəni dəyərlərlə birləşdirməyə çalışan TDT, üzv ölkələrlə iqtisadiyyatdan siyasətə, mədəniyyətdən turizmə, təhsildən idmana qədər müxtəlif sahələrdə əməkdaşlıq üçün zəmin yaratmağa yönəlmiş tədbirlər həyata keçirir. Vaxt keçdikcə regional miqyasda tanınan TDT 14 il ərzində təxminən 5 milyon kvadratkilometr əraziyə sahib olan üzv dövlətləri ilə türk dünyasının geosiyasi mövqelərini möhkəmləndirən beynəlxalq təşkilata çevrilib.

12 noyabr 2021-ci ildə İstanbulda keçirilən Liderlər Sammitində Türk Şurasının adının "Türk Dövlətləri Təşkilatı" olaraq dəyişdirilməsi türk dünyasının beynəlxalq aləmdə inteqrasiyası prosesində yeni bir dövrün başlanğıcı kimi şərh edilir. 2019-cu ildə Bakıda keçirilən sammitdə Özbəkistanın daxil olması ilə sayı 5-ə çatan TDT-də Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası (KKTC) "müşahidəçi" qismində iştirak edirlər. TDT-nin baş ofisi İstanbulda yerləşir və Dövlət Rəhbərləri Şurası, Xarici İşlər Nazirləri Şurası, Ağsaqqallar Şurası, Təcrübəli Məmurlar Şurası və Ümumi Katiblikdən ibarətdir.

"Reuters": Separatçı rejimin 4 "rəhbəri" saxlanılıb, üçü Ermənistana qaçıb

"Reuters" media agentliyi separatçı rejim "rəhbər"lərinin saxlanılması barədə xəbər paylaşıb. Yazıda qeyd edilib ki, Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyan, eləcə də parlamentin eks "spiker"i David İşxanyan həbs edilib. Keçmiş "dövlət naziri" Artur Arutyunyan, keçmiş "daxili işlər nazir"i Karen Sarkisyan və Qarabağın təhlükəsizlik xidmətinin keçmiş "rəhbər"i Ararat Melkunyanın isə çərşənbə axşamı Ermənistana getdikləri bildirilib.

"Vestnik Kavkaza": Qarabağın erməniəsilli sakinləri qayıtmaqda sərbəstdirlər

Qarabağı tərk edən erməni sakinlər qayıtmaq hüququnu özlərində saxlayırlar.

Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın "Radio J" radio kanalına müsahibəsində bildirib.

"Vestnik Kavkaza" xəbər verir ki, aparıcının "Siz effektiv şəkildə izah edirsiniz ki, Qarabağda yaşayan ermənilər getməkdə və qalmaqda sərbəstdirlər... Niyə onların hamısı getməyi seçiblər" sualına cavabında Elçin Əmirbəyov deyib:

"Bəli, bu, çox yaxşı sualdır. Ona görə ki, biz, Azərbaycan hökuməti olaraq antiterror tədbirləri başlayandan bəri mülki əhaliyə elan etmişdik ki, onlar bu hərbi tədbirlərin hədəfi deyillər. Əksinə, çalışıldı ki, onlar qalmaqlarına əmin edilsinlər. Bilmirəm. Ola bilər ki, qeyri-qanuni separatçı qurum bütün silah-sursatı təhvil verdikdən sonra mülki əhali öz təhlükəsizliyindən çox əmin olmadı. Hətta bir həftədən bəri onların yerlərini tərk etməmələri üçün çox cəhdlər olmuşdu. Onlara lazımi humanitar yardımlar göstərilmişdi. Dərman preparatları, ambulanslar, digər ləvazimatlar göndərilmişdi. Elektrik verilişi bərpa edilmişdi. Radio və televiziyalar vasitəsilə də analoji çağırışlar edilmişdi ki, həmin əhali arasında panika olmasın. Bu həqiqətdir ki, evlərini tərk etmək qərarı onların özlərinin şəxsi və könüllü qərarıdır. Biz bundan təəssüf hissi keçiririk. Bir daha deyilir ki, əlbəttə, bu insanlar, onlar öz evlərinə qayıtmaq hüququnu özlərində saxlayırlar".

"İHA": Qarabağdakı qondarma rejimin keçmiş "prezidenti" saxlanılıb

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Qarabağda separatçıların sabiq "prezidenti" Araik Arutyunyanı saxlayıblar.

Bu barədə "İhlas" xəbər agentliyi (İHA) məlumat yayıb. Bildirilib ki, Arutyunyan 44 günlük müharibə zamanı dinc əhalinin öldürülməsinə, eləcə də Gəncə şəhərində mülki əhaliyə qarşı raket hücumlarına görə məsuliyyət daşımaqda ittiham olunur.

Xəbərdə qeyd olunub ki, Arutyunyanla birlikdə Azərbaycan tərəfindən saxlanılan qondarma liderlərin sayı 3-ə çatıb. Belə ki, Qarabağdakı separatçıların keçmiş "prezident"ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), eləcə də "Daşnaksütyun" partiyasının "Qarabağ təmsilçisi" və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan da törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Bakıya gətiriliblər.

Qeyd edək ki, Arutyunyan 2020-ci ildə Qarabağda dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan qondarma erməni rejiminin "prezidenti" postuna gəlib və 2023-cü il avqustun 31-də tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.