İsraildə 20 Yanvar şəhidləri yad edilib
Diaspora

İsraildə 20 Yanvar şəhidləri yad edilib

İsrailin Yerusəlim və Afula şəhərlərində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Yerusəlimdəki şöbəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə qurumun rəhbəri Aleksandr Aqranovski “Qara Yanvar” adlandırılan məşum gecədə Bakıda baş verənlərdən danışıb və faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının vitse-prezidenti, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman bildirib ki, Azərbaycanı təmsil edən soydaşlarımız harada yaşamaqlarından asılı olmayaraq, Sovet İttifaqı hərbi hissələrinn dinc paytaxt sakinlərinə qarşı törətdiyi qırğını unutmayacaqlar. Müxtəlif millətlərdən olan Azərbaycan vətəndaşları ilə yanaşı yəhudi əsilli azərbaycanlılar Yan Meeroviç, Aleksandr Marxevka və Vera Bessantinanın da bu qanlı qırğının qurbanları olduğu vurğulanıb.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi “Blooded Carnations” (“Qanlı Qərənfillər”) qısametrajlı sənədli filmi nümayiş etdirilib.

“Respublika”.