Rəşadətli döyüş yolu
Sosial həyat

Rəşadətli döyüş yolu

Vətən müharibəsində qəhrəmanlıq göstərərək döyüşlərdə şəhid olan İmişlinin Hacırüstəmli kənd sakini Abbasov Asim Rasim oğlunun, Aranlı kəndinin sakini Teymurov Şaiq Vidadi oğlunun, Qaragüvəndikli kənd sakini Kərimli Ramil Əli oğlunun və Elşən Rafail oğlu Kərimlinin şəhidlik zirvəsinə ucalmalarından üç il ötür.

Qəhrəman şəhidlərimizin üçüncü ildönümləri mərasimində iştirak edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, aparatın məsul işçiləri, rayon prokuroru Valeh Səmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Mətləb Murğuzov, polis rəisi Füzuli Şıxaliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərimizin ailə üzvləri, kənd sakinləri onların məzərlarını ziyarət edərək tər gül-çiçək dəstələri düzdülər.

Abbasov Asim Rasim oğlu 1987-ci il mayın 26-da İmişli rayonunun Hacırüstəmli kəndində anadan olub. 2012-ci ildən Azərbaycan Respublikasının silahlı qüvvələri sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərinin iştirakçısı olmuşdu. Vətən müharibəsində sentyabrın 28-də qəhrəmancasına şəhid olub. Doğulduğu Hacırüstəmli kəndində dəfn olunub. Döyüş yoldaşlarının arasında Asimin ləqəbi "Qara qartal" idi. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Abbasov Asim Rasim oğlu ölümündən sonra "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda", "İgidliyə görə", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şaiq Vidadi oğlu Teymurov 1992-ci il noyabrın 6-da İmişli rayonunun Aranlı kəndində anadan olub. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 29-da Füzuli istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. İmişlinin Aranlı kəndində dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Ramin Əli oğlu Kərimli 17 dekabr 1999-cu ildə İmişli rayonunun Qaragüvəndikli kəndində anadan olmuşdu. O, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətini müddətdən artıq hərbi qulluqçu kimi davam etdirirdi. Vətən müharibəsində Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə atıcı olaraq əsl qəhrəmanlıq nümunəsinə çevrilərək şəhid olmuşdur. İmişlinin Qaragüvəndikli kəndində dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.  

Elşən Rəfail oğlu Cəfərov 2000-ci ildə İmişli rayonunun Qulubəyli kəndində dünyaya gəlib. Elşən müddətdən artıq həqiqi xidmət qulluqçusu idi. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 28 sentyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olub. İmişli rayonunun Qulubəyli kəndində dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad edilməsinə görə" medalları ilə təltif edilib.

RİH-in başçısı Elçin Rzayev mərasim zamanı şəhidlərimizin keçdiyi döyüş yollarından danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlara görə onların valideynlərinə minnətdarlıq ifadə edib, şəhid ailələrinə və qazilərimizə dövlətimiz tərəfindən daim diqqət və qayğının göstəriləcəyini bildirərək, şəhidlərimizin əziz xatirələrinin xalqımızın qəlbində əbədi olaraq yaşayacağı vurğulanıb. Şəhidlərimizin ailə üzvləri və yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Ərəstun ABDULOV,

"Respublika".