MARAQ DÜNYAMIZ
Maraqlı

MARAQ DÜNYAMIZ

Daima gecikənlər oxusun

Elə insanlar var ki, səhərlər yuxudan durub harasa getmək onlar üçün böyük problemə çevrilir. "Beşcə dəqiqə də yatım, duracağam" deyə-deyə bir də görürlər ki, gedəcəkləri yerə artıq gecikirlər. Gecikəndə də çox zaman tıxacları bəhanə edirlər. Psixoloqların fikrincə tez-tez gecikən insanların bunu etməsinə səbəb onların xarakteridir. Əslində, hər bir insan vaxtaşırı gecikir və bunda anormal bir şey yoxdur, amma daim gecikmək tamamilə başqa mövzudur. Yaxşı, bəs bu cür insanların həmişə gecikməsinə səbəb olan nədir?

Son illərdə bu mövzuda aparılan araşdırmaların nəticələri göstərir ki, insanların gecikməsinin ən böyük səbəbi planlaşdırma zamanı düzgün vaxt hesablaması apara bilməməsidir. Onlar görəcəkləri işin nə qədər vaxt alacağını əvvəlcədən düzgün proqnozlaşdıra bilmir və nəticədə də hər şeyi bir-birinə qatırlar. Tədqiqatlar sübut edir ki, insanların təxminən 40 faizi planlaşdırma zamanı bu səhvi edir. Digər bir səbəb isə, belə insanların bir neçə işi eyni anda görməyə çalışmasıdır. Bu isə onlarda konsentrasiyanın pozulmasına səbəb olur.

Bütün bunları nəzərə alan elm adamları bəzi həll yolları təklif ediblər. Onlardan birincisi də, planlaşdırma bacarığının inkişaf etdirilməsidir.

Bu səbəbdən hər hansı bir işi planlaşdırarkən zamanı düzgün hesablamaq üçün mümkün qədər çox detalların nəzərə alınması tövsiyə edilir. Detalları nəzərə almayaraq hər hansı bir iş üçün müddət seçmək heç vaxt düzgün nəticə vermir. Prosesi beyninizdə canlandıraraq da, onun nə qədər müddət davam edəcəyini aydınlaşdıra bilərsiniz.

Ağ saçlardan həmişəlik qurtula bilərik

Saçların ağarması yaşlanmanın ən başlıca əlamətlərindən biri olduğu üçün bu problem gənc görünmək istəyən insanların kabusuna çevrilib. Qadınlar saçlarını boyamaqla bu problemdən müvəqqəti də olsa xilas ola bilirlər, amma kişilər isə bunu etməyə çox zaman çəkinirlər. Lakin amerikalı elm adamları bu problemdən qurtulmağın asan yolunu tapıblar. Belə ki, Nyu-York Universitetinin alimləri insanları ağ saçlardan xilas edən dərmanın hazırlanmasına səbəb ola biləcək araşdırma aparıblar.

Məlum olduğu kimi, saçın rənginə təsir edən əsas amil saçdakı melaninin miqdarı və paylanmasıdır. Xüsusi hüceyrələr - melanositlər tərəfindən sintez edilərək saxlanılan bu maddə kök hüceyrələrdən əmələ gəlir.

Professor Ronald Perelmanın rəhbərliyi ilə aparılan tədqiqatda siçanlarda kök hüceyrələrin inkişafı araşdırılıb. Nəticədə saçların ağarmasına səbəb olan hüceyrələrin melanositlərə çevrilməsinin dayandırıla biləcəyi müəyyən edilib. Tədqiqatın ən maraqlı nəticəsi isə alimlərin hərəkət qabiliyyətini itirmiş kök hüceyrələrin melanositlərə çevrilə bilməyəcəyini müəyyən etməsi olub. Hansı ki, bu hüceyrələr normal inkişaf edə bilməyən tük follikulunun qabarıqlıq adlanan müəyyən bölgəsində qalırlar. Yaşla bağlı belə hüceyrələrin sayı artsa da, onlar yetkin melanositlərə çevrilmirlər. Alimlər daha çox araşdırma apararaq bu hüceyrələrin sağlam fəaliyyətini bərpa etmək üçün gövdə hüceyrələrini qabarıqlıqdan "azad etməyə" çalışacaqlar. Bu isə ağ saçlardan həmişəlik xilas olmağa imkan verəcək bir dərmanın tapılmasına səbəb ola bilər. Alimlər tədqiqatın yaşlanma zamanı orqanizmdə baş verən proseslər haqqında anlayışı dəyişdirəcəyinə, həmçinin kosmetologiya və tibb sahəsində yeni imkanlar açacağına ümid edirlər.

Əqrəblər haqda olan bu mif yanlış imiş

Heyvanlar aləminin qeyri-adi xüsusiyyətə malik canlılarından biri də əqrəblərdir. Bəli, düz başa düşdünüz, məhz heyvanlar aləminin. Çünki əqrəblər zəhərli iynəsi olan hörümçəkkimilər sinfinə aid həşərat yox, heyvandır. Onların heyvan sayılmasının səbəbi isə diri bala dünyaya gətirməsidir.

Bu heyvanların yaşamaq üçün ən sevdiyi yer dəniz ətrafı kimi qumluq, nəm və çox isti yerlərdir. Soyuq və qarın uzun müddət torpaqda qaldığı ərazilərdə məskunlaşan əqrəblərin zəhərinin gücü yaşadığı yerlərə görə dəyişir. Onlara toplu halda az rast gəlinir, çünki bu heyvanlar tək yaşamağı sevirlər. Özlərini qorumaq üçün quyruqlarındakı zəhərli iynədən istifadə edən əqrəblər, öldürücü zəhərə malikdir. Maraqlıdır ki, bəzi əqrəb növləri 1 il boyunca susuz və ac yaşaya bilirlər. Hətta onlar nə qədər susuz qalırsa, zəhərləri də bir o qədər güclü olur.

Əqrəblər haqqında olan maraqlı faktlardan biri də dondurulduqdan sonra buzu açılanda həyatlarına davam etməsidir. Qopan orqanları yenidən bərpa olunan bu heyvanlar, radiasiyaya çox dözümlü olduğundan radioaktiv partlayışdan sonra sağ qalırlar. Onlar ultrabənövşəyi şüalar altında parladıqları üçün gecələr rahatlıqla aşkar edilə bilirlər. İnsanlar arasında belə bir inanc var ki, əqrəbləri odun içinə atdıqda onlar qürurlarından özlərini sancaraq "intihar" edirlər. Lakin əslində, bu belə deyil. Kütlə arasında bu tip qeyri-elmi inancların yayılmasının səbəbi əqrəblərin soyuqqanlı heyvanlar olmasından qaynaqlanır. Belə ki, əqrəblər soyuqqanlı olduqlarına görə, onların bədən istiliyi ətraf mühitə görə dəyişir. Normal şərtlərdə yaşayan bir əqrəbi qapalı yerə atıb yandırmaq istəsəniz, əqrəbin bütün maddələr mübadiləsi dəyişəcək və bədəni qıc olmağa başlayacaq. Bu isə kənardan onun özünü sancaraq öldürməsinə bənzəyir.

Əlimizi kağız kəsəndə niyə daha çox incidir?

Yəqin ki, kağız kəsiyinin səbəb olduğu ağrını bilməyən yoxdur. Heç düşünmüsünüzmü kağız əlimizi kəsdikdə niyə digər kəsici alətlərdən daha çox incidir?

Əslində, kağız dərini asanlıqla yaraladığı kimi, bir taxta və ya plastiki də kəsə bilir. Mütəxəssislər buna bir neçə səbəb göstərir. Əvvəla barmaq və əllərimizdə həssas sinirlər olur. Ona görə də, kağız barmağımızı kəsdikdə beyinə ağrılı siqnallar göndərilir. Kağızın kəsdiyi yara hamar bir kəsik deyil. Onun kənarına bir mikroskop altında baxsanız eynilə köpəkbalığının dişləri kimi itiuclu olduğunu görərsiniz. Elə bu səbəbdən də bu yaralar ağrılı olur.

Bundan əlavə, kağız taxta və kimyəvi maddələrdən hazırlanır. Taxta və kimyəvi maddələrin kombinasiyası dəridə sıxışa bilər ki, bu da kəsik yerinin zərər görməsinə və yaranın günlərlə sızlamasına səbəb olur. Əgər nə vaxtsa kağız kəsiyinə məruz qalsanız, unutmayın ki, mikrobdan qorunmaq üçün dərhal yaranı yumaq və üzərinə bir bant yapışdırmaq lazımdır.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".