MARAQ DÜNYAMIZ
Maraqlı

MARAQ DÜNYAMIZ

Varlılarla kasıbların beyni fərqli işləyir?

Həyatımız boyu bütün hərəkətləri demək olar ki, müəyyən motivasiya qarşılığında edirik. Belə ki, işə getmək pul mükafatından və ya evi təmizləmək yekunda təmizlik hissinin verəcəyi həzdən qaynaqlanır. Əslində, bizi həvəsləndirən mükafatın özü deyil, mükafatı alacağımızı bilmək hissidir. Aparılan son araşdırma zamanı məlum olub ki, eyni mükafat statusundan asılı olaraq insanları müxtəlif cür motivasiya edir.

Zəngin və kasıb ailələrdən olan uşaqların iştirakı ilə aparılan araşdırmanın nəticələri göstərib ki, onların sosial statusu beyindəki "motivasiya" mərkəzlərinin aktivləşməsinə güclü təsir göstərir. Bu isə o deməkdir ki, zəngin və kasıb ailələrin uşaqlarının beyinləri onların sosial statuslarından asılı olaraq fərqli işləyir. Məsələn, biz çətin bir işi həll edə bildikdə və ya gün ərzində böyük səylə çalışaraq nəyisə bacardıqda müəyyən həzz alırıq. Bu həzz hissi isə beynin motivasiya mərkəzlərindən biri olan striatumun fəaliyyətindən qaynaqlanır. Məhz zəngin və kasıb ailələrdən olan uşaqların fərqli düşünmələrinin əsas səbəbi də beyinin bu bölgəsi ilə əlaqəlidir. Araşdırma nəticəsində ortaya çıxıb ki, kasıb ailələrdən olan gənclər qalib gəlməyə və uduzmağa daha biganə yanaşdıqları üçün suallara cavab verməyə az vaxt sərf edirlər. Lakin varlı ailələrdən olan gənclər isə cavab verməzdən əvvəl çox düşünürlər. Bu isə mükafatın onlara fərqli təsir göstərdiyini, yəni striatumun daha az həssas olduğunu göstərir. Bütün bunların tam olaraq nə ilə əlaqəli olduğu hələ də sirr olaraq qalır. Onu da qeyd edək ki, bu araşdırma beyin funksiyasının xüsusiyyətləri ilə insanın maddi vəziyyəti arasında əlaqəni göstərən ilk tədqiqat deyil.

Sən demə yazı yazmaq...

Müasir dövrdə əlyazmalardan çox yazının elektron variantına üstünlük verilir. Lakin amerikalı elm adamları belə qənaətə gəliblər ki, klaviatura ilə müqayisədə qələmlə yazmaq beyni daha yaxşı inkişaf etdirir.

Tədqiqatçılar elektroensefaloqramma (EEQ) vasitəsilə 36 universitet tələbəsinin beyin fəaliyyətini təhlil ediblər. Həmin ərəfədə iştirakçılara bir neçə dəfə qələmlə və ya ekranda görünən sözü klaviaturada yazmaq tapşırılıb. Tələbələr əl yazısı üçün rəqəmsal qələm və sensor ekrandan istifadə ediblər. Klaviaturada yazarkən isə düymələri bir barmaqla basıblar. Nəticədə klaviatura ilə müqayisədə qələmlə yazarkən tələbələrin beyninin müxtəlif nahiyələrində aktivliyin artdığı müşahidə edilib. Alimlər hesab edirlər ki, qələmdən istifadə zamanı hisslərdən alınan informasiya beyində öyrənmə üçün zəruri olan əlaqələrin formalaşmasına daha yaxşı kömək edir. Klaviaturada yazarkən sadəcə düymələr basılır ki, bu da beyni daha az stimullaşdırır. Alimlərin fikrincə, klaviaturada yazmağın bir çox avantajı olsa da, vaxtaşırı əl yazısından istifadə etmək daha faydalıdır.

Araşdırmanın nəticələri "Frontiers in Psychology" jurnalında dərc olunub.

Əcdadlarımızın qidası bu imiş

Çoxlarımız elə düşünürük ki, qədim insanlar yalnız ət ilə qidalanıblar. Çünki adətən şəkillərdə onlar tonqal ətrafında vəhşi bir heyvanı bişirərkən və ya irisümüklü mamontu parçalayıb yeyərkən təsvir edilir. Lakin yeni araşdırmanın nəticələri bunun tam əksini göstərir. Belə ki, tədqiqatçılar qədim insanların əti nadir hallarda yediyini, daha çox bitki ilə qidalandıqlarını müəyyən ediblər.

Tədqiqatçılar 9000 il əvvəl And dağında basdırılmış qədim qalıqları analiz ediblər. Onlar müasir metod olan mass-spektrometriya vasitəsilə insan sümüyü içində qorunub saxlanan izotopları araşdırıblar. Alimlər daha çox azotu təhlil ediblər. Çünki nə qədər çox heyvani zülal qəbul edirlərsə, insan sümüyündə bir o qədər çox azot olur. Lakin alimlər qalıqlarda gözlənildiyi qədər azotun olmadığını müəyyənləşdiriblər. Nəticələr göstərib ki, qədim insanların qida rasionunun 70 faizindən çoxu bitkidən, xüsusilə müasir kartofa bənzəyən kök tipli qidadan ibarət olub. Qeyd edək ki, bu tərəvəzin qalıqları qədim qabların yanmış dibində də aşkarlanmışdı.

Araşdırmanın təfərrüatları "Plos One" jurnalında çap olunub.

Onlara "bambuk ayısı" da deyirlər

Nəhəng, yumşaq oyuncağı xatırladan pandalar dünyanın ən nadir məməlilərindən hesab edilir və Çinin cənub-qərbində dumanlı, yağışlı dağlarda, sıx bambuk meşələrində yaşayırlar. Xoş təbiəti, utancaq və şıltaq olmaları ilə seçilən bu sevimli heyvanlar yırtıcılar dəstəsinə aid olsalar da, onların qida rasionunun çox hissəsini bitki təşkil edir. Demək olar ki, yalnız bambuk tumurcuqları və yarpaqlarını yeyirlər. Məhz bu səbəbdən onlara həm də "bambuk ayısı" deyirlər.

Ginnesin Rekordlar Kitabına "ən nadir cəlbedici heyvanlar kimi" düşən pandalar günün 12 saatını yemək yeməyə sərf edirlər. Bunun səbəbi isə bambukun çox da doyurucu olmaması və yeyilən qidanın yalnız beşdə bir hissəsinin həzmə getməsidir. Məsələn, böyük panda gündə 15 kilo bambuk yeyir. Bu isə ildə 6 ton bambuk deməkdir. Yetkin dişi panda 200 kiloqram ağırlığında olur. Onların digər maraqlı xüsusiyyətlərindən biri də 6 barmağa sahib olmasıdır. Bu sayədə qidalarını möhkəm tuta və asanlıqla yeyə bilirlər. Pandalar soyuq və rütubətli mühitlərdə yaşadıqları üçün balalarını mağara kimi yerlərdə dünyaya gətirirlər. Kiçik və sevimli bir oyuncağa bənzəyən körpə pandaların gözləri doğulduqdan sonra uzun müddət bağlı qalır. Ümumiyyətlə, sentyabr ayında doğulan balaların boyları 10 santimetr, çəkiləri isə 142 qram ağırlığında olur. Buna baxmayaraq, çox tez inkişaf edib böyüyən pandalar, 1.5 yaşına gəldikdə 50 kiloqram ağırlığına çatır və bambuk yeyə biləcək qədər güclü, sərt dişlərə sahib olurlar.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".