Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Süni zəka parlamentə də daxil oldu

Türkiyə Böyük Millət Məclisi və TÜBİTAK-ın birgə həyata keçirdiyi Protokol İnformasiya Sistemi Layihəsinə əsasən, süni intellekt millət vəkillərinin  səslərini tanıyacaq və onların parlamentdəki çıxışlarını yazıya köçürəcək.

Məlumat üçün qeyd edək ki, parlamentdə edilən hər bir çıxış  stenoqraflar tərəfindən rəsmi olaraq qeydə alınır. Yeni sistem stenoqrafların işini asanlaşdırmaq üçün nəzərdə tutulur. Mövzu ilə bağlı açıqlama verən Türkiyə Böyük Millət Məclisinin Protokol Xidmətinin rəhbəri Muhsine Çevik, rəhbərlik etdiyi bölmədə 99 stenoqrafın olduğunu bildirib. O qeyd edib ki,  müzakirələri qavramaq üçün süni intellekt kifayət etmir, hələ də stenoqrafların  xidmətinə ehtiyac var.

Layihəyə əsasən spiker danışdıqdan sonra stenoqraflar artıq ekspert stenoqraf kimi çalışacaq və onlar ancaq yazıya köçürülmüş mətni yoxlayacaqlar.

"Buradakı süni intellekt  çıxış edən deputatın adını, səsini tanıyacaq, onun nitqini yazıya köçürəcək. Ümid edirəm ki, gələcəkdəki digər tapşırıqlarımızı da bu sistemin köməyi ilə yerinə yetirəcəyik ", - deyə Muhsine Çevik əlavə edib.

Elon Mask kosmosdan internet təklif edir

Elon Maskın  kosmosdan yüksək sürətli internet təklif edən "SpaceX" şirkəti getdikcə uğur qazanmaqdadır. Məlumat üçün bildirək ki, şirkətin "Starlink" layihəsi üçün "Falcon-9"a yüklənən peyklər yerin orbitinə siqnallar göndərir. Bununla da  peyklər "Starlink" sisteminin əhatə dairəsini və tutumunu daha da artırır.

Qeyd edək ki,  ilk vaxtlarda "SpaceX" şirkətinin "Starlink" layihəsi olduqca zərərlə fəaliyyət göstərib. Daha sonra isə yeni ölkələrdə yeni istifadəçilərin sayının artması nəticəsində bu vəziyyət dəyişib. Elon Mask bu yaxınlarda verdiyi açıqlamada bildirib ki,  sözügedən layihə artıq istifadəçi sayının artması nəticəsində uğur qazanıb. Lakin o qeyd edib ki, hələ "Starlink" ilə bağlı hədəfinə tam çatmayıb. Belə ki, o, bu layihənin xidmətinin gəlirlilik səviyyəsini qiymətləndirib.

Yeri gəlmişkən bildirək ki, "Starlink" gələn il daha  çox ölkədə o cümlədən Azərbaycan və Türkiyədə də xidmət göstərə  bilər. Hələlik isə ölkəmizdə bu xidmətdən istifadə etmək mümkün deyil. Lakin hazırda "Starlink" xidmətindən istifadə edə bilmək üçün 9 dollar ödəməklə rezerv etmək mümkündür.

"SpaceX" şirkətinin yeni nəsil peykləri xüsusi texnologiya vasitəsilə dünyada ölü zonaları aradan qaldırmağı hədəfləyir. Şirkətin əsas məqsədi bütün dünyada smartfonlara peyk interneti təmin etməkdir.

Samsung öz ekzoskeletini hazırlayır

Cənubi Koreyanın nəhəng elektronika şirkəti "Samsung" özünün ekzoskeletini satışa çıxarmağa hazırlaşır. Məlumata görə,  yaxın aylarda satışa çıxarılacaq "Bot Fit" adlı ekzoskelet yaşlı və fiziki məhdudiyyətə sahib insanlar üçün nəzərdə tutulur.

Şirkətdən verilən məlumata görə, ekzoskelet bud və belin aşağı hissəsinə bərkidilmək üçün nəzərdə tutulub. Nəticədə ekzoskelet istifadəçinin hərəkət etməyə səy göstərdiyi istiqamətdə onun ayaqlarını itələyir. "Bot Fit"in iki rejimdə çalışacağı gözlənilir: Booster və Aqua. Birinci rejim hərəkət prosesinin sadələşdirilməsi, ikinci rejim isə müəyyən zədədən sonra reabilitasiya və istirahət üçün nəzərdə tutulacaq. Bununla yanaşı, ekzoskeleti "Samsung"un smartfonları, smart saatları və qulaqlıqlarına da naqilsiz şəkildə qoşmaq mümkün olacaq. Ekzoskeletin texniki göstəriciləri barəsində hələ ki, heç bir məlumat yoxdur.

Qeyd edək ki, "Samsung" daha öncə "Bot Fit" adlı ticarət nişanının qeydiyyatdan keçirilməsi sorğusunu göndərmişdi. Yanvar ayında keçiriləcək CES 2024 sərgisi çərçivəsində "Bot Fit"in  təqdim olunacağı gözlənilir.

Dünyanın ən aerodinamik avtomobili

Çinin nəhəng avtomobil brendlərindən biri olan "Chery" dünyanın  ən böyük  aerodinamik elektrikli avtomobilini istehsal etdiyini iddia edib.

Qeyd edək ki, hamar dizayn xəttinə sahib, yüksək performanslı aerodinamikliyi ilə seçilən yeni   avtomobil həmçinin elektriklidir. Ancaq bu model hazırda kütləvi istehsal üçün  əlverişli deyil, çünki hələ konsept mərhələsindədir. Bununla belə, "Chery" brendi yeni avtomobil barədə olduqca iddialıdır. Şirkətin mühəndisləri bildirib ki, avtomobilin yüksək aerodinamikaya sahib olması üçün onun dizaynında tuna balığından ilhamlanıblar. Maraqlısı budur ki, tuna balığı dənizin ən hidrodinamik, yəni çevik balıqlarından biridir. Elə ona görə də mühəndislər avtomobili məhz bu balığa oxşatmağa çalışıblar. Hətta avtomobilin hamar dizaynı və özünəməxsus eksteryeri də tuna balığına bənzəyir.

Bundan əlavə, şirkət rekord sürtünmə əmsalına sahib ola bilməsi üçün yeni avtomobilini süni intellektə əsaslanan bir çox sınaqdan keçirir. Aparılan sınaqlar nəticəsində prototip olduqca yaxşı nəticələr göstərdiyi üçün "Chery" avtomobilinin dünyanın ən aerodinamik avtomobili olduğunu iddia edir. Görünən odur ki, yeni avtomobilin hazırlanmasında şirkətin əsas məqsədi bazarda səs-küy yaradaraq diqqət cəlb etmək və brendin digər avtomobillərinin də satışına şərait yaratmaqdır.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".