Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

Vətən müharibəsinin 43-cü günü

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

8 noyabr

  • Vətən müharibəsinin 43-cü günü Azərbaycan xalqının illərlə arzusu ilə yaşadığı, 27 sentyabrdan - haqq savaşımızın ilk günündən gözlədiyi müjdə ilə tarixə yazıldı. Qarabağın tacı, qala şəhəri Şuşa 2020-ci ilin 8 noyabrında işğaldan azad olundu.
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.
  • Müzəffər Azərbaycan Ordusunun bu möhtəşəm zəfər müjdəsini Prezident, Ali Baş Komandan İlham Əliyev Şəhidlər Xiyabanından Azərbaycan xalqına müraciətində elan edib: "Əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq".
  • Prezident, Ali Baş Komandan İlham Əliyev birlik komandiri general-leytenant Hikmət Mirzəyevə zəng edib. Ali Baş Komandan Şuşa şəhərinin işğalçılardan azad edilməsi münasibətilə Hikmət Mirzəyevi təbrik edib. Dövlətimizin başçısı Şuşanın azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırıb. General-leytenant Hikmət Mirzəyev şəxsi heyət adından Ali Baş Komandana dərin təşəkkürünü ifadə edib. O, Ali Baş Komandanın əmrlərini yerinə yetirmək və etimadını doğrultmaq üçün şəxsi heyətin hər zaman hazır olduğunu məruzə edib.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu və milli müdafiə naziri Hulusi Akarı qəbul edib: "Bildiyiniz kimi, bu gün xalqımız üçün çox əziz bir gündür, tarixi bir gündür. Bu gün Şuşa şəhərinin azad edilməsi günüdür. Belə bir gündə bizimlə bərabər olmağınız xüsusi önəm daşıyır. Bu, növbəti qardaşlıq nümunəsidir, növbəti qardaşlıq təzahürüdür. Hər zaman olduğu kimi, yaxşı günlərdə də, ağır günlərdə də biz bir yerdəyik. Bu hadisə bir daha onu göstərir ki, bizim xalqlarımız bir-birinə nə qədər yaxındır, Türkiyə və Azərbaycan bir-birinə nə qədər doğmadır".
  • Birinci vitse-prezident Mehriban xanım Əliyeva rəsmi "Instagram" səhifəsində tarixi qələbə ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: "Bu anlarda bütün xalqımız təsvirəgəlməz qürur və sevinc hissləri keçirir! Şuşa işğaldan azad edilib! Bu münasibətlə bütün həmvətənlərimizə səmimi təbriklərimi çatdırıram! İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur! Vətənimizi müdafiə edən və əzəli Azərbaycan torpaqlarını işğaldan azad edən qəhrəmanlar nəslinin bugünkü igidlikləri Azərbaycan tarixinə əbədi daxil olacaq və hər birimizin yaddaşında həmişəlik qalacaq! Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi bizim rəşadətli əsgərlərimizin qəhrəmanlığı və igidliyi, dözümlülüyü və qələbə əzmi sayəsində mümkün olur! Vətən naminə canlarından keçmiş şəhidlərimizə Allah rəhmət eləsin!".
  • Azərbaycan Ordusu Şuşa şəhərinə tam nəzarət edir. Xalqımız Şuşanın azad olunmasını böyük coşqu ilə qeyd edib.
  • Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub. Ermənistan silahlı qüvvələrinin xeyli sayda canlı qüvvəsi, dörd ədəd T-72 tankı, iki ədəd D-20 topu və döyüş sursatı ilə dolu bir neçə hərbi yük avtomobili sıradan çıxarılıb.
  • Cəbhənin Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin ön idarəetmə əntəqəsinə hava zərbələri endirilib.
  • Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 həmlə təyyarəsi və PUA-nın tətbiqi ilə endirilən aviasiya zərbələri nəticəsində düşmənin səngər və sığınacaqları dağıdılıb, yüksək vəzifəli şəxsləri məhv edilib.
  • Cəbhənin Xocavənd istiqamətində düşmən bəzi mövqeləri ataraq qaçıb. Bu istiqamətdə Ermənistan silahlı qüvvələri ciddi itkilər verib.
  • Silahlı Qüvvələrimizin sentyabrın 27-də Qarabağda başlayan əks-həmlə əməliyyatı nəticəsində noyabrın 8-dək 5 şəhər (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa), 3 qəsəbə və 215 kənd işğaldan azad edilib. Bu siyahıya Cəbrayıl şəhəri və rayonun 79 kəndi, Füzuli şəhəri və rayonun 36 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 47 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 23 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 26 kəndi, Xocalı rayonunun 1 kəndi daxil idi.
  • İşğaldan azad olunmuş Zəngilan rayonu ərazisindəki sərhəd zastavalarında dövlət bayrağımız ucaldılıb.

"Respublika".