VIII GÜN. RETROSPEKTİV
Tarix

VIII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə  Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

19 noyabr

  • İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycana rəsmi səfərə gəlib.
  • Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Xarici İşlər Nazirliyi tərəfindən Beynəlxalq Ədalət Məhkəməsinin qərarının təhrif olunması ilə bağlı şərh verib.

20 noyabr

  • Azərbaycan və İraq prezidentlərinin təkbətək görüşü keçirilib, mətbuata bəyanatlarla çıxış ediblər, Azərbaycan-İraq sənədləri imzalanıb.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən Qoşulmama Hərəkatının "Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması" mövzusunda Konfransın iştirakçılarına müraciət ünvanlayıb.

21 noyabr

  • Azərbaycan Prezidentinin Fransanın neokolonializm siyasətini ifşa edən fikirləri dünya mediasında geniş yer alıb.
  • Azərbaycan Respublikası Prezidenti Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
  • Azərbaycan Prezidenti İlham Əliyev Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Qlobal tədbirlərin mötəbər ünvanı

Ölkəmiz təkcə regional deyil, eyni zamanda dünyada baş verən proseslərə öz töhfəsini verməyə çalışır, qlobal təşəbbüslərlə çıxış edir. Bunun nəticəsidir ki, Azərbaycan bu gün dünyanın müxtəlif forumlarının, konfranslarının, mühüm tədbirlərinin keçirildiyi məkana və mərkəzə çevrilib. Noyabrın 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda konfransın Bakıda keçirilməsi ölkəmizin zəngin əməkdaşlıq ənənələrinə malik olduğunun, dünyanın üzləşdiyi mürəkkəb geosiyasi vəziyyətlərdə optimal həll yolları təklif edən dövlət kimi tanındığının təsdiqidir. "Müxtəlif qitələri təmsil edən 18 ölkədən 40-dan artıq təmsilçinin növbəti dəfə Bakıda toplaşaraq, XXI əsrdə təəssüf ki, hələ də davam edən kolonializm siyasətini pisləməsi, müstəmləkə altında saxlanılan ərazilərdə qadınların vəziyyətinə dair gerçəklikləri dünya ictimaiyyətinə çatdırması, müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində sistemli və ardıcıl iş aparması və təşkilatlanması sevindirici haldır".

Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Bakıda keçirilən "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd olunub.

Azərbaycanda tarixən qadına göstərilən hörmətin, qadın adının uca tutulmasının xalqımızın ən ali mənəvi keyfiyyətlərindən biri olmasının vurğulandığı müraciətdə bildirilib: "Azərbaycan qadınları tariximizin bütün dövrlərində taleyüklü məsələlərin həll edilməsinə, habelə xalqımızın azadlıq mübarizəsində və torpaqlarımızın Ermənistan Respublikasının işğalından azad edilməsinə öz töhfəsini vermişdir".

  • Milli Məclis ABŞ Senatının "2023-cü il erməniləri müdafiə aktı" ilə əlaqədar Bəyanat qəbul edib.
  • Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Əmək Nazirləri Konfransı işə başlayıb.

İslam dünyasının nəbzi Bakıda döyündü

Müstəqilliyini yenicə əldə etmiş Azərbaycanın müraciət etdiyi ilk platformalardan biri İslam Əməkdaşlıq Təşkilatı olmuşdur. Nəticədə Azərbaycan 1991-ci il dekabrın 8-də İƏT-in Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Qeyd edək ki, 28-30 iyun 2011-ci il tarixlərində Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində keçirilmiş İKT Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyası zamanı İslam Konfransı Təşkilatının adı İslam Əməkdaşlıq Təşkilatı adı ilə əvəz olunmuşdur.

Qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanı Krallığına səfəri ölkəmizin sözügedən təşkilatla əməkdaşlığının gələcək inkişafı üçün zəmin yaratmaqla yanaşı, səfər əsnasında onun müqəddəs Kəbədə Ümrə ziyarəti, keçirdiyi məhsuldar görüşlər bütün İslam dövlətlərinin ölkəmizə maraq və diqqətini artırmışdır.

Mötəbər tədbirlərə evsahibliyi edən ölkəmiz beynəlxalq təşəbbüslər irəli sürməkdə davam edir. Noyabrın 21-də Bakı Konqres Mərkəzində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı öz işinə başladı. Tədbir çərçivəsində İƏT əmək nazirlərinin 5-ci konfransına sədrlik Azərbaycan Respublikasına həvalə olundu. Bununla bir daha İslam dünyasında Azərbaycana göstərilən etimad özünü doğrultdu.

Tədbir iştirakçılarına müraciət məktubu ünvanlayan ölkə başçımız qeyd edib: "Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində Təşkilatın səylərini davamlı olaraq dəstəkləyir. Qlobal böhranların, bəşəriyyət qarşısında duran yeni sınaq və çətinliklərin, islamofobiyanın geniş yayıldığı dövrdə müsəlman dövlətlərinin bir-birinə qarşılıqlı dəstək göstərməsi, İslam birliyinin gücləndirilməsi olduqca vacibdir".

22 noyabr

  • Prezident İlham Əliyev SPECA ölkələrinin sərgisinin açılışında iştirak edib.
  • Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyanın dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət nazirini qəbul edib.
  • Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib.
  • İƏT-in Əmək Mərkəzinin Baş Assambleyasına sədrlik Azərbaycana həvalə olunub.
  • Azərbaycandakı mina qurbanları və bu sahədə fəaliyyət göstərən QHT-lər AŞPA prezidentinə açıq məktub ünvanlayıblar.
  • Laçın şəhərinə daha 21 ailə - 81 nəfər köçürülüb.

23 noyabr

  • Prezident İlham Əliyev BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibini qəbul edib.

24 noyabr

  • Prezident İlham Əliyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib.
  • Prezident İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın Zirvə görüşündə iştirak edib.

İqtisadi gücün təməli – birgə əməkdaşlıq

Noyabrın 24-də SPECA həftəsi çərçivəsində proqramın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü olub. Sammitdə Proqrama üzv olan ölkələrin prezidentləri ilə yanaşı, Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak edib. Görüşdə çıxış edən ölkə başçımız bildirib: "Hazırda Azərbaycan SPECA-ya sədrlik edir. İyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsünə dəstək verdikləri üçün Mərkəzi Asiya ölkələrinin rəhbərlərinə təşəkkürümü bildirirəm. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir...". Qeyd edək ki, görüş çərçivəsində BMT-nin himayəsi altında SPECA Etimad Fondunun təsis edildiyi açıqlanıb. Ölkə başçımız bildirib ki, Azərbaycan Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq.

Proqrama üzv ölkələr müstəqil daxili və xarici siyasəti olan dövlətlərdir. Digər üzvlərlə yanaşı, respublikamızda güclü investisiya imkanları mövcuddur. Bunun nəticəsidir ki, Azərbaycanın birbaşa xarici borcu hazırda Ümumi Daxili Məhsulun təxminən 10 faizini təşkil edir. Son 20 ildə valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyib, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb.

Müstəqilliklərinin ilk illərində Proqrama qoşulan Mərkəzi Asiya ölkələri bu gün öz iqtisadi gücləri ilə dünyada seçilirlər. Şübhəsiz ki, Zirvə görüşü və bundan sonra baş tutacaq toplantılarda dövlətlərimizin rifahı üçün ciddi addımlar atılacaq.

  • Cəbrayıl rayonunun Soltanlı kəndinin təməli qoyulub.
  • Füzuli şəhərinə daha 25 ailə yola salınıb.

25 noyabr

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelko Komşiçə təbrik məktubu ünvanlayıb.
  • Gələn il Şuşada "ASAN xidmət" in fəaliyyətə başlayacağı açıqlanıb.

“Respublika”.