Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Ən bahalı internet bu ölkədə imiş

Son dövrlər artan inflyasiya və valyuta məzənnələri səbəbindən bir çox internet provayderi xidmətlərində qiyməti artırıb. Demək olar ki, cari il ərzində artım etməmiş provayder yoxdur. Bəs dünyada aylıq internet ödənişi hansı ölkələrdə daha bahadır?

Picodi.com saytında  paylaşılan siyahı 100 Mbps (Meqabit) sürət üçün provayderlərin tələb etdiyi abunə haqqına uyğun olaraq hazırlanmışdır. Bununla belə, müqayisə provayderlərin rəsmi internet saytındakı qiymətlərin orta göstəricisi əsasında aparılıb.

Reytinqdə birinci yeri Norveç tutur. Ölkədə fəaliyyət göstərən provayderlər 100 Mbit/s sürət üçün ayda orta hesabla 75,1 avroya xidmət göstərirlər. İkinci yerdə 58,8 avro ilə İslandiya, üçüncü yerdə isə 53,8 avro ilə Avstraliya gəlir.

ABŞ-da fəaliyyət göstərən provayder haqqı 47,3 avroya bərabərdir. Böyük Britaniyada isə bu rüsum 43,8 avro təşkil edir. Türkiyədə isə 100 Mbps sürət üçün orta aylıq ödəniş 12,7 avrodur, reytinqin sonuncu pilləsində qərarlaşıb və ən ucuz internetdən istifadə edən ölkələr sırasındadır. Bunun səbəbi ölkənin avro vahidinə əsaslanmasıdır.

"Toyota" yeni ilə yeni planlarla girəcək

Yaponiyanın avtomobil nəhəngi "Toyota" 2024-cü ilin sonundan  innovativ "steer by wire" texnologiyasını bütün avtomobillərinə tətbiq etməyi planlaşdırır.

Sistem artıq uğurla sınaqdan keçirilib. "Toyota" sistemdə təkmilləşdirmələr edib və elektrikli sükana keçiddən sonra dönmə bucağını 150 dərəcədən 200 dərəcəyə qaldırıb. Mütəxəssislərin fikrincə, yeni sistem daha çox təhlükəsizlik təmin edir. "Toyota", elektrikli sükana keçidlə geriyə manevrlərin asanlaşdığını bildirir. Qeyd edək ki, "Steer by wire" sistemi sükan çarxının hərəkətini sensorlarla aşkar edir və kabel vasitəsilə təkərlərdəki elektrik mühərriklərinə siqnal göndərir. Ənənəvi sistemlərdən fərqli olaraq, burada  sükan çarxını təkərlərə birləşdirən şaft və ya mexaniki komponentlər yoxdur. Təkərlərin idarə olunması tamamilə elektron şəkildə həyata keçirilir. Bu səbəbdən onu elektrik hidravlik sistemləri ilə qarışdırmaq olmaz.

Sistemin bir çox üstünlükləri var. Ən mühüm üstünlük ondan ibarətdir ki, elektrikli sükana keçid fırlanma nisbəti avtomobilin sürətindən və yol vəziyyətindən asılı olaraq dəyişə bilər. Məsələn, dolambac yollarda sükan nisbətini azaltmaqla döngələri daha asan keçmək olar.

Süni zəka sayəsində 3 günlük iş həftəsinə keçilə bilər

Amerikalı biznes maqnatı, "Microsoft" şirkətinin yaradıcısı Bill Gates "What Now?" adlı podkasta müsahibə verib və o, süni zəka texnologiyasının sürətli inkişafı sayəsində gələcəkdə iş həftəsinin 3 günə endirilməsinin mümkün olduğunu bildirib.

Süni zəka texnologiyalarının iş yerlərinin ixtisarına təsir edib-etməyəcəyi  sualına cavab olaraq Gates bildirib ki, məhz bu sayədə gələcəkdə insanların indiki kimi çox çalışmalarına ehtiyac olmayacaq. Onun sözlərinə görə, robotlar məhsulların istehsalı kimi müəyyən öhdəlikləri öz üzərlərinə götürə bilərlər. Gatesin fikrincə, bu, öz növbəsində, işçilərin məşğulluq səviyyəsini aşağı salacaq və iş həftəsini 3 günə endirəcək.

Elon Musk və Steve Wozniak kimi şəxslərdən fərqli olaraq Gates təkmilləşdirilmiş süni zəkanın yaradılması prosesinin dayandırılmasına çağırışlar etmir. Qeyd edək ki, o, bu ilin mart ayının sonunda "Süni zəka dövrü başladı" adlı məqaləsini dərc etmişdi. Sözügedən məqalədə Gates süni zəka ilə bağlı fikirlərini detallı şəkildə qeyd etmişdi. "Microsoft" şirkətinin həmtəsisçisi düşünür ki, süni zəka kimi müasir texnologiyalar bir çox sahəni tamamilə dəyişə bilər. Bura həmçinin təhsil və səhiyyə sahələri də daxildir. Lakin bununla belə iş adamı süni zəka texnologiyasının bəşəriyyət üçün risk olduğunu da vurğulayıb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".