Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Elektromobil sürməyə dəyər?

Son dövrlər qənaət baxımından əlverişli hesab edilən elektromobillərə tələbat getdikcə artmaqdadır. Dünyada yanacağın qiymətinin artması elektrikli avtomobillərə keçidi sürətləndirir. Bəs bu avtomobillər nə dərəcədə etibarlıdır, onları sürməyə dəyərmi? ABŞ-ın "Consumer Reports" jurnalı bu suala cavab tapmaq üçün son 23 il ərzində 330 min avtomobil sahibindən müxtəlif məlumatlar toplayıb.

Nəticədə məlum olub ki, benzin və dizellə işləyən ənənəvi avtomobillər elektromobillərə nisbətən daha az hallarda sıradan çıxırlar.

Aparılan sorğunun nəticələri göstərib ki, ənənəvi avtomobillərdən fərqli olaraq elektromobillər etibarlılıq baxımından ortalama 79 faiz daha çox problemə sahibdirlər. Elektromobillərdə çox zaman şarj prosesi və batareyalarla bağlı problemlər yaşanır. PHEV (plug-in hybrid electric vehicle) hibrid avtomobillərində isə bu problemə daha çox rast gəlinir. Məlumatda göstərilir ki, bu hibridlərdə 146 faiz daha çox problem aşkar edilib. HEV (hybrid electric vehicle) hibrid avtomobillərinin isə 26 faiz daha az hallarda sıradan çıxdığı müəyyənləşib. Əldə edilmiş məlumatlar əsasında mütəxəssislər brendlər üzrə bütün növ avtomobillərin etibarlılıq reytinqini tərtib ediblər.

"Huawei" çip istehsalına başlayır

Çinin ən böyük texnologiya nəhənglərindən olan "Huawei" çip istehsal etməyi planlaşdırır və bunun üçün dövlət dəstəyi də alıb. Şirkət uzun müddətdir ki, çoxsaylı ABŞ embarqosuna məruz qalırdı. Lakin buna baxmayaraq, "Huawei" yeni texnologiyalar yaratmaqda israrlıdır.

Bu yaxınlarda ortaya çıxıb ki, "Huawei" ABŞ embarqoları və ya sanksiyaları ilə yalnız mübarizə aparmır. Yəni Çin texnologiya nəhənginə yardım edir. Bəzi mənbələrdən sızan məlumata görə, hətta şirkətə çip istehsalı şəbəkəsi yaratmaq üçün Shenzhen şəhər hökumətinin investisiya fondu tərəfindən maliyyə dəstəyi göstərilib. Həmçinin Çin hökuməti "Huawei" şirkətinə dəstək üçün 30 milyard dollarlıq layihəyə də start verib.

Ümumiyyətlə, şirkətin çip istehsalı təkcə özü üçün deyil, Çinin digər şirkətləri üçün də böyük əhəmiyyət kəsb edir. Belə ki, çinli çipset fabrikləri də bu vəziyyətdən yararlanır. Görünən odur ki, Çin ABŞ ilə çip müharibəsində gizli şəkildə "Huawei"i güclü silaha çevirir. Yəni artıq Çin və ABŞ arasındakı mübarizə texnologiya sahəsinə sıçrayıb.

Yeni ildən smartfon bazarı canlana bilər

Bildiyimiz kimi, bu il smartfon bazarında satışlarda durğunluq, hətta azalma müşahidə olunmuşdu. Lakin analitiklərin fikrincə yeni ildən etibarən süni intellekt sayəsində smartfon bazarı canlana bilər. Belə ki, "Samsung", "Vivo" və "Apple" kimi bir çox texnologiya nəhəngi artıq öz cihazlarında süni intellekt alətlərindən istifadə etməyə başlayıb.

Ekspertlər belə hesab edirlər ki, smartfonların süni intellekt texnologiyaları ilə təchiz edilməsi onlara olan marağı daha da artıracaq. Süni intellekt bu il həyatımızın ayrılmaz bir parçasına çevrilməyi bacardı. Məhz bu vəziyyətin ən böyük səbəbkarı isə "ChatGPT" adlı süni intellektə sahib çatbotunu yaradan "OpenAI" şirkətidir. Sözügedən botun bu il populyarlıq qazanmasından sonra demək olar ki, bütün texnologiya nəhəngləri süni intellektə meyil etdi. O cümlədən bura "Bing", "Google" kimi axtarış sistemləri də aiddir. Nəticədə isə smartfon nəhəngləri öz cihazlarına süni intellekt əsaslı funksiyalar əlavə etməyə başladı.

Bu il süni intellekt əsaslı bir çox proqram meydana gəldi. Bunlara insanların üzünü, səsini dəyişdirə bilən, sadəcə bir neçə söz əsasında şəkil yaradan və digər süni intellekt proqramları aiddir. İndi isə "Apple", "Vivo", "Xiaomi", "Samsung" kimi nəhəng smartfon istehsalçıları öz cihazlarında süni intellekt əsaslı funksiyalara üstünlük verəcək. Mütəxəssislərin fikrincə, məhz bu addım gələn il smartfonlara olan marağın artmasına səbəb ola bilər. 

Məşhur teleskopun fəaliyyəti dayandırıldı

NASA, uzun illərdir xidmətindən istifadə etdiyi "Hubble" kosmik teleskopunun texniki səhv ucbatından fəaliyyətini dayandırıb. Bununla da bütün elmi araşdırmalar yarımçıq saxlanılıb. Qeyd edək ki, 1990-cı ildə istifadəyə verilən teleskop 33 ildən artıqdır ki, kosmosu müşahidə edirdi. Bir çox mühüm kəşflərə imza atan "Hubble" hazırda giroskop səhvinə görə çətin günlər yaşayır.

Agentlikdən verilən məlumata görə, hazırda elmi əməliyyatların yenidən aktivləşdirilməsi üçün işlər aparılır. Maraqlısı budur ki, 33 ildir fəaliyyət göstərən kosmik teleskopun bütün hissələri sağlamdır, sadəcə texniki səhvə görə fəaliyyəti dayandırılıb. Belə ki, NASA kosmik aparatın üç giroskopundan birinin səhv ölçmələr verdiyini bildirib. Məlumat üçün qeyd edək ki, giroskoplar teleskopun fırlanma sürətini ölçür və onun hansı istiqamətə yönəldiyini təyin edir.

Agentlik ilk olaraq 19 noyabr tarixində təhlükəsiz rejimə keçid edib. Əməliyyat qrupu ertəsi gün müşahidələri davam etdirmək üçün teleskopu uğurla bərpa etsə də, davam edən giroskop problemi "Hubble"in fəaliyyətinə maneə olub. Hazırda problem yenidən test edilir. Lazım gələrsə teleskop bir giroskopla işləmək üçün yenidən konfiqurasiya edilə bilər. Xatırladaq ki, sonuncu dəfə 2009-cu ildə "Hubble"a 6 yeni giroskop quraşdırılıb. İndi isə onlardan sadəcə 3-ü işlək vəziyyətdədir.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".