İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Ölkə çempionatında yarımfinalçılar bəlli olub

Kişi boksçular arasında Azərbaycan çempionatında 1/4 final mərhələsinin görüşlərinə yekun vurulub. 41 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın dördüncü günündə 24 döyüş baş tutub. 6 çəki dərəcəsi üzrə keçirilən qarşılaşmalardan sonra bütün yarımfinalçıların adları məlum olub. Qələbə qazanan boksçular bununla da ən azı bürünc medalı özləri üçün təmin ediblər. Yığmanın aparıcı üzvlərindən Ruslan Qədirov, Malik Həsənov, Tayfur Əliyev və Nəbi İsgəndərov da finalda döyüşmək hüququ qazanıblar.

Yüksək Liqada IV tura yekun vurulub

Qadın voleybolçular arasında ölkə çempionatında IV tura yekun vurulub.

Turun son oyununda "Abşeron" və "Gəncə" komandaları üz-üzə gəliblər. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüş paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Dörd turdan sonra "Abşeron" 12 xalla liderdir. "Azərreyl" və "Murov Az Terminal" hərəyə 9 xalla turnir cədvəlində ilk üç yeri bölüşdürür. Aktivində 3 xalı olan "Gəncə" və "Milli Aviasiya Akademiyası" 4-5-ci pillələrdə qərarlaşıblar. Xalı olmayan UNEC isə sonuncu yerdədir.

"Təhsil" turnirində ikinci günün qalibləri müəyyənləşib

Yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq "Təhsil" turniri davam edir. Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışda U-15 yaş qrupunda sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.  5 çəki dərəcəsində qaliblər müəyyənləşib. İbrahim Həsənov (Azərbaycan), Ruhid İspərov (Azərbaycan), Tamerlan Aşenov (Qazaxıstan), Fuad Rzayev (Azərbaycan) 41 kq çəki dərəcəsində, Sammit Hüseynov (Azərbaycan), Məhəmmədəli Mansurov (Azərbaycan), Tərlan Bayramov (Azərbaycan), Aslan Əmirov (Azərbaycan) 48 kq çəki dərəcəsində, Tunar Quliyev (Azərbaycan) , Məhəmməd Həsənli (Azərbaycan), Məhəmməd Şirinli (Azərbaycan), Ramal Məmmədoğlu (Azərbaycan) 57 kq çəki dərəcəsində, Elgün Kərimli (Azərbaycan), Fərid İsmayılov (Azərbaycan), Tural Eynullayev (Azərbaycan), Elvin Hacıquliyev (Azərbaycan) 68 kq çəki dərəcəsində, Nurbol Maqauiya (Qazaxıstan),  Elnur Cabbarlı (Azərbaycan),  Röyal Muradov (Azərbaycan) isə 85 kq çəki dərəcəsində qalib olublar.

Nərgiz İSMAYILOVA,

"Respublika".