DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

Aİ-NİN GENİŞLƏNMƏ SİYASƏTİ İLƏ BAĞLI QƏTNAMƏ QƏBUL EDİLİB

Avropa Parlamentinin (AP) deputatları Avropa İttifaqının (Aİ) genişlənmə siyasəti ilə bağlı qətnamə qəbul ediblər. “Report” agentliyinin məlumatına görə, Strasburqda keçirilən plenar iclasın sessiyası parlamentin saytında yayımlanıb.

“Avropa Parlamenti Aİ Şurasını 2023-cü il dekabrın 14-15-də keçiriləcək sammitdə Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq barədə qərar qəbul etməyə çağırır”, - deyə qətnamənin mətnində bildirilir.

Eyni zamanda, Avropa Parlamentinin üzvləri Bosniya və Herseqovina ilə də oxşar danışıqların başlanmasına çağırıblar. Onlar həmçinin müəyyən tədbirlərin görülməsi şərti ilə Gürcüstana Aİ-yə üzv olmaq üçün rəsmi namizəd statusunun verilməsinə dair çağırış ediblər.

Digər tərəfdən, avroparlamentarilər Ermənistan hökumətinin Aİ-yə yaxınlaşmağa hazır olmasını alqışlayıb, AK-dən rəsmi Yerevan üçün ikitərəfli münasibətlərdə Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişindən kənara çıxmaq imkanlarını nəzərdən keçirməyi xahiş edibər.

LAVROV: QƏRBİN ƏSAS NARAHATLIĞI POSTSOVET MƏKANINA CƏMLƏNİB

Qərbin əsas məqsədi Rusiyanın MDB ölkələri ilə əməkdaşlığının pozulmasına yönəlib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

“Qərbin əsas narahatlığı və anti-Rusiya enerjisi postsovet məkanında cəmlənib. Prioritetləri keçmiş Sovet İttifaqı respublikaları arasında əlaqələri kəsmək, sosial-iqtisadi kompleksi, hüquq-mühafizə sistemini, ümumi təhlükəsizlik sistemini məhv etməkdir”, - deyə nazir vurğulayıb.

Bununla yanaşı, Sergey Lavrovun sözlərinə görə, Qərb institutları, qeyri-hökumət strukturları ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) xətti ilə və ya onun çətiri altında Vaşinqtonun açıq və tam koordinasiyası ilə öz proqramlarını həyata keçirməyə çalışırlar.

“Biz müttəfiqlərimizlə bu barədə açıq danışırıq, əksəriyyəti Qərb ideyasını mükəmməl anlayır. Biz də başa düşürük ki, onlar Qərb dövlətləri ilə mübahisə etmək istəmirlər. Onlar bizə qarşı müharibəyə başlamasaydı, biz də mübahisə etmək istəməzdik”, - deyə Lavrov əlavə edib.

Nazir bildirib ki, Rusiya Qərbin postsovet məkanı ölkələri ilə əlaqələri pozmaq cəhdlərini ciddi qəbul edir, bunu qarşı tərəf də yaxşı anlayır.

ALMANİYA UKRAYNAYA 8 MİLYARD AVRO AYIRMAQ NİYYƏTİNDƏDİR

Almaniya 2024-cü il üçün Ukraynaya silah tədarükü və maliyyə yardımına görə 8 milyard avro ayırmaq niyyətindədir. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Almaniya kansleri Olaf Şolts iqtisadiyyat naziri Robert Habek və maliyyə naziri Kristian Lindnerlə keçirdiyi mətbuat konfransında bildirib.

Bununla yanaşı, qeyd edilir ki, Almaniyada olan ukraynalı qaçqınlara yardım üçün daha 6 milyon avrodan çox vəsait ayrılacaq.

“Əgər cəbhədəki vəziyyət pisləşərsə, digər tərəfdarlar Ukraynaya yardımı azaldarsa və ya Almaniya ilə Avropaya qarşı təhlükə artmaqda davam edərsə, biz buna reaksiya verməli olacağıq”, - deyə kansler vurğulayıb.

Olaf Şoltsun sözlərinə görə, Almaniya Avropa Sülh Fonduna maliyyə yardımı ayırıb-ayırmamasından asılı olmayaraq Ukraynaya birbaşa maliyyə və hərbi dəstək verməyə davam edir.

İSRAİL MÜDAFİƏ QÜVVƏLƏRİNİN POLKOVNİKİ HƏLAK OLUB

İsrail Müdafiə Qüvvələrinin daha iki hərbçisi Qəzza zolağında həyata keçirilən quru əməliyyatlarında həlak olub. “Trend” agentliyinin xəbərinə görə, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Bildirilir ki, döyüşdə həlak olanlardan biri “Qolani” briqadasının qərargah rəisi, 44 yaşlı polkovnik İshak Ben-Basatdır. O, İsrail ordusunun Qəzza zolağında həlak olan  sayca dördüncü polkovnikidir.

Məlumata əsasən, həlak olan digər hərbçi isə “Qolani” briqadasının 51-ci batalyonunun 19 yaşlı çavuşu Oren Aloni olub.

Bununla, oktyabr ayından etibarən həlak olan İsrail hərbçilərinin sayı 444 nəfərə çatıb.

Xatırladaq ki, Fələstinin HƏMAS hərəkatı oktyabrın 7-də İsrailə qarşı hücumlar həyata keçirib. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olaraq dinc insanları qətlə yetiriblər.

ABŞ UKRAYNANIN MALİYYƏ GÖZLƏNTİLƏRİNİ DOĞRULTMUR

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-a səfəri zamanı amerikalı konqresmenlərdən 61 milyard dollarlıq yardımın ayrılmasını təsdiqləməyi xahiş edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentliyin qeyd etdiyinə görə, Ukrayna lideri Vaşinqtondan gələcək dəstəklə bağlı dəqiq söz almadan ölkəsinə qayıdıb.

Eyni zamanda, verilən xəbərə görə, Zelenski bundan əvvəlki səfəri ilə müqayisədə Vaşinqtonda konqresmenlərlə qapalı görüşdə daha soyuq qəbulla üzləşib.

Ukraynanın ən sadiq respublikaçı tərəfdarlarından biri Mitç Makkonel yardımın ilin sonuna kimi təsdiqlənməsi şansını “faktiki olaraq qeyri-mümkün” adlandırıb.

“Bloomberg” qeyd edib ki, ABŞ prezidentinin tərəfdarları bayram tətilindən sonra yardımın ayrılmasına imkan verəcək kompromisin əldə olunmasına ümid etdiklərini bildirirlər. Lakin buna baxmayaraq, həm Amerikada həm də Avropada Ukraynaya geniş siyasi dəstəyin zəiflədiyi aydın müşahidə olunur.

DÜNYA BANKI QƏZZA ZOLAĞI İLƏ BAĞLI HESABAT AÇIQLAYIB

Qəzza zolağında hərbi əməliyyatlar fonunda iqtisadiyyatın yalnız 16 faizi işlək vəziyyətdədir. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Dünya Bankının dərc etdiyi hesabatda qeyd olunur.

“Fələstin Mərkəzi Statistika Bürosunun  ilkin qiymətləndirmələrinə görə, 2023-cü ilin oktyabr ayında Qəzza zolağı istehsalat gücünün 16 faizini işə sala bilib”, - deyə açıqlamada bildirilir.

Dünya Bankının dəyərləndirmələrinə əsasən, Qəzza zolağının iqtisadiyyatı hərbi əməliyyatlar səbəbindən, demək olar ki, tamamilə dayanıb və işçilərin təqribən 85 faizi işsiz qalıb.

Təşkilatın ekspertlərinin fikrincə, Qəzza zolağında qurbanların sayı, yaşayış sektorunda dağıntıların sürəti və miqyası, eləcə də, yerli sakinlərin gəlirlərinin azalma səviyyəsi indiyədək görünməmiş dərəcədədir.

Hesabata əsasən, noyabr ayının ikinci yarısına Qəzza zolağında informasiya-kommunikasiya texnologiyalarının təqribən 60 faizi, səhiyyə və təhsil obyektlərinin 60 faizi və ya daha çoxu, ticarət infrastrukturunun isə 70 faizi zərər görüb və ya dağıdılıb.

ÇİN AVTOMOBİL İSTEHSALINDA REKORDA İMZA ATIB

Çin bu ilin yanvar-oktyabr ayları arasında ilk dəfə, demək olar ki, 21 milyon minik avtomobili istehsal edərək, Avropa İttifaqı və Böyük Britaniyanın göstəricilərini iki dəfə üstələyib. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bunu milli statistik məlumatlara əsaslanan hesablamaların nəticələri sübut edir.

Qeyd edilir ki, on ay ərzində Çin istehsalçıları 20,7 milyon avtomobil istehsal ediblər ki, bu da ölkə üçün mütləq rekorda çevrilib. Bu nəticə həm də pandemiyadan əvvəlki 2019-cu ilin nəticəsini 20 faizdən çox üstələyib.

Eyni zamanda, Aİ ölkələrində və Böyük Britaniyada anti-Rusiya sanksiyaları fonunda istehsal 4 il əvvəlki göstəricilərdən 22,5 faiz geriləyərək 10,4 milyon avtomobil təşkil edib.

Hasilatın azalması üzrə liderlər sırasında Finlandiya, Sloveniya, Rumıniya, Niderland və Fransa dayanır. Yalnız Belçika istehsalı artıra bilib, lakin o da cəmi 1 faiz - yəni 222 min avtomobil.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.