Cənubi Koreyada keçirilən parlament seçkilərində seçici fəallığı 67 faiz təşkil edib
Dünya xəbərləri

Cənubi Koreyada keçirilən parlament seçkilərində seçici fəallığı 67 faiz təşkil edib

Cənubi Koreyada parlament seçkiləri ilə əlaqədar keçirilən səsvermədə seçici fəallığı 67 faiz təşkil edib.

"Respublika" xəbər verir ki, bu barədə Cənubi Koreyanın Mərkəzi Seçki Komissiyası açıqlama yayıb. Bu rəqəm 4 il əvvəl keçirilmiş seçkidəki göstəricidən yüksəkdir.

Yerli vaxtla səhər saat 6-da başlayan səsvermə prosesi saat 18:00-da başa çatıb. Bir neçə təşkilatın keçirdiyi “exit-poll”un nəticələri əsas müxalif qüvvə olan Demokrat Partiyasının və tərəfdaşlarının parlamentdə üstünlük qazandığını göstərir. JTBC televiziya kanalının keçirdiyi sorğunun nəticələri müxalifətin Milli Assambleyadakı 300 yerdən 168-193, hakim Xalqın Gücü Partiyasının isə 87-111 arası yer qazandığını göstərir. SBS yayım şirkətinin sorğusuna görə isə müxalif bloku parlamentdə 183-197 arası yer qazanıb.

Mərkəzi Seçki Komissiyası seçkinin ilkin nəticələrini bir neçə saat sonra açıqlayacaq.

Qeyd edək ki, qanunvericiliyə əsasən, deputatların 254-ü birbaşa, 46-sı isə partiya siyahısı üzrə seçiləcək. Parlament seçkisi ilə əlaqədar seçici siyahılarına 44 milyondan çox seçicinin adı daxil edilib. Aprelin 5-6-da keçirilmiş erkən səsvermədə seçicilərin təxminən 31 faizi səs verib. Seçkilərdə iki aparıcı siyasi qüvvə - hakim Xalqın Gücü Partiyası və əsas müxalif Demokratik Partiya mübarizə aparır.