Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Salman Mümtaz

İstəsəydi, ailəsindən miras qalmış bir sandıq dolusu qızılla rahat, rifah içində yaşaya bilərdi, amma o, sandıq dolu qızılları da, öz qazandıqlarını da xalqı yolunda sərf etdi, milli-mədəni irsimizi, qədim əlyazmalarımızı toplayıb çap etdirdi. Həbs olunanda da evindəki bir yük maşını əlyazmanı yandırıblar. Söhbət siyasi düşmən kimi həbs olunan, meşədə güllələnən,  xalqının vurğunu, sözün hər mənasında böyük türk, Stalin repressiyasının qurbanı, mədəniyyətimizin ən işıqlı simalarından biri Salman Mümtazdan gedir...

Şəkinin Gəncəli məhəlləsində, tacir ailəsində dünyaya göz açan Salman Məmmədəmin oğlu Əsgərov ilk təhsilini Aşqabadda alıb. Atası Məmmədəmin Məşhəd ziyarətindən qayıdarkən Aşqabadda böyük torpaq sahəsi alıb yurd salır və karvansaray, dəzgah, mülk sahibi olur. Ailəsini yanına gətirməyə hazırlaşdığı bir ərəfədə  32 yaşında ağciyər iltihabından vəfat edir. Gənc yaşında dul qalan anası Məşədi Zəhra xanım iki oğlu və qardaşları ilə Aşqabada köçür və həyat yoldaşından qalan varidatı idarə etməyə başlayır. Uşaqlarının gələcəyini düşünən qadın iri bir sandıq alıb onu qızılla doldurur. Sonralar Salman Mümtaz məhz bu pulların sayəsində bir çox xeyriyyə işlərinə, o cümlədən Azərbaycan şairlərinin əlyazmalarının toplanması işinə imza atır.

Kiçik yaşlarında Mirzə Ələkbər Sabirlə görüş ona ədəbiyyatı sevdirir. Elmə böyük marağı olan Salman Mümtaz 22 yaşınadək rus, ərəb, fars və urdu dillərini mükəmməl öyrənir. Şərqin bir çox klassik şairlərinin əsərlərini dönə-dönə oxuyur və əzbərləyir. Mirzə Ələkbər Sabir yaradıcılığına və şəxsiyyətinə məftun olan Salman Mümtaz ondan müsahibə alan, onunla ünsiyyətdə olan ilk və  yeganə jurnalistdir. Böyük şairlə mehmanxanada bir yerdə qaldıqları günü  o belə təsvir edir: "Sabiri öz nömrəmə gətirdim və qalmağı təklif etdim. Sabir razı oldu. Əlahiddə krovat qoymaq mümkün olmadığından krovatımı ona verərək özüm kuşetkanın üstündə uzandım. Sabir yarım saatdan çox o böyrü və bu böyrü üstündə çevrildi. Səbəbini soruşduqda krovatdan şikayət edərək "məni atıb-tutur", - dedi. Yerimizi dəyişdik. Kuşetkanın üstündə uzanan kimi "ox, buna nə demişəm, mən prujinli krovatı harda görmüşəm", - deyərək yatdı… Gecə gec yatmağımıza görə səhər bir az gec durmalı idik. Lakin konkaların zənginin səsi və bazar əhlinin hay-küyü buna mane oldu və o gün Sabirlə müsahibəmiz oldu".

Cümhuriyyətin yaranması ərəfəsində o, ailəsi ilə birlikdə Bakıya köçərək, "Azərbaycan" qəzetində jurnalist kimi fəaliyyət göstərir. Qəzetdəki fəaliyyəti ilə yanaşı, Azərbaycan klassiklərinin yaradıcılığı ilə bağlı sənədlərlə maraqlanmağa başlayır. Doğma yurdunun vurğunu olan Mümtaz Azərbaycanı kənd-kənd, oba-oba dolaşmış, şəhərlərin və kəndlərin coğrafi adlarını mənimsəmişdi. Salman Mümtaz bel çantası və çarıqla səyahət edirdi.

1937-ci ilin qanlı repressiya burulğanı bu ziyalı insandan da yan keçmədi. Onu "Bakinskiy raboçi" qəzetində nəşr olunan məqalələrində buraxdığı "ideloji səhvlərini" əsas göstərərək pantürkizm və millətçilikdə ittiham edirdilər. "Xalq düşməni" damğası vurulan Salman Mümtaz tutduğu vəzifələrdən azad edilir və Bakıdakı evində siyasi düşmən kimi həbs olunaraq, ağır işgəncələrə məruz qalır. Həbs olunan zaman topladığı 270-ə yaxın əlyazma məhv edilir.

Salman Mümtaz 10 il müddətinə azadlıqdan məhrum edilərək Rusiyanın Oryol vilayətinə sürgün olunur və həmin bölgənin yaxınlığında Medvedski meşəsində güllələnir.

Helen Keller

Amerikalı yazıçı, pedaqoq, ictimai xadim Helen Adams Keller...  Dünyanı heyrətə salan bu əlil qadının həyatı haqqında çəkilən filmləri emosiyasız, göz yaşı axıtmadan izləmək mümkün deyil...

Kapitan Artur Henli Keller və Keyt Adams Kellerin ailəsində, Alabama ştatının inzibati mərkəzi olan Taskambiyada doğulan  Helen Keller dünyaya sağlam gəlsə də, 19 aylıq olarkən keçirdiyi xəstəlik nəticəsində görmə, eşitmə və danışma qabiliyyətini itirir. Bu xəstəliyin skarlatin və ya meningit olduğu ehtimal olunur. Xəstəlikdən sonra çox nadinc və islaholunmaz uşağa çevrilən Helenin ailəsi olduqca pis vəziyyətə düşür. Anası Keyt Keller qızının heç vaxt görə və eşidə bilməyəcəyini öyrənir. Bundan sonra valideynlər telefonu kəşf edən, ömrünü kar uşaqların təhsilinə həsr etmiş Qraham Bellə görüşür. Bell onlara ümid verir və onun sayəsində əfsanəvi müəllim Anna Mansfeld Sullivan ilə tanış olurlar. Ciddi görmə problemi olan Sullivan Helenə oxuma-yazma, danışmaq öyrədir və onun normal təhsil almasına köməklik edir. Deyilənə görə, Helenin həyatını və taleyini əsasən zehnində özünə yer etmiş "su" kəlməsi dəyişib. Müəllimi Heleni bir bulağın yanına aparıb əlini suyun altına tutub və dərhal əlinə "su" sözünü yazıbmış. İlk sözü öyrənməsinin ardınca Helen bir neçə saata təxminən 30 yeni söz öyrənmişdir. Qısa zamanda bütün dünyada məşhurlaşmağa başlayan Helen, fiziki qüsurlarına baxmayaraq, əfsanəvi şəxsiyyətə çevrilmişdir. Beş dil bilən, velosiped və yelkənli qayıq sürən, şahmat oynayan bu xanım, eyni zamanda müəllifi olduğu kitablarla əlillərin həyatına yeni rəng qatmağı bacarmış, onlar üçün həyatı asanlaşdırmağa çalışmışdı. Amerika Görmə Qüsuru Olanlar Dərnəyi ilə yanaşı, bir çox təşkilatlarda çalışmış, işi ilə bağlı müxtəlif ölkələrə səyahət etmişdir.  Gənclik dostu və tanınmış yazıçı Mark Tven Helen Keller haqqında belə deyirdi: "Sezar, Böyük İskəndər, Napoleon, Homer, Şekspir və bütün ölümsüzlərlə eyni klubda görüşən insan. Bundan min il sonra da məşhurluğunu ən az bugünkü qədər qoruyacaq".

İkinci Dünya müharibəsindən sonra təkcə amerikalı əlillərə yox, bütün dünyadakı əlillərə xidmət etməyə başlayan Helenin   haqqında çəkilən "Qaranlığın içindən" avtobioqrafik filmdə o şəxsən özü  iştirak edib. Hətta bu film iki dəfə "Oskar" mükafatı qazanıb.

Sonralar infarkt keçirən Helen sosial həyatdan uzaqlaşsa da, göstərdiyi fəaliyyət sayəsində Amerika prezidentlərinin sevimlisinə çevrilir. Vaşinqtonda qatıldığı sonuncu tədbirdən sonra prezident Kennedi tərəfindən "Ağ Ev"də qəbul edilir. Prezident Conson isə ona Amerikanın ən böyük mülki mükafatını - "Azadlıq" medalını təqdim edir.  87 yaşında həyatla vidalaşan Helen Keller müəllimə Annanın yanında dəfn edilib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".