DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

MACARISTANIN BAŞ NAZİRİ TÜRKİYƏ İLƏ BAĞLI BU İDDİANI TƏKZİB EDİB

Macarıstanla Türkiyə arasında İsveçin NATO-ya üzvlük müraciətinin təsdiqlənməsi ilə bağlı razılaşma mövcud deyil. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Macarıstanın baş naziri Viktor Orban bəyan edib.

Bununla yanaşı, baş nazir Macarıstan parlamentinin üzvlüyün təsdiqlənməsi üçün səsvermənin vaxtı ilə bağlı qərar verəcəyini açıqlayıb.

Viktor Orban həmçinin bildirib ki, hakim partiyanın deputatları arasında İsveçin alyansa üzvlüyünü təsdiqləmək üçün böyük istək yoxdur.

Məlumat üçün qeyd edək ki, İsveçin NATO-ya üzv olmasından ötrü Türkiyə və Macarıstanın razılığı tələb olunur.

Xatırladaq ki, prezident Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük müraciətini təsdiqləyərək Türkiyə Böyük Millət Məclisinə göndərib. Qanun layihəsi hələ də parlament tərəfindən təsdiq olunmayıb.

ABŞ və Avropa mətbuatı uzun zamandır Türkiyə və Macarıstanın bu məsələdə birgə hərəkət etdiyini yazır.

İSRAİL VƏ HƏMAS ARASINDA ATƏŞKƏS ÜZRƏ DANIŞIQLAR BƏRPA OLUNUB

Qəzza zolağında yeni atəşkəs və israilli girovların azad edilməsi barədə çox ciddi danışıqlar gedir. Bu barədə “Röyters” agentliyinin məlumatında qeyd olunur.

Verilən xəbərə görə, HƏMAS hərəkatı İsrail Qəzza zolağında hərbi əməliyyatları tamamilə dayandırmayacağı təqdirdə güzəştə getmək istəmir.

Danışıqlara Misirin vasitəçilik etdiyi bildirilir. Belə ki, HƏMAS lideri İsmayıl Haniya Misir rəsmiləri ilə danışıqlar aparmaq üçün bu ölkəyə səfər edib. Danışıqlarda İsraildə həbsdə olan fələstinlilərin müqabilində hansı israilli girovların azad edilə biləcəyi müzakirə olunub.

Misir rəsmilərinin sözlərinə görə, İsrail təcili tibbi yardıma ehtiyacı olan girov qalan bütün qadın, uşaq və qocalar da daxil olmaqla 40 nəfərin azad edilməsini istəyib. Bunun müqabilində yəhudi dövləti Qəzza zolağında quru və hava əməliyyatlarını bir həftə müddətinə dayandırmağı təklif edib, həmçinin anklava humanitar yardım axınına zəmanət verib.

ARGENTİNANIN YENİ PREZİDENTİ FÖVQƏLADƏ VƏZİYYƏT ELAN EDİB

Argentina prezidenti Xavyer Miley 2025-ci ilədək iqtisadiyyat, səhiyyə və sosial sahələrdə fövqəladə vəziyyət elan edib. “Report” agentliyinin məlumatına görə, bu barədə müvafiq fərman rəsmi dövlət qəzetində dərc olunub.

“2025-ci il dekabrın 31-dək iqtisadi, maliyyə, vergi, inzibati, pensiya, tarif və sosial sahələrdə, o cümlədən səhiyyə sahəsində fövqəladə vəziyyət elan edilsin”, - deyə fərmanda vurğulanır.

Məlumata görə, ümumilikdə, fərmanda 360-dan çox maddə var ki, onların da əhəmiyyətli bir hissəsi mövcud qanunları ləğv edir və ya onlara dəyişiklikləri öüzndə əks etdirir.

Fərman dərc edildiyi gündən qüvvəyə minir. Eyni zamanda, hökumət onu Konqresə təqdim etməli olacaq. Fərman yalnız parlamentin hər iki palatası onu etibarsız sayacağı təqdirdə ləğv edilə bilər.

ÜST-DƏN KORONAVİRUSUN “JN.1” VARİANTI İLƏ BAĞLI AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “COVID-19”un “JN.1” variantını sürətli yayılmasına görə,  “BA.2.86” ştammından ayrı nəzarət edilməli olan variant kimi təsnif edib. Bu barədə “TRT” telekanalı xəbər verib.

ÜST-ün açıqlamasında bildirilir ki, əldə edilən məlumatlara əsasən, “JN.1” variantının hazırda qlobal ictimai sağlamlıq üçün yaratdığı risk “aşağı” hesab olunur. “Buna baxmayaraq, şimal yarımkürəsində qışın başlaması ilə “JN.1” bir çox ölkələrdə respirator infeksiyaların yükünü artıra bilər”, - deyə açıqlamada vurğulanır.

Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatı məlumatları daim nəzarətdə saxladığını və lazım gəldikdə “JN.1” risk qiymətləndirməsini yeniləyəcəyini bildirib.

Açıqlamada həmçinin xatırladılıb ki, hazırkı “COVID-19” vaksinləri “JN.1” və “SARS-CoV-2”nin digər dövriyyədə olan variantlarının yaratdığı ciddi xəstəlik və ölüm hallarından qorunmağa davam edir.

Bununla yanaşı, təşkilat infeksiyalara və ciddi xəstəliklərə qarşı tədbir görülməsinə çağırıb. Ehtiyat tədbirlərinə insanların sıx olduğu, qapalı və ya zəif havalandırılan yerlərdə maska taxmaq, mümkün qədər ara məsafəsi saxlamaq, əlləri mütəmadi olaraq yumaq daxildir. Bildirilir ki, ağır xəstəlik riski yüksək olanlar üçün koronavirusa və qripə qarşı peyvənd etmək tövsiyə olunur.

PRAQA UNİVERSİTETINDƏ İNSANLARA ATƏŞ AÇILIB

Çexiyanın Praqa şəhərində Yana Palaxa meydanında yerləşən universitetdə naməlum şəxsin atəş açması nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu bildirilir. Bu barədə “Trend” agentliyi xəbər verib.

Bildirilir ki, ilkin məlumata görə, azı 15 nəfər həlak olub, 30 nəfər yaralanıb. Həmçinin orta dərəcəli və yüngül xəsarətlərlə yaralananlar var. Hadisəni törədən şəxs polislər tərəfindən zərərsizləşdirilib.

Çexiyanın daxili işlər naziri Vit Rakuşan artıq təhlükənin sovuşduğunu vurğulayaraq, insanları hüquq-mühafizə orqanlarının göstərişlərinə əməl etməyə çağırıb.

Qeyd edək ki, atışmanın baş verdiyi ərazidə Karlova Universitetinin Fəlsəfə fakültəsi və İncəsənət, Memarlıq və Dizayn Akademiyası yerləşir.

MAKRON UĞURSUZ QƏRB SANKSİYALARINA DIQQƏT ÇƏKİB

“Bir sıra Avropa ölkələrində və ABŞ-da Ukraynanın gələcəyi ilə bağlı şübhələr yaranıb”. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu etirafı Fransa prezidenti Emmanuel Makron “France 5” telekanalında nümayiş etdirilən böyük televiziya müsahibəsində səsləndirib.

Fransa liderinin sözlərinə görə, hələ ki, Avropanın sadəcə “bəxti gətirib”. “ABŞ administrasiyasında Ukraynanı dəstəkləyən siyasətçilər var. Lakin gələcəkdə ABŞ-da siyasi vəziyyətlə bağlı qeyri-müəyyənlik yarana bilər”, - deyə Makron vurğulayıb.

Dövlət başçısı əlavə edib ki, hazırda “Avropanın sülh şəraitində yaşaması” məsələsi Ukraynada həll olunur. Makron həmçinin qeyd edib ki, Fransa Rusiya Federasiyası ilə münaqişəyə girməyib, lakin Paris Moskvanın böhrandan qalib çıxmasına imkan vermək niyyətində deyil.

Bununla yanaşı, Emmanul Makron Avropa və ABŞ-ın əldə etdiyi uğurları da qeyd edib. O, İsveç və Finlandiyanın NATO-ya daxil edilməsi prosesini bu uğurlara misal çəkib. Bununla belə, Fransa prezidenti uğursuzluqlara da diqqət yetirib. Onların arasında Qərbin sanksiyalarının effektiv olmamasını bildirib. Makron etiraf edib ki, Rusiya iqtisadiyyatını çökdürmək mümkün deyil.

ÇİNDƏN QIRMIZI DƏNİZDƏ TƏHLÜKƏSİZLİKLƏ BAĞLI ÖLKƏLƏRƏ ÇAĞIRIŞ

Çin Xalq Respublikası böyük dövlətləri Qırmızı dənizdə təhlükəsizliyin təmin edilməsində daha konstruktiv rol oynamağa çağırıb. “Report” agentliyinin xəbərinə görə, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin son bəyanatını şərh edərkən bildirib.

“Çin hesab edir ki, bütün tərəflər, xüsusilə də güclü dövlətlər Qırmızı dənizdə təhlükəsizliyinin təmin edilməsində konstruktiv rol oynamalıdırlar”, - deyə Van Venbin vurğulayıb.

XİN rəsmisinin sözlərinə görə, Çin həmişə beynəlxalq su yollarının təhlükəsizliyini qorumağı və mülki gəmilərə hücumların qarşısını almağı müdafiə edib.

Xatırladaq ki, Metyu Miller bəyanatında Çinin Qırmızı dənizdə husi qiyamçılarının hücumları ilə mübarizədə fəal rol oynamalı olduğunu açıqlayıb. Onun qənaətincə, bu hücumlar Pekinə zərər vurur.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.