Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"IHA": Qarabağda tarixi futbol matçı - topa ilk toxunuşu İlham Əliyev edib

30 ildən sonra işğaldan azad edilən Xankəndi Azərbaycan kubokunun 1/8 final matçına evsahibliyi edib.

"İhlas" xəbər agentliyi bildirir ki, 30 illik erməni işğalından azad edilmiş Qarabağda həyat normallaşır. Bu ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan azad edilmiş Xankəndi şəhərində yerləşən stadionda Azərbaycan kubokunun final oyunu keçirilib.

  "Qarabağ" ilə Mərkəzi Ordu İdman Klubu (MOİK) arasında baş tutan matça startı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev verib.

"Qarabağ"-MOİK matçı birincinin minimal hesablı qələbəsi ilə başa çatıb.

"Hürriyyət": Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi Londonda qeyd olunub

London şəhərində yerləşən məşhur "Chelsea Old Town Hall" bələdiyyə binasında müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Britaniya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyinin, yerli ictimaiyyətin, ölkəmizə dost xalqların icmalarının nümayəndələri, soydaşlarımız, "Qarabağ" Azərbaycan həftəsonu məktəbinin şagirdləri və Azərbaycandan gələn qonaqlar iştirak ediblər.

Azərbaycanın və Birləşmiş Krallığın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndərin London səfərini, Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışlarından fikirlərini əks etdirən videoçarx və Azərbaycan Diasporuna Dəstək Fondunun dahi şəxsiyyətə həsr etdiyi "Böyük sənət hamisi" sənədli film nümayiş etdirilib.

"Kazinform": Bu il Azərbaycana 50 mindən çox qazaxıstanlı turist gəlib

"Kazinform" xəbər saytı yazır ki, Mərkəzi Asiya ölkələrindən Azərbaycana turist axını xeyli artıb. 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana Mərkəzi Asiya ölkələrindən 121 467 turist səfər edib ki, bu da 2022-ci ilin analoji dövrünün (66 316 nəfər) göstəricisindən 83,16% çoxdur. Azərbaycan Dövlət Turizm Agentliyinin məlumatına görə, Qazaxıstandan gələn turistlərin sayı 53 249 nəfər (il ərzində artım 90,74%), Özbəkistandan 35 222 (illik artım 49,74%), Türkmənistandan 23 401 nəfər (artım) olub. 2022-ci ildə Azərbaycana ümumilikdə 1 602 600 əcnəbi vətəndaş səfər edib ki, bu da 2021-ci ilin göstəricisindən 2 dəfədən çox (790 062 nəfər), Mərkəzi Asiya ölkələrindən isə 73 823 nəfər, 2021-ci ilin göstəricisindən 4,75 dəfə (15 516 nəfər) çoxdur. 2017-2022-ci illər ərzində Mərkəzi Asiya ölkələrindən Azərbaycana 411 141 nəfər (Qazaxıstandan - 167 052, Türkmənistandan - 119 201, Özbəkistandan - 96 278, Qırğızıstandan - 15 467, Tacikistandan - 13 143) səfər edib.

"Vestnik Kavkaza": Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın turizm mərkəzinə çevriləcək

"Qarabağ və Şərqi Zəngəzur gələcəkdə ölkənin əsas turizm zonasına çevriləcək".

"Vestnik Kavkaza" xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev Azərbaycan-Türkiyə investisiya forumu çərçivəsində keçirilən "Azərbaycanda sağlamlıq turizminin inkişafı perspektivləri" mövzusunda tədbirdə çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, azad olunan ərazilər sağlamlıq turizminin, ekoturizmin inkişafında böyük potensiala malikdir: "Sağlamlıq turizmi turizm sektorunun ən sürətlə inkişaf edən formalarından biridir. Hazırda azad olunan ərazilərdə aparılan bərpa-quruculuq işlərində turizm infrastrukturunun yaradılmasına xüsusi diqqət yetirilir. İşğaldan azad olunmuş ərazilər sağlamlıq turizminin, ekoturizmin inkişafında böyük potensiala malikdir. Təbii ehtiyatlar, iqlim şəraiti, tarixi irs bu ərazilərdə sağlamlıq turizminin inkişafı üçün unikal imkanlar yaradır. İnanıram ki, bu bölgənin turizm potensialı gələcəkdə ölkə iqtisadiyyatının inkişafına da öz töhfələrini verəcək, Qarabağ və Şərqi Zəngəzur bölgələri respublikanın əsas turizm zonasına çevriləcək".

İslam Əməkdaşlıq Təşkilatı: Baş katibin müavini Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini tərəfindən qəbul edilib

Dekabrın 21-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Tariq Bakitin rəhbərlik etdiyi nümayəndə heyəti Mədəniyyət Nazirliyində olub.

Bu barədə İslam Əməkdaşlıq Təşkilatının rəsmi səhifəsində məlumat verilib. Xəbərdə qeyd olunub ki, ölkəmizə gələn qonaqları mədəniyyət nazirinin müavini Fərid Cəfərov qarşılayıb. O, İƏT-lə Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini qeyd edərək mədəniyyət sahəsində əməkdaşlıq üçün imkanların genişləndiyini bildirib. Tariq Bakit isə öz növbəsində təşkilatın ölkəmizlə münasibətlərə böyük önəm verdiyini bildirərək Qarabağın işğalı dönəmində İƏT-in daim ədalətin yanında olduğunu və rəsmi sənədlərdə bu mövqeyin əks etdirilməsinin böyük əhəmiyyət daşıdığını bildirib. Görüş çərçivəsində Şuşanın 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi ilə nəzərdə tutulan tədbirlər çərçivəsində ölkəmizdə keçiriləcək VI Ümumdünya Mədəniyyətlərası Dialoq Forumu ətrafında fikir mübadiləsi aparılıb. Qonaqlar Şuşada mədəniyyət sahəsində birgə beynəlxalq tədbirlərin təşkilini səbirsizliklə gözlədiklərini qeyd ediblər.

"Respublika".