DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏ VƏ ABŞ ARASINDA “F-16” DÜYÜNÜ ÇÖZÜLÜR

Ağ Evin Milli Təhlükəsizlik Şurasından Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlüyünə razılıq verməsi və ABŞ-dan Ankaraya “F-16” qırıcılarının satışı məsələlərinə münasibət bildirilib. Bu barədə “Anadolu” agentliyinin xəbərində qeyd olunur.

Ağ Evin adı açıqlanmayan rəsmisi bildirib ki, ABŞ prezidenti Cozef Bayden Türkiyənin “F-16” donanmasının modernləşdirilməsini əvvəldən dəstəkləyir: “F-16 satışı NATO daxilində qarşılıqlı fəaliyyəti artıracaq və ABŞ-ın milli maraqlarına uyğundur. Xarici ölkələrə silah satışında Konqresin mühüm rolu var, biz də bu məsələdə Konqreslə işləyirik”.

Dövlət Departamentinin də açıqlamasında vurğulanıb ki, Türkiyənin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi Vaşinqton tərəfindən müsbət qarşılanır.

“F-16”ların Türkiyəyə mümkün satışı ABŞ və bütün NATO müttəfiqlərinin milli təhlükəsizlik maraqlarını dəstəkləyəcək”, - departamentdən bildirilib.

Xarici ölkələrə silah satışında Konqresin əsas rol oynadığını vurğulayan ABŞ rəsmisi bəzi Konqres üzvlərinin İsveçin üzvlüyünün təsdiqinin “F-16”ların Ankaraya satışında əsas olacağını açıq şəkildə dilə gətirdiklərini vurğulayıb.

Aİ-DƏ DEMOKRATİYANIN DAĞILMASI DEPUTATLARI CİDDİ NARAHAT EDİR

Avropa Parlamentinin üzvləri bütün Avropa İttifaqında demokratiyanın, qanunun aliliyinin və fundamental hüquqların dağılmasından dərin narahatdırlar. “Report” agentliyinin məlumatına görə, bu barədə Vətəndaş Azadlıqları Komitəsinin təsdiq etdiyi “2023-cü ildə qanunun aliliyinin vəziyyəti” haqqında hesabat layihəsində bildirilir.

Eyni zamanda, sənəddə Avropa Parlamentinin deputatları ciddi problemlərin aşkarlandığı konkret Aİ ölkələrini də tənqid ediblər.

Hesabatda qeyd olunan əsas məsələlərə Slovakiyada cinayət hüququ islahatları, İspaniyada amnistiya qanunu, korrupsiya və məlumat verənlərin üzləşdiyi əsas maneələr, Yunanıstanda casus proqramlardan istifadə ilə bağlı son hadisələr, Slovakiyada radio və televiziyanın planlaşdırılan yenidən qurulması, eləcə də Fransada son vaxtlar niderlandlı müxbirin saxlanması və onun telefonlarının qanunsuz dinlənməsindən sonrakı problemlər daxildir.

Deputatlar, həmçinin tez-tez insan alverinin qurbanı olan qaçqın və miqrantların dənizdə həlak olmasından təəssüflənirlər. Bununla əlaqədar olaraq, Avropa Parlamentinin deputatları quruma üzv dövlətlərə beynəlxalq hüquq çərçivəsində çətin vəziyyətdə olan insanlara yardım göstərmək öhdəliyini xatırladırlar.

QƏZZADA BMT-NİN HƏLAK OLAN ƏMƏKDAŞLARININ SAYI AÇIQLANIB

Qəzza zolağındakı müharibə nəticəsində  BMT-nin 153 əməkdaşı həlak olub. “TASS” agentliyinin xəbərinə görə, bunu təşkilatın baş katibi Antoniu Quterreş bildirib.

Baş katibin sözlərinə görə, BMT əməkdaşları, digər məsələlərlə yanaşı, Fələstin əhalisini tibbi xidmətlər və mallarla təmin edir, hələ də fəaliyyət göstərən az sayda çörək zavodlarının işini dəstəkləyir və sığınacaqlara ərzaq çatdırır.

Antoniu Quterreş həmçinin münaqişənin bütün tərəflərini Qəzza zolağı ilə bağlı BMT-nin Yenidənqurma və Humanitar Məsələlər üzrə baş koordinatoru Siqrid Kaq ilə əməkdaşlığa çağırıb.

Xatırladaq ki, Qəzza üzrə koordinatorun təyin edilməsi BMT Təhlükəsizlik Şurasının 2023-cü ilin dekabrında qəbul edilmiş 2720 saylı qətnaməsinin tələblərindən biridir. Siqrid Kaq vəzifəsinin icrasına yanvarın 8-də başlayıb.

“BAYRAKTAR TB3” İLK DƏFƏ XARİCİ ÖLKƏDƏ NÜMAYİŞ ETDİRİLİB

“Baykar” şirkəti tərəfindən milli və bənzərsiz olaraq inkişaf etdirilən silahlı pilotsuz uçuş aparatı “Bayraktar TB3”, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə təşkil edilən Beynəlxalq İnsansız Sistemlər Sərgisində (UMEX) nümayiş etdirilib. “Trend” agentliyinin məlumatına görə, sərgiyə Türkiyə də daxil olmaqla müxtəlif ölkələrdən bir çox texnologiya şirkəti qatılıb.

Sərgidə pilotsuz sistemlər, robototexnika və simulyasiya texnologiyaları təqdim olunur. Pilotsuz uçuş aparatları istehsalçısı “Baykar” şirkəti öz stendində məhsullarını nümayiş etdirib. Şirkət tərəfindən hazırlanan “Bayraktar TB3” ilk dəfə xarici ölkədə nümayiş olunub.

Qeyd edək ki, “Bayraktar TB3” qısa müddətdə “Bayraktar TB2” üzərində inkişaf etdirilib. Qatlana bilən qanadları, “SATCOM” sistemi, 1450 kiloqram maksimal uçuş çəkisi, 24 saatlıq havada qalma müddəti, 6 silah stansiyası və yüksək hündürlükdə fəaliyyət göstərmək qabiliyyətinə malikdir.

MACARISTAN İSVEÇİN NATO ÜZVLÜYÜNÜN RATİFİKASİYASINA HAZIRDIR

Macarıstanın baş naziri Viktor Orban ölkəsinin İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməyə hazır olduğunu bəyan edib. “Report” agentliyinin xəbərinə görə, baş nazir bu barədə Alyansın baş katibi Yens Stoltenberqlə telefon danışığında bildirib.

Viktor Orban Macarıstan hökumətinin İsveçin NATO-ya üzvlüyünü dəstəklədiyini təsdiqləyib: “Biz Macarıstan Milli Assambleyasını İsveçin üzvlüyünün lehinə səs verməyə və ilk fürsətdə ratifikasiyanı yekunlaşdırmağa çağırmağa hazırıq”.

Yens Stoltenberq isə Macarıstanın İsveçin üzvlüyünü dəstəklədiyini alqışladığını bildirib: “Parlamentin sənədi ratifikasiya edəcəyini səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, İsveç və Finlandiya 2022-ci ildə Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib. Finlandiya 2023-cü ildə blokun 31-ci üzvü olub. Türkiyə parlamenti isə İsveçin NATO-ya üzvlüyünü yanvarın 23-də təsdiqləyib. Rəsmi Stokholmun NATO üzvünə çevrilməsi üçün indi ancaq Macarıstanın ratifikasiyasına ehtiyacı var.

Aİ RUSİYANIN DONDURULMUŞ AKTİVLƏRİNİ MÜSADİRƏ EDƏ BİLMƏYƏCƏK

Avropa İttifaqı çox güman ki, Rusiya Bankının dondurulmuş aktivlərinin müsadirə edilməsi planlarından imtina etməli olacaq. Bu barədə “Röyters” agentliyi Aİ-nin adı açıqlanmayan yüksək rütbəli rəsmilərinə istinadən məlumat yayıb.

“Rusiya aktivlərinin kapitalı müsadirə edilməyəcək. Aİ ölkələri arasında heç bir razılaşma yoxdur”, - deyə agentliyin həmsöhbəti bildirib.

Avropa rəsmiləri belə bir addımın hüquqi aspektdən deyil, həm də bunun vahid Avropa valyutası üçün hansı nəticələrə səbəb ola biləcəyindən narahatdırlar. Belə ki, onlar istisna etmirlər ki, investorlar nə vaxtsa onların vəsaitlərinin də müsadirə oluna biləcəyi qorxusundan sonra Avropa aktivlərindən çıxa bilərlər.

Məlumata əsasən, Brüssel çox güman ki, Avropa Komissiyasının dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən Ukraynaya kömək etmək üçün istifadə etmək təklifi ilə razılaşacaq.

ABŞ ALTINCI NƏSİL STRATEJİ BOMBARDMANÇILAR HAZIRLAYACAQ

Pentaqon altıncı nəsil “B-21 Raider” strateji  bombardmançı təyyarələrinin ilk partiyasını hazırlamaq üçün “Northrop Grumman Corporation” ilə müqavilə imzalayıb. Bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən “Breaking Defence” portalı məlumat yayıb.

Müdafiə nazirinin satınalma və davamlılıq üzrə müşaviri Uilyam Laplante bildirib ki, sınaq nəticələrinə əsasən, “B-21”in kiçik partiyası istehsal ediləcək. Müqavilənin təfərrüatları, təyyarələrin sayı və istehsalının vaxtı açıqlanmır.

ABŞ Hərbi Hava Qüvvələrinin məlumatına görə, “Cerberus” adlı ilk “B-21” artıq iki sınaq uçuşunu həyata keçirib. “Northrop Grumman” korporasiyası artıq bu tipli altı təyyarə hazırlayıb.

Qeyd edək ki, “B-21 Raider” uzun mənzilli nüvə başlıqlarına malik səkkiz qanadlı raket və ya 5 ilə 400 kiloton arasında dəyişən səkkiz nüvə bombası daşıya biləcək. “B-21”in dəyəri 772 milyon dollar qiymətləndirilir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.