DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İSRAİL VƏ HƏMAS ARASINDA ATƏŞKƏS MKİ RƏHBƏRİNƏ TAPŞIRILIB

ABŞ prezidenti Cozef Bayden İsrail və HƏMAS hərəkatı arasında atəşkəs və genişmiqyaslı əsir mübadiləsi ilə bağlı razılaşma üçün Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börnsü bölgəyə göndərəcək. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “The Washington Post” qəzeti rəsmi mənbələrə istinadən məlumat yayıb.

Verilən xəbərə görə, MKİ rəhbəri yaxın günlərdə Qətər baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Tani, həmçinin İsrail və Misirdən olan həmkarları ilə görüşmək üçün Avropaya yollanacaq. Danışıqlarda 2023-cü il oktyabrın 7-dən bəri davam edən münaqişədə ən uzun fasilə və bütün əsirlərin azad edilməsi müzakirə olunacaq.

Münaqişədə gözlənilən fasilənin müddəti məlum olmasa da, bəzi məlumatlarda İsrailin bütün əsirlərin azad edilməsi müqabilində 60 günlük atəşkəs təklif etdiyi iddia edilir.

ABŞ hökuməti Uilyam Börnsün səfəri ilə bağlı sualı şərh etməkdən imtina etsə də, Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi bildirib ki, əsirlərlə bağlı yeni müqavilənin bağlanması üzrə müzakirələr ciddi şəkildə davam edir.

Aİ MACARISTANI SƏSVERMƏ HÜQUQUNDAN MƏHRUM EDƏ BİLƏR

Macarıstanın baş naziri Viktor Orban Ukraynaya yardımın qarşısını almağa davam edərsə, Avropa İttifaqı rəsmi Budapeşti səsvermə hüququndan məhrum edə bilər. Bu barədə “Politico” qəzeti Avropa İttifaqının adının çəkilməsini istəməyən diplomatlarından birinə istinadən məlumat yayıb.

“Əgər Viktor Orban fevral sammitində Avropa İttifaqı büdcəsi və Ukraynaya 50 milyard avronun ayrılması ilə bağlı sazişi yenidən bloklasa, Macarıstanı səsvermə hüququndan məhrum etmək üçün 7-ci maddədən istifadə etmək düzgün seçim ola bilər”, - deyə nəşr diplomatdan sitat gətirib.

Məlumata əsasən, Avropa İttifaqı haqqında müqavilənin həmin maddəsinə əsasən, qurumun “fundamental prinsiplərini ciddi şəkildə pozan” ölkənin səsvermə hüququ dayandırıla, həmçinin ona qarşı digər məhdudiyyətlər tətbiq oluna bilər.

Qeyd edək ki, 2023-cü ilin dekabr ayında Avropa İttifaqının sammitində Viktor Orban Aİ-nin 2024-2027-ci illər üçün büdcəsində Ukraynaya 50 milyard avro vəsaitin ayrılmasını nəzərdə tutan düzəlişləri bloklayıb. Həmin məsələ fevralın 1-də Belçikanın paytaxtında keçiriləcək sammitdə yenidən müzakirə olunacaq.

HUSİLƏRİN HÜCUMLARI DÜNYA TİCARƏTİNDƏ PROBLEMLƏRƏ SƏBƏB OLUB

Qırmızı dənizdə husilərin gəmilərə hücumları, Panama kanalının dayazlaşması və Ukraynadakı vəziyyət qlobal ticarəti ciddi şəkildə zəiflədib. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Assoşieyted Press” BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı Təşkilatına istinadən məlumat yayıb.

Açıqlamaya əsasən, dəniz daşımalarının qiyməti artaraq, enerji və ərzaq qiymətlərinə təsir göstərib. Həmçinin Qırmızı dənizdəki problemlər Avropa, Rusiya və Ukraynadan taxıl və digər məhsulların tədarükünü mühüm dərəcədə pozub ki, bu da istehlakçılar üçün yekun qiymətlərə və ərzaq təhlükəsizliyinə təsir edir.

Eyni zamanda, verilən xəbərə görə, Ukraynadakı vəziyyət və digər geosiyasi problemlər taxıl və neft tədarükünün marşrutunun dəyişməsinə səbəb olub.

BRİTANİYA POLİSİ SİLAHLI ŞƏXSİ MƏSAFƏDƏN “GÖRƏ” BİLƏCƏK

Böyük Britaniya polisi insanları şəhər küçələrində gəzərkən paltarlarının altında silahın olub-olmadığını gizli şəkildə yoxlaya biləcək. Bu barədə İngiltərənin “The Standard” nəşri məlumat yayıb.

Verilən xəbərə görə, gələn il tətbiq oluna biləcək yeni texnologiya asayiş keşikçilərinə insanların sıx olduğu yerlərdə 6 metrə qədər məsafədə paltarın altında silahın olmasını aşkar etməyə imkan verəcək.

Bildirilir ki, bu texnologiyanın tətbiqini sürətləndirmək üçün Britaniya hökuməti 460 min funt sterlinqdən çox vəsait ayırıb. Onun istifadəsi günahsız insanların saxlanılması və üzərlərində axtarışların aparılmasının sayını azaltmaq məqsədi daşıyır.

Qeyd edilir ki, 2022-ci ilin iyulundan 2023-cü ilin iyununa qədər Londonda 13503 cinayət hadisəsi qeydə alınıb ki, bu da əvvəlki 12 aylıq dövrlə müqayisədə 20 faiz artım deməkdir.

ALMANİYA HƏRTƏRƏFLİ MÜDAFİƏ PLANI HAZIRLAYIR

Almaniya “soyuq müharibə” dövründən sonra ilk dəfə olaraq hərtərəfli müdafiə planı hazırlayır. “TASS” agentliyinin verdiyi xəbərə görə, bu barədə Almaniya Bundesverinin ərazi komandanlığının rəhbəri, general-leytenant Andre Bodeman bəyan edib.

Məlumata əsasən, yüzlərlə səhifədən ibarət olan və “tam məxfi” saxlanılan planın mart ayına qədər yekunlaşdırılması gözlənilir.

“Mən Almaniyanın şimalındakı düzənlikdə tank döyüşü və rus paraşütçülərinin enişini gözləmirəm. Lakin bizim kritik infrastrukturumuz, limanlarımız, körpülərimiz, enerji şirkətlərimiz ölkə ərazisinə daxil olan xüsusi xidmət orqanları tərəfindən təhlükə altındadır”, - deyə general vurğulayıb.

Eyni zamanda, Andre Bodeman qeyd edib ki, yeni planda Almaniyaya ciddi təhlükə yaradan bir neçə məsələ əks olunub. Bunlara, diversiya, kiberhücumlar, hökumətin qərarlarını dəyişdirməyə səbəb ola biləcək saxta xəbərlər və dezinformasiyalar da daxildir.

BMT ABŞ-DA AZOT QAZI İLƏ İCRA OLUNAN EDAMI İŞGƏNCƏ ADLANDIRIB

ABŞ-da məhbusun azot qazı ilə edam edilməsi işgəncəyə bərabər tutula bilər. “Report” agentliyinin xəbərinə görə, bu barədə BMT-nin insan haqları üzrə ali komissarı Volker Türkün bəyanatında deyilir.

“Bu yeni və sınaqdan keçirilyən metodun işgəncə və ya qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara bərabər ola biləcəyi ilə bağlı ciddi narahatlıqlara baxmayaraq, Alabamada Kennet Yucin Smitin məhz bu üsulla edam edilməsindən təəssüflənirəm”, - deyə BMT rəsmisinin bəyanatında qeyd olunub.

Bununla yanaşı, Volker Türk ölüm cəzasının fundamental yaşamaq hüququ ilə bir araya sığmadığını vurğulayaraq, bütün dövlətləri onun tətbiqinə moratorium qoymağa çağırıb.

Xatırladaq ki, Alabama ştatının baş prokuroru 1988-ci ildə sifarişli qətlə görə məhkum edilmiş 58 yaşlı Kennet Yucin Smitin yanvarın 26-da yeni üsulla edam edildiyini açıqlayıb. Belə bir ölüm cəzasının tətbiq edilməsinə ABŞ-ın üç ştatında icazə verilir. Bu edam zamanı məhkuma tənəffüs maskası vasitəsilə azot yeridilir ki, bu da hipoksiyaya və nəticədə ölümə səbəb olur.

SLOVAKİYADA 45 MİN İNSAN ETİRAZ AKSİYASINA ÇIXIB

Slovakiyanın 20-dən çox şəhərində 45 mindən çox insan hökumət əleyhinə etiraz aksiyalarında iştirak edib. “Trend” agentliyinin xəbərinə görə, bu barədə “Sme” xəbər portalı məlumat yayıb.

Verilən xəbərə görə, etirazçılar baş nazir Robert Fiço hökumətindən cinayət hüququ islahatlarından imtina etməyi tələb ediblər. Aksiyada habelə Nazirlər Kabinetinin istefası ilə bağlı çağırışlar olub.

Qeyd edilir ki, 2023-cü ilin sentyabrında keçirilən seçkilərdən sonra respublikada hakimiyyəti itirən parlament müxalifətinin liberal partiyaları bundan əvvəl etiraz aksiyalarına çağırmışdılar.

Slovakiyada hökumət əleyhinə mitinqlər 2023-cü ilin sonundan mütəmadi keçirilir. Buna səbəb Nazirlər Kabinetinin dekabrın 6-da xüsusi prokurorluq şöbəsinin ləğvi ilə bağlı qəbul etdiyi qərar olub.

Etirazlara səbəb “böyük” siyasətlə əlaqəsi olan bir sıra şəxslərin cinayət işlərini araşdıran xüsusi prokurorluğun ləğv edilməsidir. Respublika rəhbərliyinin fikrincə, bu bölmə səlahiyyətlərindən sui-istifadə edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Re

spublika”.