DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ENTONİ BLİNKEN: YAXIN ŞƏRQ ƏN PİS DÖVRÜNÜ YAŞAYIR

ABŞ-ın Yaxın Şərqdəki maraqlarına və qoşunlarına qarşı hücumlara cavab tədbirləri bir neçə mərhələdən ibarət olmaqla yanaşı, uzun müddət davam edə bilər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında bəyan edib.

Bununla yanaşı, Suriya-İordaniya sərhədində ABŞ qüvvələrinə hücumu şərh edən dövlət katibi deyib: “Biz Yaxın Şərqdəki hərbçilərimizi və maraqlarımızı qoruyacağıq. Yaxın Şərqdə vəziyyət 1973-cü ildən bəri ən pis dövrünü yaşayır. ABŞ regionda vəziyyətin gərginləşməsinin qarşısını almağa çalışır”.

Entoni Blinken həmçinin vurğulayıb ki, ABŞ İranla müharibəyə can atmır, lakin bölgədəki maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcək və hücumlara cavabı sərt olacaq.

Xatırladaq ki, bundan öncə “Politico” qəzeti öz mənbələrinə istinadən xəbər verib ki, Cozef Bayden Suriya-İordaniya sərhədində ABŞ qüvvələrinə hücuma cavab tədbirlərinin hazırlanmasını əmr edib, mümkün təkliflər arasında İraq və Suriyadakı İran qoşunlarına zərbə endirilməsi də nəzərdən keçirilir.

V.ORBAN: AVROPA İTTIFAQI BUDAPEŞTƏ QARŞI İDEOLOJİ MÜHARİBƏ APARIR

Avropa İttifaqı son illərdə Budapeştə qarşı ideoloji müharibə aparır. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Macarıstanın baş naziri Viktor Orban Fransanın “Le Point” jurnalına müsahibəsində bildirib.

“Aİ son illərdə Macarıstana qarşı ideoloji müharibə aparıb və daim bizi şantaj etməyə çalışıb. Avropa İttifaqı getdikcə daha çox imperializmə doğru irəliləyir” - deyə baş nazir vurğulayıb.

Eyni zamanda, Viktor Orbanın sözlərinə görə, Aİ suveren dövlətlər birliyinə getdikcə daha az bənzəyir.

“Müqavilə hüquqlarınız, irəli sürdüyünüz ağlabatan arqumentlər nə olursa olsun, Aİ sizi istəmədiyiniz bir işdə iştirak etməyə məcbur etməyə çalışır”, - deyə baş nazir qeyd edib.

Bununla yanaşı, Viktor Orban əlavə edib ki, Macarıstan uzun illər bu şəraitdə yaşamaq məcburiyyətində qalıb.

BÖYÜK BRİTANİYA FƏLƏSTİN DÖVLƏTİNİ TANIYA BİLƏR

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ölkəsinin Fələstin dövlətini rəsmi olaraq tanımasının mümkün olduğunu bəyan edib. “Trend” agentliyinin xəbərinə görə, XİN başçısı bu barədə Yaxın Şərq Məsələləri üzrə Mühafizəkar Şuranın iclasında çıxışı zamanı bildirib.

Britaniyalı nazirin sözlərinə görə, İsrail və HƏMAS arasında yekun sülh razılaşmasından əvvəl, artıq danışıqlar zamanı Böyük Britaniya Fələstin dövlətini rəsmi olaraq tanıya bilər.

Devid Kemeronun sözlərinə görə, razılaşma çətin olsa da, mümkünsüz deyil. Bunun üçün bütün girovlar azad edilməli, HƏMAS-ın İsrailə hücum etməyəcəyinə dair təminat verilməli və qruplaşmanın rəhbərliyi Qəzza zolağını tərk etməlidir.

“Bu, baş verəcəyi təqdirdə biz müttəfiqlərimizlə birlikdə Fələstin dövlətini, o cümlədən, BMT-də tanımaq məsələsini nəzərdən keçirəcəyik”,- deyə Kemeron əlavə edib.

Bununla yanaşı, nazir vurğulayıb ki, Qəzza zolağında hərbi əməliyyatlarda fasilə verilməlidir və hazırda aparılan danışıqlar ümidvericidir.

ŞİMALİ KOREYA BİR NEÇƏ QANADLI RAKETİN BURAXILIŞINI HƏYATA KEÇİRİB

Şimali Koreya qərb sahilindən bir neçə qanadlı raketin buraxılışını həyata keçirib. Bu barədə “Yonhap” agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.

Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin açıqlamasına görə, raketlər yerli vaxtla saat 07:00  radələrində buraxılıb. Raketlərin sayı dəqiqləşdirilməyib.

Eyni zamanda, agentliyin məlumatına görə, bu, bir həftə ərzində artıq üçüncü raket buraxılışdır.

Cənubi Koreya ordusu monitorinqi gücləndirdiyini və Şimali Koreyanı izləmək üçün ABŞ-la koordinasiya etdiyini vurğulayıb.

Xatırladaq ki, daha öncə Şimali Koreyanın sualtı qayıqdan “Pulhvasal-3-31” qanadlı raketlərini sınaqdan keçirdiyi bildirilmişdi.

TÜRKİYƏDƏ “F-16”LARIN İSTEHSALI PLANLAŞDIRILIR

ABŞ-dan alınacaq “F-16” qırıcılarının bir qisminin Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən istehsalı planlaşdırılır. “Trend” agentliyinin məlumatına görə, buna səbəb “F-16” istehsalçısı “Lockheed Martin” şirkətinin istehsal gücünün ayda dörd təyyarə ilə məhdudlaşmasıdır.

Verilən xəbərə əsasən, istehsalçı “Lockheed Martin” ilə müqavilənin imzalanmasından sonra ilk “F-16”ların 2029-cu ildə təhvil verilməsi gözlənilir. “F-16” qırıcı təyyarələrinin modernləşdirilməsinə isə 2025-ci ildə başlanacağı gözlənilir. Lakin Türkiyə “F-16”lar və modernizasiya dəstləri üçün növbə gözləmək istəmir.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsindən sonra ABŞ prezidenti Cozef Bayden Konqresə müraciət edərək Ankaraya “F-16” satışını təsdiqləməyə çağırıb.

Daha sonra ABŞ Dövlət Departamenti Türkiyəyə 40 ədəd “F-16” qırıcısının satışı və mövcud “F-16”ların modernləşdirilməsi ilə bağlı Konqresə rəsmi bildiriş verib.

İMRAN XAN 10 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB

Pakistanın keçmiş baş naziri İmran Xan 10 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə “TRT” telekanalı məlumat yayıb. Bildirilir ki, həmçinin ölkənin sabiq xarici işlər naziri Şah Mahmud Qureşi də həbs olunub. Onlar dövlət sirrini yaymaqda ittiham olunurlar.

Pakistan Ədalət Hərəkatı Partiyasının sözçüsü Zülfikar Buxari bildirib ki, İmran Xan və Şah Mahmud Qureşiyə verilən həbs cəzaları ilə bağlı yuxarı instansiya məhkəməsinə müraciət edəcəklər.

Xatırladaq ki, İmran Xan mühakimə olunduğu korrupsiya işində ona qarşı verilən həbs qərarından sonra avqustun 5-də polis tərəfindən saxlanılaraq həbsxanaya göndərilib.

Üçillik həbs cəzası avqustun 29-da təxirə salınan İmran Xan zaminə buraxılıb. Lakin ertəsi gün hakim Prokurorluğun tələbi ilə “dövlət sirrini açmaqda” ittiham olunan İmran Xanın həbs müddətini uzadıb.

Eyni zamanda, keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi avqustun 19-da paytaxt İslamabaddakı evində saxlanılaraq oxşar səbəbdən həbsxanaya göndərilib.

BMT-NİN YAXIN ŞƏRQDƏKİ AGENTLİYİ FƏALİYYƏTİNİ DAYANDIRA BİLƏR

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) yardımı dayandıran ölkələr bunu bərpa etməsə, agentlik fevral ayından sonra Qəzza zolağındakı fəaliyyətini dayandıra bilər. Bu barədə “Trend” agentliyinin xəbərində qeyd olunur.

Məlumata əsasən, ABŞ başda olmaqla, bir sıra ölkələr BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin bəzi əməkdaşlarının HƏMAS ilə əlaqəsi olduğunu əsas gətirərək, agentliyi maliyyələşdirməyi dayandırıb.

Bununla yanaşı, ABŞ-ın ardınca Almaniya, Böyük Britaniya, İtaliya, Niderland, İsveçrə, Finlandiya, Avstraliya, Kanada və Estoniya da agentliyi maliyyələşdirməkdən imtina edib.

İspaniya hökuməti isə Qəzza zolağındakı dəhşətli humanitar faciənin yüngülləşdirilməsində “UNRWA”nın fəaliyyətinin zəruri olduğunu qeyd edərək, agentliyi maliyyələşdirməyi davam etdirir. İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib ki, agentliyin 30 min əməkdaşından yalnız 12-si HƏMAS-la əlaqəli olmaqda şübhəli bilinir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.