ƏHDİMİZ ƏDALƏT, HÜQUQ, DEMOKRATİYADIR
Siyasət

ƏHDİMİZ ƏDALƏT, HÜQUQ, DEMOKRATİYADIR

Əziz həmvətənlər,

Dəyərli seçicilər,

Azərbaycan Respublikasının Prezidentliyinə qeydə alınmış namizəd Qüdrət Müzəffər oğlu Həsənquliyevin "Böyük dəyişikliklər" adlanan seçki platformasının din və vicdan azadlığı, iqtisadiyyat və sosial siyasət, ekologiya, beynəlxalq əlaqələr və xarici siyasətlə bağlı hissəsini müzakirənizə təqdim edirik:

Din və vicdan azadlığı sahəsində:

– Din və vicdan azadlığının tam təmin olunması, dini icmaların özlərinə lider seçmək hüququnun tanınması, onların qanunla qadağan olunmayan fəaliyyətinə dövlətin müdaxiləsinə yol verilməməsi;

– Dinin siyasiləşdirilməsinin qarşısının alınması, dini fanatizmə və ekstremizmə qarşı mübarizənin və dini maarifçiliyin gücləndirilməsi, cəmiyyətdə sosial ədalətin təmin edilməsi;

– Bütün dövlət idarə, müəssisə və təşkilatlarında dini fəaliyyətin qadağan olunması;

– Ailə, milli-mənəvi və dini dəyərlərin qorunması istiqamətində kompleks qərarların qəbulu.

İqtisadiyyat və sosial siyasət sahəsində:

– Ciddi iqtisadi islahatların həyata keçirilməsi, bu məqsədlə xaricdən yüksəkixtisaslı məsləhətçilərin dəvət olunması;

– Dövlətin nəzarət etdiyi iqtisadiyyatdan azad bazar iqtisadiyyatı modelinə keçidin təmin edilməsi;

– Dövlətin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına yol verilməməsi, iqtisadiyyatda yalnız tənzimləyici rol oynaması;

– Sahibkarlığın inkişafına daha əlverişli şəraitin yaradılması, sahibkarlıq fəaliyyətinə əsassız, kənar müdaxilələrin tamamilə aradan qaldırılması, sahibkarların hüquqlarının qorunması;

– Xidmət sahələrinin, Azərsu, Azəristilik, Azərişıq və Azəriqaz səhmdar cəmiyyətlərinin bu sahədə böyük təcrübəyə malik özəl şirkətlərə uzunmüddətli idarəetməyə verilməsi, yaxud özəlləşdirilməsi;

– Dövlət müəssisələrinin özəlləşdirilməsi və ya uzunmüddətli idarəçiliyə verilməsi, inhisarçılığa son qoyulması;

– 2027-ci ildən başlayaraq hər il Bakı şəhərində 10 yeni metro stansiyasının istifadəyə verilməsi, Bakı kəndlərinə, hava limanına və Sumqayıt şəhərinə tramvay xətlərinin çəkilməsi, bu məqsədlə xarici investorlarla danışıqlara başlanılması;

– Bakı-Tbilisi-Ankara-İstanbul sürət qatarının tikintisi üçün Türkiyə ilə (maglev) dəmiryol xəttinin çəkilməsinə dair danışıqlara başlanılması;

– Bütün qediyyatsız evlərin bir il ərzində sənədləşdirilməsi. Təhlükəli ərazilərdə yerləşən evlər üçün dövlət tərəfindən kompensasiya ödənilməsi;

– Kənd təsərrüfatının inkişafına dövlət yardımının genişləndirilməsi, bu istiqamətdə şəffaflığın təmin edilməsi;

– Mülkiyyətin toxunulmazlığının təmin olunması;

– İqtisadiyyatın və dövlət büdcəsinin gəlirlərinin neft amilindən asılılığının azaldılması üçün məqsədyönlü proqramların qəbul edilməsi;

– Tədricən sərbəst (üzən) məzənnəyə keçilməsi, xarici bankların Azərbaycana dəvət olunması;

– Azərbaycanın bütün rayon və kəndlərinə təbii qaz verilməsinin təmin edilməsi;

– Dövlət Neft Fondunun (NF) fəaliyyətində şəffaflığın və fondun vəsaitlərindən səmərəli istifadənin təmin olunması;

– NF-nin Müşahidə Şurasının tərkibinin yarısının parlamentdə təmsil olunan müxalifət partiyalarının təqdim etdiyi şəxslərdən təşkil olunması;

– Ölkənin daxili siyasətinə xarici təsirlərin qarşısının alınması üçün, həmçinin inhisarçılığa yol verməmək məqsədilə Dövlət Neft Şirkətinin və AZAL-ın ən azı 3 hissəyə bölünərək özəlləşdirilməsi;

– Sahibkarlarla məmurların təmasını minumuma endirmək üçün elektron əlaqə sisteminin inkişaf etdirilməsi;

– Xarici investisiyaların qeyri-neft sektoruna cəlb olunması;

– Gəlirlərin leqallaşdırılması barədə qanunun qəbul olunması;

– Kölgə iqtisadiyyatına son qoymaq məqsədilə hər bir vətəndaşa qanunun qüvvəyə minməsindən keçən 6 ay ərzində öz gəlirlərinin və əmlaklarının mənşəyini göstərmədən onların məbləği barədə müvafiq dövlət qurumlarına məlumat vermək hüququnun tanınması;

– Əmlakı və gəlirləri barədə hesabat verməyən vətəndaşların qanunla məsuliyyətə cəlb olunması;

– Kənd rayonlarında istehsal və emal müəssisələrinə yatırılan investisiya geri götürülənədək həmin müəssiələrin vergilərdən tam azad edilməsi, növbəti 5 ildə isə 50%-dək vergi güzəştlərinin tətbiq olunması;

– Turizmin inkişafına dair proqramların həyata keçirilməsi;

– Ölkənin ərzaq təhlükəsizliyi üçün yerli istehsalın stimullaşdırılması, xaricdən idxal olunan məhsulların keyfiyyətinə nəzarətin gücləndirilməsi;

– Daxili bazarın və milli istehsalçıların mənafelərinin qorunması;

– Korrupsiya və rüşvətxorluğa qarşı ciddi və sistemli mübarizənin aparılması;

– Vergi intizamının gücləndirilməsi;

– Kiçik sahibkarlar üçün 5% gəlir vergisinin nəzərdə tutulması;

– Dövlət qulluqçularının əməkhaqlarının onların layiqli həyatını təmin edə biləcək səviyyəyə çatdırılması;

– Pensiyaların minimum həddinin orta aylıq əməkhaqqının 80%-nə çatdırılması;

– Qadınlar üçün pensiya yaşının 59-a, kişilər üçün 61-ə endirilməsi;

– Pensiya yaşına çatmış şəxslər vəfat etdikdə onların pensiya fondunda toplanmış vəsaitlərinin varislərinə verilməsi;

– Əhalinin mənzil probleminin həlli üçün dövlət səviyyəsində proqramların həyata keçirilməsi;

– İpoteka kreditləşməsi üçün hər il dövlət büdcəsindən ayrılan vəsaitin artırılması;

– Sosial müdafiəyə ehtiyacı olan müxtəlif təbəqələrə (qaçqın və köçkünlərə, evsiz insanlara, əlillərə, kimsəsiz uşaqlara və s.) dövlət qayğısının artırılması, uşaqlara "uşaqpulu" adlanan müavinətlərin verilməsi;

– Əhalinin qaz, su və elektrik enerjisi ilə normal qaydada təmin edilməsi və onların qiymətlərinin əhalinin alıcılıq qabiliyyətinə uyğunlaşdırılması;

– 15 yaşınadək uşaqlar üçün geyim əşyalarının və digər ləvazimatların, o cümlədən uşaq qidalarının vergidən və gömrük rüsumundan azad edilməsi, bu tip məhsulları istehsal edən müəsisələrə vergi güzəştlərinin müəyyən olunması.

Ekologiya sahəsində:

– Ekologiya və ətraf mühitin qorunmasıyla bağlı xüsusi dövlət proqramı qəbul edilməsi və həyata keçirilməsi;

– Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılması üçün bütün diplomatik vasitələrdən istifadə edilməsi;

– Bakı şəhərində standartlara uyğun gəlməyən yaşayış məskənlərinin sakinlərinin elan olunmuş müsabiqədə qalib gələn şirkətlər tərəfindən mənzillərlə təmin olunması, həmin ərazilərdə yaşayış evlərinin, parkların, istirahət guşələrinin və yaşıllıq zolaqlarının salınması, sadalanan işləri həyata keçirən şirkətlərə güzəştli kreditlərin verilməsi;

– Ölkənin müxtəlif bölgələrində məhv edilmiş meşələrin və yaşıllıq zolaqlarının bərpa edilməsi və yenilərinin salınması;

– Dövlət Neft Şirkətinə məxsus olan istismarı dayandırılmış neft quyularının yerləşdiyi ərazilərin təmizlənməsi və abadlaşdırılması;

– Neftayırma zavodunun, ətraf mühiti zəhərləyən digər müəssisələrin Bakı şəhərinin mərkəzindən kənara çıxarılması.

Beynəlxalq əlaqələr və xarici siyasət sahəsində:

– Azərbaycanın qonşu və region dövlətləri ilə bərabərhüquqlu münasibətlərinin qorunması və inkişaf etdirilməsi;

– Qərbin siyasi dəyərlərinin və hüquq sisteminin mənimsənilməsinin təmin edilməsi;

– Beynəlxalq (Ümumdünya Ticarət Təşkilatı) və regional iqtisadi təşkilatlara üzv olmaq;

– Avropa İttifaqı modelində Türk-Slavyan Respublikaları İttifaqı ideyasının genişləndirilməsi, bu ittifaqa keçmiş sovet respublikalarının və İranın daxil olmasının mümkünlüyünün təbliği;

– Azərbaycan Respublikasının Rusiya Federasiyası, eləcə də Rusiyanın sərhədyanı subyektləri, o cümlədən türk respublikaları ilə birbaşa əlaqələrinin inkişaf etdirilməsi, bu respublikalarda yaşayan xalqlarla dostluq münasibətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi;

– Azərbaycandan kənarda yaşayan vətəndaşlarımızın haqlarının beynəlxalq hüquq normaları çərçivəsində qorunmasının təmin edilməsi;

– İranla münasibətlərdə Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın öz dilləriində yazıb-oxumaq və mədəniyyətlərini inkişaf etdirmək hüququnun daim gündəmdə saxlanılması;

– Azərbaycanın Türkiyə və digər türk dövlətləri, eləcə də türk toplum və qurumları ilə siyasi, hərbi, elmi, mədəni, iqtisadi əlaqələrinin genişləndirilməsi;

– Türkiyə ilə ümumi bazara keçidlə bağlı danışıqlara başlanılması;

– Təhlükəsizlik sahəsində Türkiyə, Rusiya, İsrail, Pakistan və region ölkələri ilə əməkdaşlığın genişləndirilməsi.                          

Qeydə alınmış namizədlərin bu ödənişsiz təşviqat materialları Seçki Məcəlləsinə və MSK-nın müvafiq təlimatına əsasən dərc edilir.

Seçkiqabağı təşviqat materiallarındakı fikirlərə görə redaksiya məsuliyyət daşımır