Sülhə çağırış
Siyasət

Sülhə çağırış

Son dövrlərdə Azərbaycan və Ermənistan arasındakı münasibətləri analiz etsək görərik ki, müəyyən irəliləyişlər var. Şübhəsiz, bu, İrəvanın sülhün vacibliyini dərk etməsi ilə xarakterizə olunur. Bu yaxınlarda gerçəkləşən əsirlərin mübadiləsi də qarşılıqlı etimadın mövcudluğu istiqamətində atılan real addımlardandır.

Azərbaycanın 2 əsirinin Ermənistanın 32 hərbçisi ilə mübadiləsi prosesinin uğurla başa çatması sülhün ilk qığılcımları kimi də dəyərləndirilə bilər. Xatırladaq ki, bundan öncə də Ermənistanla Azərbaycan arasında girov və əsirlərin mübadiləsi baş tutmuşdu. Həmçinin rəsmi İrəvanın silahlı qüvvələrinin və qanunsuz erməni silahlı qruplaşmaların girov götürdüyü şəxslərin, yaxud onların qətlə yetirdiyi azərbaycanlıların nəşinin geri qaytarılması da həyata keçirilmişdi. Yada salaq ki, beynəlxalq ictimaiyyət, münaqişənin həllində heç bir faydası olmayan ATƏT-in keçmiş Minsk qrupu kimi təşkilatlar və onun həmsədrləri həmin ərəfədə regiona səfərlər edir, tərəfləri atəşkəsə riayət etməyə səsləyirdilər. 30 il ərzində bu səfərlərin heç bir nəticəsi olmadı. Amma bu dəfəki mübadilə təqdirəlayiqdir. Çünki proses vasitəçilər olmadan baş tutdu və Ermənistan hər zaman olduğu kimi, boyun qaçırmadı. Eyni zamanda rəsmi İrəvanın Bakıya yanaşmasında da fərq açıq-aydın hiss olunurdu. Azərbaycanın, həmçinin suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi də mühüm faktdır. Dövlətimizin regionda yaratdığı yeni geosiyasi düzən də rəsmi Bakı və İrəvan arasında ikitərəfli görüşlərə mühüm töhfə verib.

Ümumiyyətlə, son dövrlərdə münasibətlərdəki soyuqluğun nisbətən aradan qalxdığını da görmək mümkündür. Yeri gəlmişkən, Baş nazir müavinlərinin başçılıq etdiyi işçi qrupun sərhədyanı ərazidə görüşü keçirilmişdi. Bu görüş də iki ölkə arasında münasibətlərdəki gözləntiləri artırır. Ermənistan mediasında yayımlanan xəbərlərə əsasən, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ermənistanlı həmkarı Ararat Mirzoyanla gələn ilin yanvarında ABŞ-da görüşü də gözlənilir. Xüsusi vurğulamaq lazımdır ki, mübadilə prosesi ölkəmizin Ermənistana qarşı atdığı növbəti humanist addım kimi dəyərləndirilə bilər. Dəyişdirilən hərbçilərin sayı da bunu bir daha təsdiqləyir. Rəsmi Bakının bu addımı həm də Ermənistanla yanaşı, erməni xalqı üçün də sülhə çağırışdır. Əslində iki ölkə əsirlərin mübadiləsini həyata keçirməklə regionda sülhün bərqərar edilməsində maraqlı olduğunu, bu istiqamətdə addımlar atmağa hazır olduqlarını təsdiqləyib. Burada diqqətçəkən digər bir məqam isə baş nazir Nikol Paşinyanın 32 hərbçinin təhvil verilməsini iki ölkə arasındakı münasibətlərin "sıfır nöqtəsi" adlandırmasıdır. Paşinyan qeyd edib ki, bundan sonra Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması istiqamətində səy göstərilməlidir.

Xatırladaq ki, Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının bu yaxınlarda mümkün olacağını da açıqlamışdı. O, Ermənistanın regionda kommunikasiyaların açılması istiqamətində konkret addımlar atmağa hazır olduğunu demişdi. Son olaraq qeyd edək ki, normallaşma prosesi üçün əsas amil tərəflər arasında birbaşa, ikitərəfli dialoqların baş tutmasıdır. Ötən günlərdə sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın reqlamentini Azərbaycan və Ermənistan hökumətlərinin təsdiqləməsi də sülhə daha bir addım yaxınlaşdığımızdan xəbər verir.

Nəzrin ELDARQIZI,

"Respublika".