DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

PKK ABŞ-DAN HAVA HÜCUMUNDAN MÜDAFİƏ SİSTEMLƏRİ TƏLƏB EDİR

PKK terror təşkilatının Suriya qanadı SDQ-nin lideri Fərhad Abdi Şahin  Türkiyə ordusunun PUA hücumları səbəbindən ABŞ-dan hava hücumundan müdafiə dəstəyini artırmasını istəyib. “Teleqraf.com”un verdiyi xəbərə görə, baş terrorçu ABŞ-dan bölgədən çəkilməyəcəyinə dair zəmanət aldıqlarını da açıqlayıb.

Eyni zamanda, Fərhad Abdi Şahin Suriyanın şimal və şərqində hava hücumundan müdafiənin gücləndirilməsinə ehtiyac duyduqlarını bildirib.

Məlumata əsasən, Vaşinqtondan yeni müdafiə sistemləri istəyən SDQ neft yataqları və təxminən 900 ABŞ hərbçisinin yerləşdiyi ərazilər də daxil olmaqla Suriyanın önəmli hissəsini nəzarətdə saxlayır.

Fərhad Abdi Şahin ABŞ qüvvələrinin bölgədən çəkilmə ehtimalı ilə bağlı iddialara da toxunub: “ABŞ Dövlət Departamenti, Ağ Ev və Pentaqondan Amerika qüvvələrinin buradan çəkilməyəcəyi və qalacağına dair təminat almışıq”.

Qeyd edək ki, Türkiyə uzun müddətdir ABŞ-ın terror təşkilatına dəstək verməsinə etiraz edir. Bunun əvəzinə, Vaşinqton Ankaranın bölgədəki antiterror əməliyyatlarına qarşı çıxır.

FRANSADAN İRQİ AYRI-SEÇKİLİYİ ÖZÜNDƏ EHTİVA EDƏN QƏRAR

Hind okeanında Fransanın xarici ərazisi olan Mayotta adasında doğulmuş miqrantların uşaqlarına Fransa vətəndaşlığı almaq imkanı milli qanunvericilikdən çıxarılacaq. “Report” agentliyinin xəbərinə görə, bu barədə Fransa daxili işlər naziri Jerald Dermanen məlumat verib.

“Mayottada miqrantlara qarşı radikal bir qərar qəbul etmək niyyətindəyik. Fransız valideynlərin övladı olmasanız, fransız olmaq mümkün olmayacaq”, - deyə nazir vurğulayıb.

Eyni zamanda, Jerald Dermanenin  sözlərinə görə, yaxın vaxtlarda konstitusiyaya müvafiq dəyişiklik edilə bilər.

Qeyd edək ki, əcnəbilərin Fransa ərazisində doğulan uşaqlarına ölkə vətəndaşlığı verilir. Lakin bu qərarın yalnız Mayotta adasına qarşı tətbiq edilməsi irqi ayrı-seçkiliyi özündə ehtiva edir. Bu adaya Afrika qitəsindən gələn şəxslər üstünlük təşkil edir.

DÜNYA HÖKUMƏTLƏRİ ZİRVƏ TOPLANTISI BAŞLAYIR

Dünya Hökumətləri Zirvə Toplantısı fevralın 12-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində öz işinə başlayacaq. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Verilən xəbərə görə, fevralın 12-14 tarixlərində “Gələcəyin hökumətlərinin formalaşdırılması” mövzusunda keçiriləcək 11-ci sammitdə dünyanın üzləşdiyi aktual problemlərin kölgəsində gələcək imkanlar və çağırışlar müzakirə olunacaq.

Bildirilir ki, Türkiyə, Qətər və Hindistanın fəxri qonaq olduğu zirvə toplantısında 25-dən çox dövlət və hökumət başçıları, o cümlədən çoxlu sayda nazir, dövlət xadimləri və ekspertlər iştirak edəcəklər.

Fəxri qonaqlar cəmiyyətə xidmət edən strateji sektorlarda uğurlu təcrübəyə malik ölkələrlə tərəfdaşlığı gücləndirmək üçün seçilir.

Qonaq ölkələrin uğurlu və qabaqcıl inkişaf təcrübələrini bölüşəcəkləri tədbirdə qlobal səviyyədə gələcək tendensiya və dəyişikliklər, o cümlədən regional və beynəlxalq səviyyədə əməkdaşlığın təkmilləşdirilməsi yolları müzakirə olunacaq.

HƏKİM BAYDENDƏ YADDAŞ İTKİSİ ƏLAMƏTLƏRİNİ TƏSDİQLƏYİB

ABŞ prezidenti Cozef Baydendə həqiqətən də yaşla əlaqədar demensiyanın (yaddaşın tədricən zəifləməsi) əlamətləri özünü göstərir. Bunu “Fox News” telekanalına müsahibəsində Cons Hopkins Universitetinin professoru Marti Makari bəyan edib.

“Koqnitiv tənəzzül gözümüzün qarşısında baş verir. Tutaq ki, beş il əvvəllə müqayisədə bugünkü fəaliyyət tərzində çox nəzərə çarpan fərq var. Bu, həqiqətən kədərlidir”, - deyə professor vurğulayıb.

Bununla yanaşı, həkim xatırladıb ki, hər bir insan vaxtaşırı bəzi sözləri unuda və ya səhv edə bilər, lakin Cozef Baydenin vəziyyətində sürətlə artan yaddaş itkisi və nitqin ləngiməsi nəzərə çarpır.

Marti Makarinin sözlərinə görə, amerikalıların Baydenin prezidentlik yarışında iştirakından narahat olmaq üçün hər cür əsası var. O, hesab edir ki, hazırkı Amerika liderinin vəziyyəti çətin ki, sabitləşsin və normallaşsın.

Xatırladaq ki, keçmiş prezidentlər Barak Obama və Donald Trampın həkimi Ronni Cekson Amerika liderini Demokrat Partiyasının prezidentliyə namizəd olmaq niyyətindədirsə, ümumi seçkidən əvvəl zehni qabiliyyət testindən keçməyə çağırıb.

KONQRES TÜRKİYƏYƏ “F-16”LARIN SATIŞI İLƏ BAĞLI MÜQAVİLƏNİ TƏSDİQLƏYİB

ABŞ Konqresi Türkiyəyə 40 yeni “F-16” qırıcısının satışı və mövcud “F-16” qırıcılarının modernləşdirilməsi ilə bağlı müqaviləni təsdiqləyib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Amerikanın Ankaradakı səfirliyi məlumat yayıb.

Amerikanın Türkiyədəki səfiri Cefri Fleykin bəyanatında deyilir: “Konqresin bu həftə Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş “F-16” təyyarəsini almasına razılıq verməsi irəliyə doğru atılmış böyük addımdır. Türkiyənin “F-16” donanması müttəfiqlər arasında gələcək qarşılıqlı fəaliyyətin təmin edilməsində NATO qüvvələri üçün çox vacibdir”.

Məlumat üçün qeyd edək ki, konqresmenlərin Türkiyənin müraciətinə iki həftə ərzində etiraz etmək hüququ var idi. Yalnız respublikaçı senator Rend Pol Xarici Əlaqələr Komitəsinə etirazını bildirsə də, heç nəyə nail ola bilməyib.

Bununla da ABŞ qanunları nöqteyi-nəzərindən Türkiyəyə döyüş təyyarələrinin satışını başa çatdırmaq üçün heç bir maneə qalmayıb.

AVROPA ÖLKƏLƏRİ ÖZLƏRİNİ ABŞ-DAN ASILI VƏZİYYƏTƏ SALIBLAR

Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi vəzifəsini icra edən Kiril Loqvinov birliyin Rusiya resurslarından imtina etməsini avropalı fermerlərin kütləvi etirazlarının səbəblərindən biri adlandırıb. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

“Avropanın kənd təsərrüfatı sektoruna ciddi ziyan dəyib: yanacaq və sürtkü yağlarının bahalaşması fermerlərin etirazlarının səbəblərindən biri olaraq qalır”, - deyə diplomat bildirib.

Kiril Loqvinov Qərbin Rusiyanı sanksiyalarla cəzalandırmaq cəhdlərinin yalnız özünə zərər verdiyini vurğulayıb. Onun sözlərinə görə, bu zərər vermək istəyi “məntiqi izahata ziddir”.

Belə ki, 2023-cü ilin üçüncü rübündə Rusiya qazının Aİ-nin ümumi qaz idxalında payı cəmi 11,8 faiz olub, Amerikanın payı isə 48,5 faizə yüksəlib. Beləliklə, Avropa ölkələri özlərini ABŞ-dan asılı vəziyyətə salıblar.

Xatırladaq ki, Aİ liderlərinin sammitindən öncə müxtəlif istiqamətlərdən Brüsselə traktor kolonnaları daxil olub. Fermerlər ciddi Avropa istehsal standartlarına və xarici məhsulların idxalı üçün əlverişli şəraitə qarşı tətil keçirirlər.

YAPONİYADA AVTONOM TAKSİ XİDMƏTİ İSTİFADƏYƏ VERİLƏCƏK

Yaponiyanın aparıcı avtomobil konserni “Toyota Motor” 2024-cü ilin yayından başlayaraq Dayba ərazisində sərnişinləri daşıyacaq avtonom taksi xidmətinə başlamaq niyyətindədir. Bu barədə “TASS” agentliyi məlumat yayıb. Qeyd olunub ki, bu cür taksilərin fəaliyyəti Yaponiyada ilk dəfə sınaqdan keçiriləcək.

Qeyd edək ki, Tokio körfəzinin sahilində yerləşən Dayba Tokionun turistik yerlərindən biri hesab olunur. Avtomobil istehsalçısı əvvəlcədən müəyyən edilmiş marşrut üzrə bölgənin qonaqlarını pulsuz nəqliyyatla təmin etməyi planlaşdırır.

Daşınma üçün xüsusi sensorlar və yol şəraitinin real vaxt rejimində monitorinqinə və təhlükəli vəziyyətlərin proqnozlaşdırılmasına imkan verən süni intellekt texnologiyası ilə təchiz edilmiş Toyota Sienna minivenindən istifadə olunacaq.

Bildirilir ki, 2025-ci ildən etibarən xidmətin Tokionun mərkəzi ərazilərinə qədər genişlənməsi, həmçinin pullu olması planlaşdırılır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.