(Poema)
SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qararına uyğun olaraq 1948-1953-cü illərdə qədim İrəvan torpaqlarından azərbaycanlı əhalinin kütləvi şəkildə köçürülməsinə başlanılmışdı. Qərarda 100 min soydaşımızın "könüllü" olaraq köçürülməsi nəzərdə tutulmuş, 1954-cü ilə qədər davam edən məcburi köçürülmə zamanı isə sənəddə göstərildiyindən daha çox soydaşımız yurd-yuvasından perik salınmışdır. Köçürülən yerli əhalinin evlərində xarici ölkələrdən gətirilən ermənilər məskunlaşdırılmışdı.
Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra isə indiki Ermənistan ərazisindən qovulmuş soydaşlarımızda doğma yurd yerlərinə qayıtmaq ümidi artdı. Dövlət başçısının müvafiq qərarı ilə yaradılan Qərbi Azərbaycan İcması da məhz bu istiqamətdə fəaliyyət göstərir. İcmanın hazırladığı Qayıdış Konsepsiyasında soydaşlarımızın könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıdışının təmin olunması nəzərdə tutulur.
Əslən Qərbi Azərbaycanın qədim yaşayış məskəni Dərələyəz mahalından olan Xalq şairi Vahid Əziz də əzəli yurd yerlərindən didərgin salınmış və o yerlərə qayıtmaq ümidi ilə yaşayan Qərbi azərbaycanlılardan biridir. Şair "Dərələyəz" poemasında o yerlərin başı dumanlı dağlarını, güllü-çiçəkli dərələrini, qaynar bulaqlarını, Herher kəndində düşmənin viran qoyduğu ata ocağını, orada yaşadığı qayğısız illərini, bəxtəvər günlərini ürək yanğısı ilə qələmə almışdır. Mövzunun aktuallığını nəzərə alaraq şairin bu əsərini oxucularımıza təqdim edirik.
Dariko
Salamat qalanlar dönürdü bir-bir,
"Qara kağızlılar" saçın yolurdu,
"şikəst","salamat" da qayıdıb gəlir,
"Döyüş atları" da tərxis olurdu.
...Qatar töyşüyərək bitirdi yolu,
məncə, payız fəsli, son bahar idi,
yaralı vaqonlar atlarla dolu;
atlar "Müharibə atları idi".
Hər kəs bir tərəfə o "əsgərləri",
tutub yəhərlədi, çəkib apardı,
atlar düşər-düşməz cumur irəli,
elə bilirdi ki, - "Savaş qurtardı!".
Atlar da vüqarlı, igid canlılar,
tərkində neçəsi qəhrəman olub,
"dəliqanlıları" - dəliqanlılar
"soyuqqanlıların" əlindən alıb.
Həmin "dəliqanlı" Dariko idi,
keçib haralardan, gör, hara gəlib?
yeganə yəhərli olan o idi,
dedilər: "Tərkində General ölüb".
Gözəl, boy-buxunlu, yar-yaraşıqlı,
Dariko dövrəyə həmən alındı,
bilmirəm - nə kəsdi zabitin ağlı -
Dariko atama təhvil olundu.
***
Hər kəs yetə bilməz atla murada,
heyranı olmuşdum ipək yalının,
qamçı endirməzdi atam o ata -
xiffətin çəkəndə Generalının.
Dariko qəribə bir köhlən idi;
çıxmır xəyalımdan bu günə qədər,
o əsl savaşlar igidi idi -
çapıb getmişdilər Berlinə qədər.
Hərdən dərdləşərdik atla gizlicə,
(atlar da dil açar yaxşı baxanda)
şahidi olmuşdu Reyxstaqın üstə
Azəri övladı Bayraq asanda.
Açdı dəftərini xatirələrin;
danışıb-dindikcə doldu gözləri,
Dariko görmüşdü rus zabitinin
gülləylə vuranda igid əsgəri.
Çıxmır yaddaşımdan Dariko adı,
Biz köçdük, Dariko Herherdə qaldı,
bəlkə Qırat olub ulu əcdadı,
elə buna
görə hamını qovub,
Dariko bir Türkü tərkinə aldı?
Ağır döyüşlərdən gələn atların
"loşunu" dərədə, yalda atdılar,
amma o yerlərin çox madyanları
bizim Darikodan döllər tutdular…
***
...Axır ki, bizi də perik saldılar;
son görüş çox ağır bir görüş oldu,
yetim uşaq kimi köhlən ağladı,
zəhmli Atamın gözləri doldu.
Aradan bir xeyli zaman ötüşür,
bəlkə də indiyə daha qalmayıb,
arada söz gəzir, söhbəti düşür -
Dariko heç kəsin atı olmayıb!
***
O ağır illərdən salamat çıxan
insan da, atlar da qırılıb gedir,
həyat - seçmələri igid, komandan,
çoxunu sadəcə, "sıravi" edir.
Döyüşə gedəndə vədlər olunur,
bəzən unudulur, o da verilmir,
niyə suvarisi "Qəhrəman" olur,
atlara - "Qəhrəman" adı verilmir?
Döyüş atlarının çoxu yaralı,
ömrün yaşayırdı sızıltılarla,
keçmiş gözlərimdə ağlı-qaralı,
hərdən - qamaşdırar parıltılarla…
Haqları əlindən alınan atlar
At qaldı Herherdə, biz Qarabağda,
nə yaddan çıxardır, nə unudurduq,
gedib-gələnlərdən (imkan olanda)
atın taleyindən xəbər tuturduq.
Viranə etdilər doğma Vətəni,
Bir xəbər gətirdi dayım o vaxtlar:
"Belində kişilər gəzən köhləni
kotan çəkmək üçün cütə qoşdular,
Yurda bəla gəlmiş bədnam qonşular..."
Vahid ƏZİZ,
Xalq şairi.