Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Turkic World": Azərbaycan Avropa Parlamenti Komitəsinin hesabatını qətiyyətlə pisləyir

"Ölkəmizə qarşı müddəaların əks olunduğu "Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı" qətiyyətlə pisləyir və rədd edirik".

"Turkic World" saytının xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə açıqlama verib. XİN rəsmisi yerli mətbuatın sualına cavab olaraq bildirib ki, Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olan, bütün faktların təhrif olunduğu, böhtan xarakterli və tamamilə əsassız olan bu müddəalar Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasətinin gələcəyinə dair ciddi suallar yaradır. Onun sözlərinə görə, bəyanatlarında ərazi bütövlüyü və suverenliyə hörməti aşılayan Avropa Parlamentinin Azərbaycana qarşı nümayiş etdirdiyi hörmətsizlik bir daha göstərir ki, sözügedən qurum üçün beynəlxalq hüquq və Avropa İttifaqının maraqları yox, parlament üzvlərinin şəxsi ambisiyaları üstünlük təşkil edir. XİN rəsmisi yekunda qeyd edib ki, alyans baş verən özbaşınalıqlara son qoymadığı müddətdə qurumun xarici və təhlükəsizlik siyasəti beynəlxalq münasibətlər sistemində öz utopik yanaşmalarının əsiri olmaqda davam edəcək.

"Avropa Komissiyası": Kadri Simson Aİ-nin enerji təhlükəsizliyində Azərbaycanın rolunu yüksək qiymətləndirib

Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq və regional layihələr dünyanın enerji xəritəsini yenidən tərtib edir. Ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol dünyada baş verən gərginliklər nəticəsində ön plana çıxıb. Azərbaycan beynəlxalq təşkilat və şirkətlərlə birgə enerji sahəsinə mühüm investisiyalar yatırır, dünya bazarlarına neft, təbii qaz, neft-kimya məhsulları, elektrik enerjisi ixrac edir. Bu sözləri Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson Azərbaycanın enerji siyasəti, Aİ-nin enerji təhlükəsizliyində ölkəmizin rolu, bu sahədə gələcək layihələr və birgə əməkdaşlıq tədbirləri barədə danışarkən deyib.

Qeyd edək ki, avropalı rəsmi bir çox suallara cavab verib. Enerji, enerji təhlükəsizliyi və enerji keçidi ilə bağlı qlobal proseslərdə Azərbaycanın rolunu ətraflı şəkildə şərh edən Kadri Simson Azərbaycanın Avropa İttifaqı üçün mühüm enerji müttəfiqi olduğunu vurğulayıb:

"2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu təkcə Avropaya alternativ qaz tədarükünün təhlükəsizliyini təmin etmir, eyni zamanda enerji səmərəliliyi və təmiz enerji üzrə uzunmüddətli tərəfdaşlığın əsasını qoyub. Bu, Avropa İttifaqı tərəfindən 2022-ci ilin mayında işə salınan "RePowerEU" planı çərçivəsində şaxələndirmə hədəflərinə də töhfə verəcək və Avropanın Rusiya qazından asılılığını aradan qaldırmağa kömək edəcək. Bizim üçün bərpaolunan enerjinin inkişaf etdirilməsi və tətbiqi üzrə əməkdaşlıq xüsusilə vacibdir ki, bu məsələlər də bu ilin sonunda Bakıda keçiriləcək COP29-da müzakirə ediləcək".

"BNN": Azərbaycan və Küveyt diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edir, əməkdaşlığı genişləndirirlər

2024-cü il martın 1-də Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Küveyt dövlətinin xarici işlər naziri Abdullah Əli Əl-Yəhya ilə görüşüb. Görüş zamanı Azərbaycan və Küveyt arasında ikitərəfli və çoxtərəfli müstəvilərdə əməkdaşlıq və bu əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Bu il Azərbaycanla Küveyt arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunan layihə həyata keçiriləcək. "BNN Network" xəbər verir ki, "Azərbaycan-Küveyt dostluq körpüsü" adlı layihə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi ilə "Vətənsevər" Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyəti tərəfindən birgə icra ediləcək.

Layihənin məqsədi Küveyti azərbaycanlıl

ara, həmçinin Azərbaycanı küveytlilərə yaxından tanıtmaq, vətəndaş cəmiyyəti və diaspor olaraq iki ölkə arasında əlaqələrin güclənməsinə töhfə verməkdir. Bir il ərzində layihə çərçivəsində Azərbaycan və Küveytdə müxtəlif tədbirlər təşkil ediləcək.

"Deutschland.de": Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması mümkündür

Almaniyanın xarici işlər naziri iki ölkə arasındakı münaqişədə vasitəçilik etmək üçün Berlində həmkarları ilə görüşüb. "Ermənistan və Azərbaycan sülh müqaviləsinə doğru cəsarətli, eyni zamanda çətin yolla gedir. Biz federal hökumət olaraq, mümkün olan hər yerdə sülh danışıqlarını dəstəkləyirik... Bu yolda atılan hər bir addım böyük əhəmiyyət kəsb edir", - A.Berbok "X" hesabında yazıb. Almaniyanın xarici siyasət idarəsinin rəhbəri hər iki ölkənin böyük əzab və insan itkiləri ilə dolu keçmişi geridə qoymaq üçün atdığı cəsarətli addımlardan danışıb. Nazir əlavə edib ki, Azərbaycan və Ermənistan liderləri problemlərin sülh yolu ilə həllinə razılaşıblar: "Almaniya iki ölkə arasında danışıqlara ev sahibliyi etməklə, bu ölkələrin səylərini dəstəkləməkdə qərarlıdır". Qeyd edək ki, 28-29 fevral tarixlərində Berlində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında sülh müqaviləsi layihəsi üzrə danışıqlar aparılıb.

"Anadolu Agentliyi": Azərbaycan və Ermənistan danışıqların davam etdirilməsi ilə bağlı qarşılıqlı razılığa gəliblər

Türkiyənin məşhur "Anadolu Agentliyi" Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almaniyanın paytaxtı Berlində baş tutan görüşü barədə məlumat yayıb. Məlumatda, hər iki ölkənin xarici işlər nazirlərinin sülh sazişi üzrə danışıqları davam etdirəcəyi öz əksini tapıb. Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin ayrı-ayrı bəyanatlarında bildirilib ki, hər iki ölkənin xarici işlər nazirləri və onların nümayəndə heyətləri Bakı və İrəvan arasında sülh sazişi layihəsinin müddəaları ilə bağlı perspektivləri müzakirə ediblər. Açıqlamalarda, həmçinin hər iki nazirin almaniyalı həmkarı Annalena Berbok ilə ikitərəfli və üçtərəfli formatda danışıqlar apardıqları qeyd edilib. Daha sonra bəyanatlarda nazirlərin Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Almaniya tərəfinə minnətdarlığı ifadə olunub.

"Respublika".