Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Quşa bənzəyən pilotsuz uçuş aparatı

Sian Şimal-Qərb Politexnik Universitetinin (NWPU) tədqiqatçıları dünyanın ən real quşa bənzəyən ornitopterini (quşların dizaynına əsaslanan uçuş aparatı) hazırlayıblar. Mütəxəssislər quş kimi qanadlarını çırparaq uçan yeni pilotsuz aparatın hərbi və mülki tətbiqlərdə böyük potensiala malik olduğunu bildirirlər.

"Little Falcon" (kiçik şahin) adlı ornitopterin dizaynı, tədqiqat və təkmilləşdirmə prosesi ilə sınaq mərhələlərini əhatə edən görüntüləri X (keçmiş Twitter) platformasında paylaşılıb. Məlumata görə, aparat hərbi kəşfiyyat, ekoloji monitorinq və ətraf mühitin mühafizəsində potensial imkanlara malikdir. Mütəxəssislər hesab edirlər ki, bu cür dronların vəhşi heyvanları narahat etmə ehtimalı azdır.

Alimlər bu kimi pilotsuz aparatların quşların uçuş mexanikasını təqlid etdiyini və Çin aviasiya texnologiyasında əhəmiyyətli irəliləyiş hesab olunduğunu qeyd ediblər. Mütəxəssislər həmçinin vurğulayıblar ki, ornitopterlər həqiqi quşlara o qədər çox bənzəyir ki, onları xüsusi avadanlıq olmadan ayırd etmək asan deyil. Bundan əlavə kamuflyaj qabiliyyətləri sayəsində isə onları radar və vizual vasitələrlə aşkar etmək çətindir.

Bu ölkədə süni intellekt sisteminə q

adağa qoyulur

Son zamanlar dünyada geniş vüsət alan süni intellekt alət və modellərinin çoxu eyni funksiyaya sahib olduğu üçün bir-birindən fərqlənmir. Məhz bu səbəbdən Hindistan hökuməti tərəfindən icazəsiz süni intellekt modellərinin hazırlanması qadağan olunub. Belə ki, hökumət süni intellekt modellərinin tətbiqi üçün yeni tənzimləmə tərtib edib. Artıq şirkətlər süni intellekt modellərini təqdim etməzdən əvvəl hökumətdən icazə almalıdırlar.

Ümumiyyətlə, hazırda Hindistan süni intellektlə bağlı qlobal müzakirələrdə xüsusi fəallıq nümayiş etdirir. Lakin ölkə bu yaxınlarda bəyanat verərək, böyük texnologiya şirkətlərinə yeni süni intellekt modellərini təqdim etməzdən əvvəl hökumətdən icazə almaları barədə xəbərdarlıq edib. Eyni zamanda bu xəbərdarlığın gələcək qaydalara işarə etdiyi bildirilib. Müvafiq olaraq, şirkətlərdən xidmət və ya məhsullarının heç bir qərəz və ya ayrı-seçkiliyə yol verməməsi xahiş olunub.

Yerin rəqəmsal əkizi yaradılıb

Son dövrlər dünyada təbii fəlakətlərin sayı durmadan artır. Elə bu səbəbdən də alimlər təbii fəlakətləri simulyasiya etmək üçün Yerin rəqəmsal əkizini yaradıblar. Avropa Kosmik Agentliyinin (EAA) dəstəyi ilə hazırlanan bu layihə sayəsində təbii fəlakətlərin qarşısını almaq mümkün olacaq.

Dünyanın müxtəlif mühitlərində təbii fəlakət ssenarilərini simulyasiya etmək üçün istifadə edilə bilən yenilikçi model sürüşmə və digər fəlakətlər zamanı baş verə biləcək potensial dağıntını sanki həqiqətən olmuş kimi təhlil edəcək. Bu isə gələcəkdə baş verəcək potensial dağıdıcı fəlakətlərə daha yaxşı hazırlaşmağa kömək edə bilər. Belə bir modelin hazırlanması alimlərdən böyük zəhmət tələb edir. Çünki bu modeli yaratmaq üçün elm adamları torpağın rütubəti, yağıntı, qarın dərinliyi, buxarlanma, çay axınının müntəzəm olaraq toplanan ölçülərini araşdırmalı və modelə daxil etməlidirlər. Qeyd edək ki, xüsusi modeldəki məlumatların doğruluğunu və etibarlılığını artırmaq üçün süni intellektin istifadə edilməsi də nəzərdə tutulur.

"Starship"in növbəti uçuş cəhdi gözlənilir

"SpaceX" şirkətinin qurucusu Elon Musk bildirib ki, müvafiq tənzimləyici orqanlardan icazələrin əldə edilməsindən sonra yaxın günlərdə "Starship" kosmik gəmisinin üçüncü orbital uçuş cəhdi baş tuta bilər.

Qeyd etmək lazımdır ki, "Starship"in ikinci orbital uçuş cəhdi keçən ilin noyabr ayında baş tutmuşdu. Həmin uçuş missiyası çərçivəsində startdan 9 dəqiqə sonra şirkət sözügedən kosmik gəmisi ilə əlaqəni itirmiş, nəticədə ona partlama əmri göndərmişdi. Şirkətə məxsus olan digər "Super Heavy" raketinə gəldikdə isə o, "Starship"dən ayrılandan bir neçə dəqiqə sonra havada partlamışdı. Musk həmin vaxtda ikinci cəhdi nisbətən uğurlu hesab etmişdi. Onun sözlərinə əsasən şirkət ikinci uçuş cəhdindən lazımi nəticələri əldə edib. Buna görə də "Starship"in üçüncü orbital uçuş cəhdinin daha uğurlu olacağı gözlənilir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".