Mükəmməl mürəkkəb memarlıq
Maraqlı

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Çilidəki Bəhai evi

Dünyanın müxtəlif qitələrində inşa edilən Bəhai evlərindən biri Çilinin Santyaqo şəhərində kanadalı memar Siamak Hariri tərəfindən dizayn edilmişdir. Bütün ibadət evləri memarlıq tələblərinə  uyğun şəkildə inşa edilirdi. Onlar doqquz guşəli, bir günbəzli və işıqlı otaqlardan ibarət olmalıdır. Sayca səkkizinci olan Bəhai evinin layihəsini hazırlayarkən innovativ rəqəmsal texnologiyadan istifadə edən memar sakitliyi və hərəkətliliyi, sadəliyi və mürəkkəbliyi, şəxsi atmosferi və monumentallığı eyni anda əks etdirməklə bütün ziddiyyətləri bir yerdə toplamışdır.

Mürəkkəb görünüşə malik binanın tikintisi zamanı S.Hariri ilkin olaraq işığı ötürə bilmək üçün kifayət qədər nazik materialdan istifadə etməyi düşünürdü. Lakin hava şəraiti və ərazinin təbiəti əlverişli olmadığı üçün, memar daha keyfiyyətli və dözümlü materialdan istifadə etmək qərarına gəlmişdi.  Santyaqonun seysmik təhlükəli zonada yerləşdiyini nəzərə alan Hariri hava şəraitinə davam gətirməsi üçün bütün konstruksiyaları sınaqdan keçirirdi.  Tikilini çatlardan və zədələrdən qorumaq üçün beton dayaqlarla bərkidilmiş xüsusi sistem quraşdıran memar həm keyfiyyətli, həm də mükəmməl layihə həyata keçirmişdir.

Zahirən tərsinə açan gül qönçəsinə bənzəyən ibadət evi memarlığın şah əsəri hesab edilir. Günbəzin mərkəzi nöqtəsindən zərif şəkildə ayrılan doqquz "ləçək"dən  ibarət konstruksiyanın hər birinin hündürlüyü təxminən 26,8, eni isə 10 metrdir. Panellərin 20 faizi əyri olduğundan 32 millimetr qalınlığında 1100 şüşədən istifadə olunmuşdur. And dağlarının mənzərəsinə ahəngdar inteqrasiya edən məbədin interyeri gündüzlər günəş şüaları altında parıldayır, gün batarkən içindəki işıq ağdan gümüşə və bənövşəyi rəngə keçməyə başlayır, gecələr isə «ləçək»lərin arasından keçən işıq dəstəkləyici konstruksiyanın xətlərini vurğulayaraq məbədə füsunkar gözəllik verir.

Minlərlə insan təbiət və metal arasındakı vəhdəti öz gözləri ilə görmək üçün dünyanın hər yerindən bu möcüzəni ziyarət etməyə gəlir.

 

Pekin Milli Teatr Mərkəzi

Şərqin adət-ənənələrini özündə əks etdirən və ekzotik memarlıq abidələri ilə seçilən Pekin, Asiya mədəniyyətinin müxtəlifliyini ən dolğun şəkildə ortaya qoyur.

Pekində yerləşən Milli Teatr Mərkəzi qeyri-adi memarlığına və sahəsinə görə dünyanın ən böyük opera teatrlarından biridir. Şüşə və titandan hazırlanmış ellips şəklində olan bina fransız memarı Paul Andreuks tərəfindən dizayn edilmişdir.  150 min kvadratmetrlik ərazini əhatə edən mərkəzin tikintisi 7 ilə başa gəlmişdir.

Teatrın memarlıq ansamblını əsas bina, yeraltı və sualtı dəhlizlər, yeraltı dayanacaq, süni göl və yaşıllıqlar təşkil edir. Şərqdən qərbə doğru uzanan  günbəzin  uzunluğu 212,  eni 144, hündürlüyü  isə 46 metrdir. 18000-dən çox titan lövhədən və 1200-dən çox şəffaf şüşədən hazırlanması tikiliyə heyrətamiz vizual effekt verir. Bu binanı həm də suda üzən yumurtaya da bənzədirlər. Mərkəzin yeraltı hissəsi 32,5 metr dərinliyə gedir və Pekinin ən dərin hissəsi hesab edilir. Kompleksin ümumi sahəsi 118900, binanın sahəsi isə 219400 kvadratmetrdir. Mərkəz tamamilə süni göllə əhatə olunub və yalnız yeraltı girişlərdən istifadə edilir. Müasir texnologiyaların tətbiqi gölün bütün ilboyu buzsuz və təmiz (yosunsuz) olmasını təmin edir. Gölün ətrafında yaşıl meydan və park da salınmışdır.

Milli Mərkəzin içərisində opera, konsert və teatr salonları, həmçinin qalereya, sərgi zalı, konfrans otaqları, kitabxana, kafe və digər salonlar da var. Əsası qızılı rəngdə olan balet və rəqs üçün nəzərdə tutulmuş 2416 yerlik opera zalı tikilinin ən  gözəl hissəsidir. Zərif gümüşü rəngdə olan zal isə Çin milli musiqisini və simfonik orkestri dinləmək üçün ayrılmışdır. Ənənəvi Çin üslubunda dizayn edilən 1040 yerlik teatr zalı dram və musiqili tamaşalar üçün nəzərdə tutulub.

Valehedici görünüşü ilə göz oxşayan möhtəşəm tikili şəhərə xüsusi gözəllik verir.

 

Qədim Petra şəhəri

İordaniyanın Petra şəhəri dünya mədəni irsinin ən qədim və gözəl nümunələrindən biridir. 1812-ci ildə isveçrəli səyyah İohann Lyüdviq Burkhard tərəfindən kəşf edilən qədim şəhər əvvəllər Edom, daha sonralar isə Nəbatilər dövlətinin paytaxtı olmuşdur. Yunan dilindən tərcümədə "qaya" mənasını verən Petra bütünlükdə daşlardan ibarət qədim bir şəhərdir. Buranı həm də "çəhrayı" şəhər adlandırırlar, çünki gün çıxanda və qürubda qayalar həqiqətən qırmızı və çəhrayı rəngdə görünür. Petra fars körfəzi ilə Aralıq dənizinin arasında mühüm ticarət yolunun kəsişməsində yerləşdiyindən Qırmızı dəniz ilə Dəməşq şəhərini, İran körfəzi ilə də Aralıq dənizini birləşdirirdi. Bir neçə yüz il ədviyyat ticarətindən böyük gəlir əldə edən Petra sonralar qumlara bürünmüş itmiş şəhərə çevrildi.

O dövr üçün möhtəşəm layihə hesab olunan El-Xəzinə məqbərəsinin tikintisini planlaşdıran memarlar, çayın məcrasını dəyişərək suyun axınını başqa istiqamətə yönəltmək üçün qayaların arasından tunel açmışdılar və bir neçə bəndlər bərkitmişdilər. Terakota boruların köməyi ilə Petra memarları mürəkkəb su təchizatı sistemi yaratmışdılar və quraqlığa baxmayaraq, şəhər sakinləri heç vaxt suya ehtiyac duymamışdılar. Şəhər boyu yağış suyunu toplayan və saxlayan 200-ə yaxın çənlər bu borular vasitəsilə birləşdirilmişdir.

Əsl sənət əsəri olan Petra şəhəri memarların və daş ustalarının ən böyük məharətinin nümunəsidir. Qədim ustalar istər dekorasiya, istərsə də memarlıq baxımından analoqu olmayan bir şəhər yaratmışdılar.

Bir neçə minilliklər əvvəl yaradılan bu şəhər UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. 

Hazırladı:

Arzu ASİFQIZI,

«Respublika».