MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Messnerin" muzeyi

İtaliyada, Dolomit dağ silsiləsinin məşhur Kronplatz zirvəsində dəniz səviyyəsindən 2275 metr hündürlükdə ucaldılan qeyri-adi muzey cəsarətli və avanqard işləri ilə tanınan dünyaca məşhur memar Zaha Hadid tərəfindən layihələndirilib. Futuristik muzey 8000 metrdən yuxarı olan 14 zirvəni və Everest dağını oksigen maskası olmadan fəth edən əfsanəvi alpinist, yazıçı və səyyah  Reinhold Messnerin nailiyyətlərinə həsr olunub. Muzeyin açılışı 24 iyul 2015-ci il tarixində baş tutub.

Əksər hissəsi yerin altında yerləşən və ümumi sahəsi 1000 kvadratmetr olan kompleksin tikintisi üçün təxminən 4000 kvadratmetr ərazidə qazıntı işləri aparılıb. Əvvəlcə qayanın daş-torpaq qatı çıxarılıb, beton tökülüb, sonda isə ərazidən çıxarılmış torpaqla tikilinin hər tərəfi bərkidilib. Assimmetrik şəkildə dizayn edilən və ətraf mühitlə ahəng təşkil edən muzeyin tikintisində dəmir-beton və lif-betondan istifadə edilib. Əhəngdaşı qayalarını xatırladan kompleksin fasadı boz panellərlə üzlənib. Möhtəşəm dağların və ucsuz-bucaqsız səmanın əksini görmək üçün muzeyin konsollu eyvanlarında nəhəng güzgülü panoramik pəncərələr quraşdırılıb. Binanın interyerindəki pilləkən və məhəccərlərin dizaynında alpinistlər üçün xüsusi əhəmiyyət daşıyan elementlərdən istifadə olunub.

R.Messnerin şəxsi əşyalarının sərgiləndiyi muzeydə, həmçinin  mağaza və 20 yerlik kinoteatr  fəaliyyət göstərir.

 

"Bubble House"

Üzvi memarlığın parlaq nümunəsi olan "Bubble House", 1971-ci ildə Lion sənaye maqnatı Pyer Bernarın sifarişi ilə tikilib. Macar əsilli fransız memar Antti Lovaq tərəfindən layihələndirilən qeyri-adi tikili Fransanın Teul-sür-Mer ərazisində inşa olunub. Lovaq bu memarlıq möcüzəsini yaradarkən ibtidai insanın ilk məskəni olan mağaralardan ilham alıb. Memar  düzbucaqlı binaların insanın daxili harmoniyasını pozduğu üçün bu layihəsində qeyri-standart formalardan istifadə edib.

1200 kvadratmetri əhatə edən evdə möhtəşəm panoraması olan geniş qonaq otağı, 10 yataq otağı, 500 nəfərlik amfiteatr, həmçinin şəlalə və hovuzlar yer alır. Qabarcıq formasında dizayn edilən qırmızı ev dəmir çərçivələrlə bir-birinə birləşir. Üzəri beton təbəqə ilə örtülən "qabarcıqlar"ın geniş pəncərələri illüminator şəklində olduğu üçün günəş işığı rahatlıqla evin hər küncünə nüfuz edir. Evin interyerini hazırlayarkən göy qurşağının bütün rənglərindən istifadə edən memar dekorasiyaya rəngini dəyişə bilən xüsusi hazırlanmış lampalar da əlavə edib.

Pyer Bernarın ölümündən sonra bu ekzotik arxitekturaya malik evi məşhur kuturye Pyer Kardin satın alıb və  futuristik villa bütün dünyada "Pyer Kardin evi" kimi tanınıb.

 

Taxta ev

Çinin Çunjun əyalətinin uzaq dağ kəndində, qədim bambuk meşələri ilə əhatə olunmuş çayın kənarında, köhnə çay fabrikinin ərazisində qeyri-adi "Taxta ev" inşa olunub. Təbiətlə memarlıq arasında olan heyrətamiz əlaqəni göstərən bu kiçik ev 2018-ci ildə tikilib. "Göbələk" şəklində dizayn edilən evin tikintisində istifadə olunan  materiallar taxtadan olduğundan  memar layihəsini həyata keçirmək üçün yerli sənətkarlara müraciət edib.

Cəmi 80 kvadratmetr sahəsi olan evin hündürlüyü 8 metrdir. Polad dayaqların üzərində dayanan taxtalı ev iki hissədən ibarətdir. Layihəni daha maraqlı edən və dünyada məşhurlaşdıran isə onun dam hissəsidir. Hamar və aşağıya doğru uzanan yuvarlaq damın mərkəzi hissəsindəki boşluqda geniş terras yerləşir. Evin arxa hissəsinə quraşdırılan dəmir pilləkənlə insanlar dairəvi terrasa qalxır və oradan birbaşa dama keçid alır. Burada onlar rahat şəkildə açıq səmanı izləmək  imkanı əldə edirlər.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".