Güclü və qüdrətli Rusiyanın lideri
Siyasət

Güclü və qüdrətli Rusiyanın lideri

2012-ci ildən bəri Rusiya Prezidenti Vladimir Putin ölkəsi adına bir çox mühüm qərarlar verib. V.Putinin hakimiyyətdə həm prezident, həm də baş nazir kimi olduğu illər ərzində ölkədə iqtisadi bum, hərbi genişlənmə və Rusiyanın böyük güc kimi yenidən qurulması kimi mühüm proseslər baş verib, bir çox rusiyalı üçün həyat standartları yaxşılaşıb və stabillik anlayışının yeni forması və milli qürur yaranıb. Yoxsulluq əhəmiyyətli dərəcədə azalıb. SSRİ-nin dağılmasının ardından onun siyasi varisliyini yerinə yetirməyə çalışan Rusiyaya müstəqilliyinin ilk dövrlərində Boris Yeltsin prezidentlik edib. Onun  hakimiyyəti dövründə xüsusilə iqtisadi sahədə bir sıra radikal qərarlar qəbul edildi və nəticədə ölkədə qeyri-sabitlik və inflyasiya prosesi başladı. Ölkədə artan etirazlar prezidentin istefası ilə nəticələndi və bir çox rusiyalı politoloqların da sonradan adlandırdığı "Rusiyanın qızıl dövrü" başlandı.

Yeltsinin islahatları ölkəni uçuruma sürükləsə də, xalq içində böyük nüfuza sahib idi. Bu baxımdan 2000-ci ilin martında növbədənkənar prezident seçkilərində Putini özünün varisi adlandırması məsələni həll etmişdi. Həmin il siyasi olimpə addım atan keçmiş DTK işçisi Vladimir Putin öz səlahiyyətlərinin icrasına başladı.  Bu vəzifəyə 2008-ci ildə Dmitri Medvedev seçilsə də, 2012-ci ildə Vladimir Putin növbəti dəfə rus xalqının etimadını qazanıb.  Vladimir Putinin hakimiyyəti dövründə ölkədə yüksək iqtisadi artım müşahidə olunub, çiçəklənmə dövrünə qədəm qoyulub. Bununla yanaşı, xarici siyasətdə də qətiyyətli addımlar atılaraq Rusiyanın mövqeyi daha da möhkəmlənib.

Vladimir Putinin prezidentliyi dövründə Rusiyanın bölgədə ən yaxın tərəfdaşı isə şübhəsiz ki, Azərbaycan olub. Bu özünü bir çox sahələrdə birgə əməkdaşlıqda daha aydın nümayiş etdirir. Rusiyanın baş naziri Mixail Mişustinin martın 5-də Azərbaycana işgüzar səfəri də ölkələrimizin ticarət, iqtisadi əməkdaşlığının inkişaf etdirilməsi üçün yeni mərhələdir. Energetika, nəqliyyat, sənaye, mədəniyyət, humanitar və digər sahələrdə birgə layihələrin təşviqi prioritetdir. Azərbaycanda Vladimir Putinin dövründə Rusiya kapitalı olan 1,4 milyondan çox müəssisə fəaliyyət göstərir. Onların 300-ə yaxını 100 faiz Rusiya sərmayəsinə malikdir. 2023-cü ildə Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaları 295 milyon ABŞ  dolları olub. V.V.Putinin bundan əvvəl son dəfə prezident seçildiyi dövrlə müqayisədə Rusiyanın ticarət dövriyyəsi ötən il 4,3 milyard ABŞ dollarından çox olub. 2023-cü ildə Azərbaycan və Rusiya arasında ümumi yükdaşımaların həcmi 87 faiz, tranzit yüklərin həcmi isə dörd dəfəyə qədər artıb.

Vladimir Putinin rəhbərliyi dövründə Rusiya Azərbaycanın şimal qonşusu olmaqla yanaşı, həm də ölkəmizdə istehsal olunan məhsullar üçün ən böyük bazar rolunu oynayır. Belə ki, xarici ticarət əlaqələrində Rusiyanın payı kifayət qədərdir. Ölkəmizlə Rusiya arasında münasibətlər siyasi sahədə də inkişaf edir. Siyasi əməkdaşlıq müharibədən sonrakı dövrdə daha da genişlənməyə başlayıb. Xüsusilə də Rusiya 2020-ci il 10 noyabr müqaviləsinin imzalanmasında mühüm rol oynayıb. Daha sonra Azərbaycan və Rusiya arasında qarşılıqlı müttəfiqlik haqqında bəyannamə ölkələrimiz arasında əlaqələrin yeni mərhələdə inkişafına təkan verib. Təbii ki, Azərbaycan üçün Rusiya olduqca əhəmiyyətli bir dövlətdir. BMT Təhlükəsizlik Şurasının 5 daimi  üzvündən biri olan Rusiya Azərbaycanla həmsərhəddir. Bu isə ölkəmizin beynəlxalq arenada haqq səsinin çatdırılmasında böyük dəstək deməkdir.

Ümumilikdə ardıcıl üçüncü dəfə Rusiyanın prezidenti vəzifəsinə seçilən Vladimir Putin bu illər ərzində dünya düzəninin formalaşmasında yaxından iştirak edib. Budəfəki seçkilərdə də qalib gələn V.Putin, heç şübhəsiz ki, dünyanın yeni düzənində əsas aktorlardan biri olacaq. Çünki güclü və qüdrətli Rusiyanın rəhbəri Vladimir Putin dünya üçün xüsusi önəm daşıyan liderlər sırasındadır.

Tacir SADIQOV,

"Respublika".