DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

DONALD TUSK: AVROPA MÜHARİBƏ ÖNCƏSİ DÖVRƏ QƏDƏM QOYUR

Polşa hökumətinin başçısı Donald Tusk Avropanın müharibədən öncəki dövrə qədəm qoyduğu barədə xəbərdarlıq edib. İspaniyanın “El Pais” nəşrinə müsahibəsində baş nazir qeyd edib ki, hazırda sözün əsl mənasında istənilən ssenari mümkündür.

Donald Tuskun sözlərinə görə, Avropa İkinci Dünya müharibəsinin başa çatdığı 1945-ci ildən bəri belə bir vəziyyətlə üzləşməyib. Onun iddiasına görə, artıq bölgənin təhlükəsizlik sistemi kökündən dəyişib.

Baş nazir vəziyyətin ciddi, artan təhdidlər qarşısında sayıqlıq və kollektiv hərəkətə ehtiyac olduğunu vurğulayıb: “Bu, xüsusilə də gənc nəsil üçün çox ağır səslənir, lakin biz yeni, müharibədən öncəki dövrün başladığına öyrəşməliyik”.

Bununla yanaşı, baş nazir fəlakətin qarşısını almaq üçün qətiyyətli addımların atılmasının vacibliyini də vurğulayıb.

“Müharibə artıq keçmişin anlayışı deyil, hər bir ssenari mümkündür və biz yeni dövrün gəlişinə zehni olaraq hazır olmalıyıq. Mən şişirtmirəm. Bu, gündən-günə daha çox nəzərə çarpır. Bu səbəbdən Avropa müdafiə sahəsinə daha çox sərmayə qoymalı olacaq”, - deyə Donald Tusk əlavə edib.

LAVROV: RUSİYA-QƏRB MÜNASİBƏTLƏRİNDƏ ƏMƏKDAŞLIQ EDƏCƏK SAHƏ QALMAYIB

Rusiya Federasiyası və Qərb arasındakı münasibətlərdə, o cümlədən, terrorizmlə mübarizə üzrə işgüzar təmaslar və əməkdaşlıq edəcək sahə, demək olar ki, qalmayıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İzvestiya” nəşrinə müsahibəsində bildirib.

Lavrov xatırladıb ki, ABŞ və Böyük Britaniya səfirlikləri Moskvada olan vətəndaşlarını xəbərdar edərək, onları kütləvi tədbirlərdə iştirak etməməyə çağırıb. Lakin XİN başçısının sözlərinə görə, xüsusi xidmət orqanlarının xətti ilə təmaslar bir qayda olaraq anons edilmir.

Eyni zamanda, Sergey Lavrov qeyd edib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov bu yaxınlarda verdiyi müsahibədə bu cür təmasların olduğunu, lakin çox ümumi xarakter daşıdığını bildirib.

Rusiya XİN rəhbərinin sözlərinə görə, terrorizmlə mübarizə ənənəvi olaraq Rusiyanı Qərb və Şərqlə yaxınlaşdıran sahələrdən biri hesab olunub.

FRANSA HƏBSXANALARINDA MƏHBUSLARIN SAYINDA TARİXİ REKORD

Fransa həbsxanalarındakı məhbusların sayı penitensiar müəssisələrin maksimum tutumunu demək olar ki, dörddə bir dəfə üstələyərək tarixi rekord həddə çatıb. Bu barədə ölkənin “BFMTV” telekanalı xəbər verib.

Məlumata əsasən, il ərzində məhkumların sayı 4,4 min nəfər artaraq 76,7 min nəfərə çatıb.

Bildirilir ki, Fransa həbsxanalarının maksimum tutumu 61,6 min nəfərdir. Həddindən artıq sıxlıq səbəbindən 3 mindən çox məhbus döşəmədə yatmağa məcburdur, halbuki 2023-cü ildə bu rəqəm 2 min nəfərdən bir qədər çox idi.

Bununla da, respublikanın penitensiar müəssisələrinin doluluq səviyyəsi 125 faizi ötüb ki, bu da Avropada ən yüksək göstəricilərdən biridir.

Eyni zamanda, verilən xəbərə görə, istintaq təcridxanalarında vəziyyət daha ağırdır.

QRİP KORONAVİRUSDAN DAHA ÇOX NEVROLOJİ PROBLEMLƏRƏ SƏBƏB OLUR

Qrip virusu “COVID-19”dan təxminən iki dəfə çox nevroloji pozğunluğa səbəb olur. “Report” agentliyinin məlumatına görə, bu barədə “HealthDay” portalı xəbər verib.

Alimlər qrip səbəbilə xəstəxanalara yerləşdirilən 70 min nəfər, “COVID-19” diaqnozu ilə xəstəxanalara çatdırılan 19 min insanın məlumatlarını müqayisə ediblər.

Araşdırma zamanı məlum olub ki, qrip xəstələrinin 4,9 faizi və “COVID-19” pasiyentlərinin isə 2,8 faizi xəstələndikdən bir il sonra nevroloji xəstəliklər inkişaf edib. Qrip xəstələrinin 3,2 faizi və “COVID-19” xəstələrinin 2 faizi miqren səbəbindən xəstəxanaya müraciət edib. Qrip xəstələrinin 2,1 faizi və “COVID-19” pasiyentlərinin 1,6 faizi epilepsiya dərmanı alıb.

Həmçinin bildirilir ki, qripdən sonra xəstələrdə nevropatiyalar, hərəkət pozğunluqları da daha çox rast gəlinir. Bununla yanaşı, insult və demensiyanın yayılması təxminən bərabər olsa da, hər iki vəziyyət qripdən sağ qalanlarda bir qədər yüksək müşahidə olunub.

COZEF BAYDEN: QIRX YAŞDAN ELƏ DƏ YAŞLI GÖRÜNMÜRƏM

ABŞ prezidenti Cozef Bayden yaşlandıqca daha da müdrikləşdiyini, lakin buna baxmayaraq 40 yaşında göründüyünü bildirib. “Trend” agentliyinin verdiyi xəbərə görə, dövlət başçısı bu barədə Nyu-Yorkda seçki kampaniyası üçün vəsait yığımı məqsədilə keçirilən tədbirdə bəyan edib.

“Fikrimcə, müşahidə etmisinizsə, yaşa dolmaq insanı müdrikləşdirir. Bununla belə, bilirəm ki, qırx yaşdan elə də yaşlı görünmürəm”, - deyə Cozef Bayden vurğulayıb.

Bununla yanaşı, ABŞ prezidenti qarşıdakı seçkilərdə əsas rəqibi olan Donald Trampı tənqid etmək fürsətini də qaçırmayıb və onun fikirlərini köhnəlmiş adlandırıb: “Bilirsiniz, o zaman da, indi də mənim rəqibim olan bu oğlanın ideyaları 18-19-cu əsrlərə aiddir”.

Məlumat üçün qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin olunub. Respublikaçılar və ya Demokratlar partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürəcək şəxs əvvəlcə praymeriz adlanan partiyadaxili seçkilərdə lazımi səsləri toplamalıdır.

MOSKVADAKI TERROR AKTINDA BAŞ KƏŞFİYYATIN POLKOVNİKİ DƏ HƏLAK OLUB

Rusiyanın Moskva vilayətində yerləşən “Crocus City Hall”da törədilən terror aktının qurbanları arasında Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı dəstəsinin polkovniki Timur Myasnikov da var. “Teleqraf.com”un verdiyi xəbərə görə, o, bir müddət öncə Ukrayna ilə müharibənin davam etdiyi bölgədən ailəsinə baş çəkmək üçün məziniyyətə gəlmişdi.

Məlumata əsasən, Timur Myasnikov terror aktı zamanı üç güllə yarası alıb, həkimlərin onun həyatını xilas etmək cəhdlərinə baxmayaraq, bir neçə gün sonra dünyasını dəyişib.

Eyni zamanda, bildirilir ki, terror aktı zamanı polkovnik həyat yoldaşı və oğlunu təhlükəsiz yerə aparmağa müvəffəq olsa da, özü güclü atəş altında qalıb.

Xəbər verilir ki, polkovnik Timur Myasnikov bundan öncə Tacikistan və Kosovoda xidmət edib.

BRİTANİYA ORDUSUNDA YÜZ İLLİK HƏRBİ QADAĞA LƏĞV EDİLİB

Böyük Britaniya ordusunda xidmət edərkən əsgər və zabitlərə saqqal və bığ saxlamağa icazə veriləcək. Bu barədə “BBC” agentliyinin xəbərində qeyd olunur.

Bununla yanaşı, qeyd olunub ki, saqqal və bığlar səliqəli, düzgün baxımlı olmalı, eləcə də hərbi görünüşün prinsip və standartlarına cavab verməlidir.

Məlumata görə, sözügedən qadağa müdafiə naziri Qrant Şappsın çağırışçıların qəbulu probleminin müzakirəsi zamanı və ordunu modernləşdirməyə çağırmasından sonra aradan qaldırılıb.

Yeni direktiv ordunun bu məsələ ilə bağlı siyasəti ətrafında illərlə davam edən müzakirələrdən sonra verilib.

Silahlı Qüvvələrin sözçüsü “BBC”yə bildirib ki, şəxsi heyətin təmiz təraş olmasının tələb olunduğu xüsusi hallar ola bilər və bu zaman zabitlərdən, eləcə də əsgərlərdən təraş olunmaq tövsiyə ediləcək.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.