DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ETİMAD BÖHRANI İLƏ ÜZ-ÜZƏ QALAN QƏRB DEMOKRATİYASI

Yeddi Qərb ölkəsində, xüsusilə ABŞ, Fransa və Böyük Britaniyada  seçicilərin əksəriyyəti hesab edirlər ki, onlarda demokratiya beş il əvvəlkindən daha pis vəziyyətdədir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Politico” nəşri “Ipsos” araşdırmalar mərkəzinin keçirdiyi sorğunun nəticələrinə istinadən xəbər verib.

Məlumata əsasən, hər 10 amerikalı respondentdən təxminən yeddisi demokratiyanın vəziyyətinin son illərdə pisləşdiyini qeyd edib, Fransada isə sorğuda iştirak edənlərin 73 faizi bu fikirlə razılaşıb.

Eyni zamanda Birləşmiş Krallıqda hər 10 respondentdən 6-sından çoxu demokratiyanın beş il əvvəlkindən daha çox pisləşdiyi qənaətindədir.

Verilən xəbərə görə, bütün ölkələrdə seçicilərin təxminən yarısı demokratiyanın işindən narazı olduqlarını, əksəriyyəti isə sistemin varlılar üçün saxtalaşdırıldığı və köklü dəyişikliklərə ehtiyac olduğu bəyanatı ilə razılaşdıqlarını bildiriblər.

Qeyd edilir ki, yalnız İsveçdə əksəriyyət, yəni 58 faiz hökumət sisteminin işindən razı qaldıqlarını vurğulayıblar.

PAKİSTANDA POLİS MƏNTƏQƏSİNƏ XAİN HÜCUM

Pakistanın Əfqanıstanla həmsərhəd Heybər Pahtunhva əyalətində partlayıcı yüklənmiş avtomobilin təhlükəsizlik məntəqəsinə hücumu və ərazidə baş verən atışma nəticəsində 25 hərbçi həlak olub, 27 silahlı zərərsizləşdirilib. Bu barədə “TRT” telekanalı xəbər verib.

Bombanın təsirindən yaxınlıqdakı binanın çökməsi nəticəsində ölənlər və yaralananların olduğu bildirilir. Digər tərəfdən, Pakistanın təhlükəsizlik qüvvələri Darazinda və Qulaçi qəsəbələrində silahlılara qarşı əməliyyat keçirib. Darazinda 17 silahlı zərərsizləşdirilib. Qulaçidəki toqquşmada 2 pakistanlı hərbçi həlak olub, 4 yaraqlı isə məhv edilib.

Hadisənin məsuliyyətini “Tahreek-e-Jihad Pakistan” adlı Pakistanın “Taliban” qruplaşması üzərinə götürüb. Onun Əfqanıstandakı “Taliban”la sıx əlaqəsi olduğu bildirilib.

Qeyd edək ki, bu il Pakistanda, xüsusilə Heybər Paxtunxva və Bəlucistan əyalətlərində terror aktlarının sayı artıb.

“AKKUYU” AES-İN İLK ENERJİ BLOKUNUN İSTİSMARINA İCAZƏ VERİLİB

Türkiyənin Nüvə Tənzimləmə Agentliyi “Akkuyu” Atom Elektrik Stansiyasının  birinci enerji blokunun istismarına icazə verib. “Trend” agentliyinin məlumatına görə, “Rosatom” korporasiyası bu barədə özünün sosial media hesabında xəbər verib.

“Akkuyu” AES-in birinci blokunun istismarına icazə verilməsi ilə bağlı qərar qəbul edilib. Biz Türkiyə qanunvericiliyinin bütün tələblərini, atom elektrik stansiyalarının tikintisi ilə bağlı beynəlxalq standartları yerinə yetirmişik”, - deyə “Akkuyu” AES-in baş direktoru Anastasiya Zoteyeva bildirib.

Baş direktorun sözlərinə görə, növbəti mərhələ birinci enerji blokunun istismarı üçün lisenziyanın alınması olacaq ki, bu da reaktora nüvə yanacağının yüklənməsinə və startdan öncəki nəzarət əməliyyatlarına başlamağa imkan verəcək.

Qeyd edək ki, Rusiyanın “Rosatom” dövlət korporasiyası tərəfindən tikilən Türkiyənin ilk atom elektrik stansiyası - “Akkuyu” AES-ə yeni nəsil reaktorları ilə təchiz olunan dörd enerji bloku daxildir. AES-in hər bloku 1200 MVt gücündə enerji generasiya edəcək.

ƏBU-DABİ MİLYARDERLƏR üÇün CƏLBEDİCİ MƏKANA ÇEVRİLİB

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhəri dünya milyarderləri arasında populyarlıq qazanmaqdadır. Bu barədə “Bloomberg” agentliyinin məlumatında qeyd olunur.

Bildirilir ki, dünyanın onlarca ən varlı adamı öz aktivlərini Əbu-Dabiyə köçürüb, xüsusi təyinatlı şirkətlər yaradıblar.

Məlumata görə, hazırda azad zonada və “Abu Dhabi Global Market” maliyyə mərkəzində fəaliyyət göstərən 5 mindən çox belə şirkət var. Halbuki, 2016-cı ildə onların sayı cəmi 46 idi.

Agentlik qeyd edib ki, 2015-ci ildə açılan sözügedən maliyə mərkəzinin azad zonası xüsusilə son illərdə cəlbedici olub, çünki BƏƏ səlahiyyətliləri Rusiya və bu dövlətlə əlaqəli şirkətlərə qarşı sanksiyalar tətbiq etməyib, ABŞ və Böyük Britaniya isə yalnız məhdudiyyətləri gücləndirib.

Eyni zamanda, azad zona milyarderləri öz aktivlərinin xarici yurisdiksiyalardan qorunacağına dair zəmanətlər verib.

AVROPA KOMİSSİYASI MACARISTAN, POLŞA VƏ SLOVAKİYANI HƏDƏLƏYİB

Avropa Komissiyası Macarıstan, Polşa və Slovakiyanı birtərəfli qaydada Ukrayna taxılının bazarlarına tədarükünə embarqo qoyduqlarına görə hüquqi tədbirlərlə hədələyib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Macarıstanın kənd təsərrüfatı naziri İştvan Nad Brüsseldə Avropa İttifaqından olan həmkarları ilə görüşdən sonra bildirib.

Nazir xatırladıb ki, Mərkəzi Avropa ölkələri Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoymağa məcbur olublar, çünki bu, onların fermerlərinin maraqlarına ciddi ziyan vurub.

“Hazırda Avropa Komissiyası milli səviyyədə görülən cavab tədbirləri üçün Macarıstan, Polşa və Slovakiyaya qarşı hüquqi proseslərə başlamaqla hədələyir. Budapeştə artıq Brüsseldən bununla bağlı məktub gəlib”, - deyə İştvan Nad vurğulayıb.

Eyni zamanda, nazirin sözlərinə görə, Avropa Komissiyası faktiki olaraq bütün Aİ ölkələrinin ziyanına hərəkət edir, çünki Mərkəzi Avropa dövlətlərinin embarqosu bütün Avropa ümumi bazarını Ukrayna məhsullarından qoruyur.

Qeyd edək ki, Macarıstan hökuməti uzun müddətdir ki, Ukraynadan dempinq qiymətləri ilə kənd təsərrüfatı mallarının idxalına qarşı səylər göstərir.

ALMANİYA MÜSƏLMANLARA QARŞI AYRI-SEÇKİLİKLƏ MÜBARİZƏ APARA BİLMİR

BMT-nin açıqlamasına əsasən, Almaniya müsəlmanlara qarşı ayrı-seçkiliklə mübarizə apara bilmir. “TRT” telekanalının xəbərinə görə, bu barədə BMT-nin İrqi Ayrı-Seçkiliyin Aradan Qaldırılması üzrə Komitəsinin yekun hesabatında qeyd olunur.

Məlumata görə, bunun əsas səbəbi bu ölkənin keçmişdə irqçiliyə qarşı kifayət qədər tədbir görməməsilə bağlıdır.

BMT-nin hesabatında qeyd edilir ki, Almaniyada müsəlman qadınlar etnik, cinsi və dini mənsubiyyətlərinə görə ayrı-seçkiliyə məruz qalırlar. Ehtiyat tədbiri olaraq, komitə müsəlmanlara qarşı düşmənçilik əleyhinə federal komissar təyin etməyi məsləhət görür.

Hesabatda ekspertlər Almaniyadakı ekstremist qruplarla bağlı da narahatlıqlarını ifadə ediblər. Bura ifrat sağçı ideologiyaya malik Almaniya üçün Alternativ Partiya (AfD) da daxildir. BMT komitəsininin açıqlamasına görə, irqçi nifrəti qızışdıran təşkilatların yaradılmasının qarşısı alınmalıdır.

ABŞ-da RUSİYADAN URAN İDXALINI QADAĞAN EDƏN LAYİHƏ TƏSDİQLƏNİB

ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya uranının idxalını qadağan edən qanun layihəsini qəbul edib. “Report” agentliyinin verdiyi xəbərə görə, sözügedən təşəbbüs konqresmenlər tərəfindən yekdilliklə təsdiqlənib.

Bildirilir ki, qanun layihəsi qüvvəyə mindikdən 90 gün sonra Rusiyada istehsal olunan aşağı zənginləşdirilmiş uranın ABŞ-a idxalına qadağa qoyulmasını təklif edir.

Eyni zamanda, qanun layihəsi ABŞ-ın Energetika Nazirliyinə dövlət katibi və maliyyə naziri ilə məsləhətləşərək, ABŞ-ın mövcud qanunları çərçivəsində Rusiyadan uran idxalına icazə verəcək. Məhdudiyyətlər 2040-cı ilin sonuna qədər nəzərdə tutulub.

Qeyd edilir ki, bu təşəbbüs həmçinin ABŞ Energetika Nazirliyinin üzərinə Rusiyadan uran tədarükünün dəyişdirilməsi variantlarını tapmaq və Konqresə təqdim etmək öhdəliyi qoyur.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.