Azərbaycan-Çin siyasi-iqtisadi əlaqələri uğurla inkişaf edir
Siyasət

Azərbaycan-Çin siyasi-iqtisadi əlaqələri uğurla inkişaf edir

Azərbaycan kiçik ərazidə yerləşməsinə baxmayaraq, böyük iqtisadi potensiala, əlverişli coğrafi mövqeyə malikdir. Bununla yanaşı, ölkəmizin müstəqil daxili və xarici siyasət yürütməsi dünya dövlətlərinin, ələlxüsus da supergüclərin diqqətindən kənarda qalmır.

1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycan gənc dövlət olsa da, Avrasiya materikinin həyatında vacib rol oynayan nəhəng layihələrin əsas iştirakçısı və təşəbbüskarıdır. Bundan başqa, Azərbaycanın qədim dövlətçilik ənənəsinə malik olması da onun siyasət və diplomatiyasının zənginləşməsində mühüm rol oynayıb.

Müstəqilliyin ilk illərindən etibarən ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin xarici siyasət strategiyasında üç əsas amili ön plana çəkmişdi: zamanın çağırışlarına cavab vermək, sahib olduğumuz dövləti əhatə edən geosiyasi reallığı nəzərə almaq və xalqımızın zəngin dövlətçilik tarixindən nəticə çıxarmaq.

Ulu Öndərin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyevin xarici siyasət strategiyasında yol xəritəsi olaraq müəyyən etdiyi ideyaları tətbiq etməklə bu gün dünyanın siyasi arenasında böyük uğurlar əldə edib, geniş əlaqələr yaradıb, möhkəm dostluq və qardaşlıq münasibətləri qurub. Səmimi əlaqələr yaradılan ölkələr sırasında məsafə baxımından Azərbaycandan min kilometrlərlə uzaqda yerləşən dövlətlər də var.

Azərbaycan hökumətinin ikitərəfli siyasi-iqtisadi əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyi ölkələrdən biri də Çin Xalq Respublikasıdır. Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və iqtisadi inkişafı ilə hər zaman diqqət mərkəzindədir.

Təbii ki, Azərbaycan-Çin münasibətlərinin yeni mərhələsi dövlət müstəqilliyinin bərpasından sonra, yəni 1991-ci ildən başlayıb. Həmin il dekabrın 27-də Çin Xalq Respublikası Azərbaycanın müstəqilliyini tanıyıb. 1992-ci il aprelin 2-də ölkələr arasında diplomatik münasibətlər qurulub. Çinin Bakıdakı səfirliyi 1992-ci ildə, Azərbaycanın Pekindəki səfirliyi isə 1993-cü ildə fəaliyyətə başlayıb. Yüksək səviyyəli səfərlər 1994-cü ildə Prezident Heydər Əliyevin ÇXR-ə rəsmi səfəri ilə başlayıb. Dövlət başçısı İlham Əliyev isə Çinə 2 dəfə (2005, 2015) rəsmi səfər etməklə yanaşı, bir neçə dəfə müxtəlif beynəlxaq səviyyəli tədbirlərdə iştirak etmək üçün bu ölkədə olub. Çinin diplomatik heyəti xarici işlər naziri səviyyəsində Azərbaycanda 4 dəfə (1996, 2004, 2010 və 2019) səfərdə olub.

İki ölkə arasındakı münasibətlərdə daha çox iqtisadi əlaqələr diqqət çəkir. 2013-cü ildə Çin lideri tərəfindən irəli sürülən "Bir kəmər, bir yol" layihəsində Çin və Azərbaycan uğurla əməkdaşlıq edir. Çinin "Phoenix" telekanalına müsahibə verən Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu məsələni xüsusilə qeyd edib. Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən birinin Azərbaycan olduğunu xatırladan Prezidentin köməkçisi bildirib ki, bu layihə marşrut boyu yerləşən ölkələrin ümumi rifahına müsbət təsir göstərib, onlar arasında əməkdaşlığı möhkəmləndirib, həmçinin sivilizasiyalararası dialoqu təşviq edib və bunun sayəsində beynəlxalq ictimaiyyət qədim Çin sivilizasiyasından bəhrələnib: "Biz bu layihəni marşrut boyu ölkələrə firavanlıq gətirə biləcək əməkdaşlıq, tərəfdaşlıq və qarşılıqlı firavanlıq kimi görürük. Xəzər dənizi ilə Qara dəniz arasında yerləşən Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir", - deyə H.Hacıyev bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunun imzalanması ilə iqtisadi-ticarət əlaqələrinin perspektivləri üçün istiqamətlər formalaşıb. Azərbaycanın təşəbbüskarı olduğu Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi nəqliyyat-infrastruktur layihələri Trans-Xəzər Şərq-Qərb Nəqliyyat Dəhlizini formalaşdırır ki, bu da öz növbəsində Çindən Avropaya yükdaşımaları üçün yeni marşrut xəttidir. Burada ən vacib məqam odur ki, həmin nəqliyyat marşrutu yüklərin Çindən Avropaya, Avropadan isə Çinə gətirilməsi üçün ən qısa yoldur. Azərbaycan zamanın tələbinə uyğun olaraq Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətini artırmaq istiqamətində təxirəsalınmaz işlər görür.

Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında dostluq münasibətləri, qarşılıqlı etimad iki ölkənin daha da yaxınlaşmasına önəmli təsir göstərir. Dövlət başçımıza böyük qiymət verən sədr Si Cinpin Prezident İlham Əliyevi Çinin böyük dostu adlandırıb.

Ölkə rəhbərinin 2015-ci ildəki Çinə səfəri çərçivəsində iki ölkə arasında müqavilələrin imzalanması Azərbaycan-Çin münasibətlərini yeni mərhələyə çıxarıb. İmzalanan 10 sənədin 6-sı iqtisadiyyat, nəqliyyat və enerji sahəsini əhatə edib. Digərləri hüquqi, elmi və ekoloji sferalara aid olub. Bunların içərisində ən vacib sənəd isə dövlət başçılarının imzaladıqları "Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə"dir.

Müasir dövrün çağırışlarından olan "yaşıl enerji"yə keçid Çin-Azərbaycan əlaqələrini daha da mökhəmləndirə bilər. Çin bərpaolunan mənbələrdən enerji alınmasında dünya liderlərindən biridir. "Yaşıl enerji"yə keçidi prioritet sahəyə çevirən Azərbaycan bu istiqamətdə Çin şirkətləri ilə də tərəfdaşlıq edir. Çin Azərbaycanın təmiz enerji islahatlarına diqqət yetirir və ölkənin ekoloji cəhətdən inkişafına göstərdiyi səyləri yüksək qiymətləndirir. Hazırda Füzulidə Çin şirkəti ilə günəş elektrik stansiyalarının tikintisi üçün ərazilər seçilir. Çinin qabaqcıl istehsal sənayesi bütün dünyada məşhurdur. Bu da Qərbin texnologiyalardakı monopoliyasının sona çatması deməkdir.

Musa BAĞIRLI,

"Respublika".