Sağlam həyat
Maraqlı

Sağlam həyat

Uzunömürlülüyün sirri bu qidada imiş

Son dövrlər marketlərdə gördüyümüz qara düyü xüsusilə qida dəyərinin yüksək olması baxımından ən çox seçilən ərzaqlardandır. Lif və minerallarla zəngin olan bu düyü vegeterianların ən populyar və sevimli yeməyidir. Tərkibində şəkərin miqdarının az olması isə şəkərli diabet xəstələri üçün ən doğru seçim hesab edilir. Bu yaxınlarda ABŞ alimləri ağ düyüdən qat-qat yararlı olan bu düyünün həm də insan ömrünü uzada biləcəyini müəyyən ediblər.

Araşdırmanın nəticələri göstərib ki, unikal təsirə malik olan qara düyü insan orqanizmini xərçəngdən tutmuş ürək xəstəliklərinə qədər qoruya bilər. Alimlər qara düyünün bu qədər faydalı olmasını onun tərkibindəki antosianin piqmenti ilə əlaqələndirirlər. Hansı ki, bu maddə qırmızı kələmdə də var. Qara düyünün ağ düyüdən digər fərqi isə antioksidant dəyərinin yüksək olmasıdır ki, bu da bədənin immunitet sistemini qüvvətləndirir, yaşlanmanı gecikdirir və qırışları azaldır.

Məlumat üçün qeyd edək ki, əslində qara düyünün ağ düyü ilə heç bir əlaqəsi yoxdur. Qara düyü su sisaniyası adlı bitkinin toxumlarıdır. 1,5-3 metr hündürlüyə qədər qalxa bilən bu bitki sulu və bataqlıq bölgələrdə bitir. Qara düyünün baha satılmasının səbəbi isə onun qida dəyərinin yüksək olması və çətinliklə əldə edilməsidir. Alimlər son illərdə qara düyüyə gen modifikasiyası edərək, onu daha da faydalı ediblər.

Zədələnmiş əzələlərin bərpasını sürətləndirən üsul

İspaniyalı elm adamları zədələrdən sonra əzələlərin bərpasını sürətləndirən yeni üsul kəşf ediblər. Belə ki, Barselona Universitetinin alimləri müəyyən ediblər ki, bütün növ əzələ zədələri fasilələrlə hipobarik hipoksiyaya - aşağı barometrik təzyiq kamerasında oksigenin məhdud olmasına məruz qaldıqda daha tez bərpa oluna bilir.

Alimlər qeyd ediblər ki, hipobarik kameralar uzun müddətdir ki, idmançıların fiziki hazırlığını artırmaq üçün istifadə olunur. Təqlid edilmiş hipobarik hipoksiya şəraitində orqanizm aşağı atmosfer təzyiqi mühitinə məruz qalır, burada hüceyrələr daha az oksigeni udur və daha sürətli regenerasiya ilə əlaqəli fizioloji reaksiya yaradır. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, belə hipobarik kameralara məruz qalma gəmiricilərin orqanizmində maddələr mübadiləsinin tənzimlənməsində əsas rol oynayan əzələ liflərini aktivləşdirir. Hansı ki, bu yolla bütün növ əzələ zədələnmələrində, o cümlədən sarkopeniyada - skelet əzələ kütləsinin yaşla bağlı itkisində toxuma bərpasını sürətləndirmək mümkündür.

Tədqiqatın nəticələri "The Journal of Physiology" (JP) jurnalında dərc olunub.

Bu aylarda arıqlamaq fikrindən daşının

Baharın gəlişi ilə hər kəs artıq çəkidən qurtularaq incə və fit bədənə sahib olmaq istəyir. Amma çəki itirməyə başlamaq üçün hər fəsil uyğun deyil. Belə ki, elm adamları pəhriz saxlamaq üçün yaz aylarının uğursuz olduğunu müəyyən ediblər.

Mütəxəssislər belə qənaətə gəliblər ki, artıq çəki ilə mübarizəyə başlamaq üçün ən pis vaxt yazın ilk ayları - mart və apreldir. Onlar bunun səbəbini həmin aylarda vitaminlərlə zəngin olan meyvə və tərəvəzin qıtlığı ilə əlaqələndirirlər. Ona görə də bu aylarda vitamin çatışmazlığını aradan qaldırmaq üçün vitamin və minerallarla zəngin düzgün qidalanmaya diqqət yetirmək tövsiyə olunur.

Ediləcək ən doğru seçim "fast food" qidalardan mümkün qədər uzaq durmaq, sağlam pəhriz saxlamaqdır. Bunun üçün hər gün qida rasionuna daha çox proteinli (ət, balıq, yumurta, süd məhsulları və. s.) qidaların daxil edilməsi məsləhət görülür. Artıq çəkidən azad olmaq üçün isə gün ərzində bol su içmək tövsiyə edilir. Hansı ki, su maddələr mübadiləsini sürətləndirərək arıqlamağa kömək edir.

İspanağı belə yeyin ki...

Arizona Dövlət Universitetinin alimləri ispanağın daha öncə bilinməyən faydalarını ortaya çıxarıblar. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, bu bitki orqanizmdə həm iltihabı azaldır, həm də yaşlanma prosesini ləngidir.

Tədqiqatçılar tərkibi "lutein" adlı maddə, həmçinin A, C və K vitaminləri ilə zəngin olan ispanağın bu komponentlər sayəsində bir çox problemləri həll etdiyini düşünürlər. Mütəxəssislər bildiriblər ki, ispanaq həm də gözün normal fəaliyyətini, rəng qavrayışını və görmə kəskinliyini təmin edir. Həmçinin dəri, sümük, ürək sağlamlığına faydalı təsir edən ispanaq qanın laxtalanmasının da qarşısını alır.

İspanağın təbii antioksidant xüsusiyyətlərə malik olduğunu diqqətə çatdıran mütəxəssislər, onun bişirilmə üsuluna xüsusi əhəmiyyət verməyi tövsiyə ediblər. Bildirilib ki, bişirilmə üsulundan asılı olaraq onun qida dəyəri dəyişir. İspanağı çiy halda yemək və ya salatlara əlavə etmək daha yaxşı seçimdir.

Qeyd edək ki, araşdırmanın nəticələri "Food & Function" jurnalında dərc olunub.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".