MÜKƏMMƏL MÜRƏKKƏB MKMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MKMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Salvador Dali" teatr-muzeyi

İspaniyanın Fiqeras şəhərində 1974-cü ildə istifadəyə verilən "Salvador Dali" teatr-muzeyi köhnə teatr binasının yerində inşa olunub. Məşhur sürrealist rəssam Salvador Dali mərhum memar Jozep Roka-i-Borsun layihələndirdiyi binanın dağıntılarının yerində teatr-muzeyi tikmək üçün şəhər meriyasına müraciət edib. 1970-ci ilin oktyabrında isə tikinti işlərinə başlayıb. Silueti beynəlxalq estrada sənətinin simvoluna çevrilən teatr-muzeyin dam hissəsinin tikintisi isə Emilio Peresu Pinyeroya həvalə edilib. Amerikalı dizayner Riçard Fullerin işindən ilhamlanan memar şüşə və polad konstruksiyadan istifadə edərək binanı özünəməxsus şəkildə dizayn edib. Belə ki, S.Dalinin bir çox rəsmlərində və heykəllərində yumurtadan istifadə etdiyini nəzərə alan memar eksteryeri tamamlamaq üçün binanın damında nəhəng yumurta modelindən istifadə edib.

Muzeydə S.Dalinin sənət əsərlərinin ən böyük kolleksiyası yerləşir. Burada rəsmlərlə yanaşı, heykəllər, üçölçülü kollajlar, o cümlədən Dalinin həyat və yaradıcılığına həsr olunmuş bir çox eksponatlar da nümayiş etdirilir. Ziyarətçilər teatr-muzeyi gəzdiyi zaman rəssamın xaotik qaydada düzülmüş ən qeyri-adi əsərləri ilə tanış olmaq imkanı əldə edirlər.

"Müqəddəs Üçlük" katolik kilsəsi

Avstriyanın Sankt Georgenber dağının 328 metr yüksəkliyində, Vyana meşələrinin olduğu ərazidə qeyri-adi üslubda "Müqəddəs Üçlük" katolik kilsəsi inşa olunub. 1974-1976-cı illərdə tikilən və "Votrub məbədi" kimi də tanınan bu dini kompleks məşhur memar Fritzm Votrub tərəfindən layihələndirilib. Modern üslubunda dizayn edilən müxtəlif ölçülü kublardan ibarət həndəsi fiqurları xatırladan bina "Tetris" oyununa bənzədilib. Məbəd ilk zamanlar yerli əhali tərəfindən qəbul edilməsə də, bir müddətdən sonra bütün dünyanın diqqətini cəlb edib.

Ənənəvi məbəd arxitekturasından fərqli olaraq assimetrik şəkildə inşa olunan kilsə 152 beton blokdan ibarətdir. Çəkisi təxminən 141 ton olan dini kompleksin ümumi hündürlüyü 15,5 metrdir. Xarici görünüşü ilə ziddiyyət təşkil edən kilsənin interyerində quraşdırılan vitrajsız sadə uzunsov pəncərələr sayəsində günəş işığı qurbangaha rahat şəkildə daxil olur. Unikallığı ilə seçilən kilsədə eyni vaxtda 250 nəfər ibadət edə bilir.

"Barkod" ticarət mərkəzi

Rusiyanın Sankt-Peterburq şəhərində, Volodarski körpüsünün yaxınlığında 2002-ci ildə qeyri-adi "Barkod" ticarət mərkəzi inşa olunub. "Femida" şirkəti tərəfindən sifariş edilən bu unikal bina "Vitruvius və oğulları" memarlıq bürosu tərəfindən dizayn edilib. Layihənin baş memarları isə A.N.Jiqaletov və N.F.Kuçina olub.

1800 kvadratmetr ərazidə inşa olunan ticarət mərkəzi 4 mərtəbədən ibarətdir. Simmetrik şəkildə yerləşən iki düzbucaqlı binanın fasadında qırmızı metal üzlükdən istifadə edilib. "Barkod" ticarət mərkəzinin vitraj pəncərələri binanın hündürlüyü boyunca uzanır. Burada boz rəngli şüşədən istifadə edildiyi üçün ticarət mərkəzinin ümumi görünüşü "barkodu" xatırladır. Binanın zirzəmisində və birinci mərtəbəsində zəruri texniki otaqlar yerləşir.

"Barkod" ticarət mərkəzində geyim, mebel, suvenir və hədiyyələr, həmçinin məişət əşyaları, uşaq oyuncaqları, elektronika məhsullarının satışı həyata keçirilir.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".