Mükəmməl mürəkkəb memarlıq
Maraqlı

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Köln Kafedralı

Dünyanın ən gözəl dini tikililərindən biri olan «Köln Kafedralı» Almaniyanın Köln şəhərində inşa olunub.  Köln arxiyepiskopunun iqamətgahı və yeparxiyanın inzibati binası kimi istifadə olunan ibadətgah qotik memarlığın ən məşhur abidələrindən biridir. Hündürlüyünə görə planetimizdəki bütün məbədlər arasında üçüncü yeri tutan bu əzəmətli bina 1996-cı ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. 15 avqust 1248-ci ildə təməli qoyulan Roma-Katolik kilsəsi «Avropanın ən uzunmüddətli tikilisi» adlandırılıb.   

Əzəməti, monumentallığı və eyni zamanda zərifliyi ilə  insanların zövqünü oxşayan «Köln kafedralı»nın uzunluğu 144, eni 86, qüllələrinin hündürlüyü isə 157 metrdir.  Rəngli vitrajlardan hazırlanan pəncərələrin hündürlüyü 17 metrdir. Hər biri 509 pillədən ibarət iki spiralvari pilləkənlə zəng qüllələrinə qalxmaq mümkündür. Kafedralın divarları, tağları və  döşəmələri boz rəngdə «Ren» daşından hazırlanıb.

Freskalarla bəzədilmiş dini kompleksdə bir çox orta əsrlərə aid sənət əsərləri və Müqəddəs Engelbert ziyarətgahı qurbangah xaçları, yepiskop çubuqları, müqəddəslərin heykəlləri və digər qiymətli əşyalar saxlanılır.

 

Florida Politexnik Universiteti

ABŞ-da inşa olunan Florida Politexnik Universitetinin dizayneri məşhur ispan memarı Santyaqo Kalatravadır. Yenilikçi üslubda tikilən bu memarlıq əsərinin inşasında S.Kalatrava bütün müasir texnologiyalardan istifadə edərək mükəmməl «ağıllı» bina yaradıb. Memar şəhərciyin ümumi planını tərtib edərkən Florida ştatının mərkəzi hissəsinin bənzərsiz topoqrafiyasının üstünlüklərini də nəzərə alıb. 

Zahirən nəhəng hörümçəyə bənzəyən bina ellips şəklində dizayn edilib. Zərif görünüşə malik binanın fasadı yüngül metal konstruksiyadan ibarətdir. Kompleksin fərqləndirici cəhəti ondadır ki, burada poladdan hazırlanmış qəfəsin üzərinə quraşdırılan alüminium jalüzlər asanlıqla hərəkət edərək otaqları günəş şüalarından qoruyur. Florida Politexnik Universitetinin mərkəzi hissəsində 160 min kvadratmetr sahəsi olan nəhəng tədris binası da fəaliyyət göstərir.

Mərkəzi gölün şimal tərəfində yerləşən şəhərcikdə evlər, laboratoriyalar, ofislər, konfrans otaqları və hətta böyük tədbirlər üçün amfiteatr da mövcuddur.

 

«Nəhəng çəkmə» oteli

Yeni Zelandiyanın Nelson şəhərində istifadəyə verilmiş qeyri-adi mini otel binası çəkmə formasında inşa olub. Orijinal quruluşa malik binanın müəllifləri Stiv və Judy Van Den-Isa Richardsdır. 2001-ci ildə tikintisi başa çatan otel binasını görənlər memarı bu layihəsinə görə dəli hesab etmişdilər. Lakin bir müddət sonra şəhərin simvoluna çevrilən  «Nəhəng çəkmə» qonaq evi qeyri-adi otellər siyahısında yer almaqla Tasmaniya bölgəsinin ən maraqlı binalarından biri oldu.

İki nəfər üçün nəzərdə tutulan qonaq evi meşənin tam mərkəzində «Cənnət bağı» adlı ərazidə tikilib. «Nəhəng çəkmə» otelinin binası iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə kamin, divan və bir qonaq otağı yerləşir. İkinci mərtəbədə olan yataq otağına isə spiral şəklində quraşdırılan pilləkən vasitəsilə qalxmaq olur. Tavan və divarın əyriliyi tikilinin interyerinə də təsir göstərib. Belə ki, otelin içərisində olan bütün mebellər əyri divarlara uyğun dizayn edilib. Otel binası çox kiçik olduğundan burada mətbəx yoxdur, yeməklər isə yaxınlıqda yerləşən kafedən çatdırılır. Xüsusi çay daşlarından hazırlanmış  binanın fasadını müxtəlif cür ağaclar və bitkilər bəzəyir.

Hazırladı:

Arzu ASİFQIZI,

«Respublika».