Qərbin yeni plasdarmı
Siyasət

Qərbin yeni plasdarmı

Qərb və ABŞ Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmaq üçün dəridən-qabıqdan çıxır. 3 ildən artıqdır ki, ölkəmizin bilavasitə qətiyyəti sayəsində regionda mövcud olan sabitlik bəzi dairələri narahat edir.

Qərbin "piyada"sı olan Ermənistan isə xam xəyallara aldanır. Bu gün keçirilməsi planlaşdırılan müştərək konfrans  hayların köləliyini daha da artıracaq. Qərbin bəzi qərəzli dairələrinin anti-Azərbaycan dalğasını gücləndirdiyi bir vaxtda 5 aprel görüşünün də bu formatda keçiriləcəyi ehtimal edilir. Avropa İttifaqı və ABŞ Ermənistanı nəzarəti altına alaraq burada yeni plasdarm (hərbi əməliyyatların hazırlanması və genişləndirilməsi üçün seçilmiş ərazi) yaratmaq niyyətindədir.

Qərb bloku bugünkü görüşlə beynəlxalq müstəvidə bir növ Ermənistanı "himayə etdiyini" və ona təhlükəsizliklə bağlı hər hansı bir "təminat" verdiyini göstərmək istəyir. Bu mesajı isə ötən günlərin birində Fransanın xarici işlər naziri Stefan Sejurne verib.

30 il ATƏT-in keçmiş Minsk qrupunun tərkibində yer alan ABŞ və Fransa bu dövr ərzində sülhə dair heç bir faydalı iş əmsalı təqdim edə bilmədi. Bu gün erməni təəssübkeşliyi sərgiləyənlər torpaqlarımız işğal altında olan zaman eyni davranışı bizə qarşı nümayiş etdirmədilər. Azərbaycana qarşı ədalətli qərarlar verilmədi, BMT-nin 4 qətnaməsi isə ümumiyyətlə, icra olunmadı. Anti-Azərbaycan xislətli qüvvələrin əsas məqsədi regiondakı vəziyyəti yenidən 30 il əvvəlki halına gətirməkdir.

Qərb və ABŞ Ermənistanı plasdarma çevirməklə Rusiyaya qarşı bliskriqə cəhd edir. Lakin bu, Moskvadan çox Bakını narahat edir. Çünki Ermənistanda baş verə biləcək hər hansı bir çaxnaşma və ya müharibə bilavasitə ölkəmizə də təsir edə bilər. Bu baxımdan Azərbaycan Cənubi Qafqazın coğrafiyasına xələl gəlməsini istəmir. Avropa birliyi-Ermənistan-ABŞ müştərək konfransı isə tam əksinə, hərbi ittifaqın gücləndirilməsinə xidmət edir. Ermənistan başa düşməlidir ki, ölkəsi ikinci Ukrayna və ya Suriyaya çevrilir. ABŞ ona bel bağlayanları həmişə yarıda qoyur. Birləşmiş Ştatlarda noyabr ayında keçiriləcək prezident seçkilərini də nəzərə alsaq, hayların işi daha da çətinləşir. Belə ki, Ağ Evin növbəti sahibi Tramp olarsa, ABŞ Cənubi Qafazdan əlini çəkməli olacaq.

Aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək rəsmi Bakının narahatlığına cavab verib. Ağ Ev rəsmisi Blinken sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb. Ölkə başçımız isə anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb. Birləşmiş Ştatların Dövlət katibi Antoni Blinken həqiqətən də rəsmi Bakının yanlış düşündüyünü iddia edirsə, bəs niyə 3 gün əvvəl Fransa xarici işlər naziri ilə birlikdə çıxış edərkən onu susdurmadı? Məqsədi hər nə olursa-olsun, Cənubi Qafqazla bağlı Azərbaycanın dəvət olunmadığı hər hansı bir masa xüsusi mahiyyət daşımır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyəti nəticəsində Blinkenin zəngi və vəziyyəti izah etməyə çalışması bir daha onu göstərdi ki, Azərbaycanın qlobal müstəvidə çəkisi və nüfuzu kifayət qədərdir.

Daha bir narahatedici məqam odur ki, bölgədə yerləşən Gürcüstan və İran Qərbin Ermənistanı plasdarma çevirmə siyasətinə müdaxilə etmir. Rəsmi Tbilisi öz mövqeyini bəlli etməli, qərbpərəst siyasət yürütməkdən çəkinməlidir. Nicat yolu Azərbaycanla əməkdaşlığın artırılmasından keçir. İran isə susqunluğunu davam etdirir. Ermənistanda anti-İran dalğasının hökm sürməsindən xəbərdar olan rəsmi Tehran nədənsə, Qərbin yolunu gedərək erməni təəssübkeşliyini davam etdirir. Bakının artan nüfuzundan, getdikcə həm siyasi, həm iqtisadi, həm də hərbi arenada güc sahibi olmasından təşvişə düşdüyünü hər hərəkəti ilə göstərməyə çalışan İran İslam Respublikası Zəngəzur dəhlizi məsələsində bir daha öz mövqeyini bəlli etdi. Dəhlizin  regional yox, qlobal səviyyədə bir layihə olduğunun bütün siyasi mərkəzlərdə qəbul edilməsi rəsmi Tehranın narahatlığını artırıb. Ümumiyyətlə, bölgədə yaranan vəziyyət onu deməyə əsas verir ki, ölkəmizdən fərqli olaraq İran və Gürcüstan bölgədə sabitliyin qorunub saxlanılmasında elə də maraqlı deyil.

Cənubi Qafqazda ikinci erməni dövlətinin yaranmasına imkan verməyən Azərbaycan bölgədə yeni reallıq və yaratdı. Bununla barışmaq istəməyən Qərb dairələri ölkəmizin bərpa etdiyi sabitliyi yenidən pozmağa cəhd edərək III Dünya müharibəsini Cənubi Qafqazdan başlatmaq istəyir. Prezident İlham Əliyev isə həmin planları pozdu və bu qüvvələrə "dəmir yumruğu" göstərdi. Məhz bu fonda 5 aprel görüşünün nəticəsi hər nə olursa-olsun, Azərbaycan regionda yeni silahlandırma siyasətinə qarşı çıxacaq, Cənubi Qafqazın Qərbin plasdarmı olmasına icazə verməyəcək.

İkinci Qarabağ müharibəsi dönəmində və postmünaqişə dövründə siyasi-mənəvi dəstəyini Azərbaycandan əsirgəməyən Türkiyə Brüsseldə keçiriləcək görüşə də səssiz qalmayıb.

Tacir SADIQOV,

"Respublika".