DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

İRAN TEZLİKLƏ İSRAİL ƏRAZİSİNƏ ZƏRBƏLƏR ENDİRƏ BİLƏR

İran yaxın günlərdə İsrail ərazisinə zərbələr endirə bilər. “Report” agentliyinin xəbərinə görə bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun son hesabatında bildirilir.

Aıqlamaya görə, ABŞ kəşfiyyatı da bu məlumatı təsdiqləyir: “İranın cavabı, çox güman ki, aprelin 10-na - Ramazan ayı bitənə qədər olacaq. Bu zaman kəsiyində İranın “Şhahed” pilotsuz uçuş aparatları ilə İsrail ərazisinə hücum etməsi mümkündür”.

Məlumata əsasən, İran Xarici İşlər Nazirliyi bu iddiaları təkzib etsə də, İsrailin İranın mümkün cavab tədbiri ərəfəsində bölgədəki bir sıra diplomatik obyektlərini boşaldıb.

Hesabatda, vurğulanır ki, İran ali rəhbərinin ofisinə yaxın mənbələr rəsmi Tehranın İsraillə birbaşa toqquşmadan çəkindiklərini bildiriblər: “Belə qənaətə gəlmək olar ki, İran ABŞ və İsrailə qarşı birbaşa hərbi qarşıdurmadan çəkinir”.

Xatırladaq ki, aprelin 1-də İsrail İranın Dəməşqdəki səfirliyi yaxınlığına zərbələr endirib. Hadisə nəticəsində 13 nəfər həlak olub. Bundan sonra Tehranla Təl-Əviv arasında münasibətlər gərginləşib.

ABŞ VƏ ÇİN TƏHLÜKƏSİZLİK DİALOQUNU BƏRPA EDİBLƏR

ABŞ və Çin hərbi liderləri təxminən iki ildən sonra ilk dəfə hava, dəniz təhlükəsizliyi ilə bağlı danışıqlar aparıblar. Bu barədə “Assoşieyted Press” agentliyi xəbər yayıb.

Agentliyin məlumatına görə, görüşlər  Havay adalarında təmasların qurulması və tərəflər arasında gərginliyin azaldılması prosesi çərçivəsində baş tutub.

Eyni zamanda, bildirilir ki, dəniz təhlükəsizliyi toplantısında ABŞ və Çin hərbçilərinin iştirakı ilə potensial təhlükəli insidentlər məsələsi müzakirə olunub. Görüşdə hər iki tərəfdən 20-yə yaxın yüksək rütbəli hərbçi və mülki şəxs iştirak edib.

Məlumata görə, nümayəndə heyətlərinin tərkibinə ABŞ-ın Hind-Sakit Okean Komandanlığının, Hərbi Dəniz Qüvvələrinin Sakit Okean Donanmasının, Sakit Okean Hərbi Hava Qüvvələrinin və Çin Xalq Azadlıq Ordusunun nümayəndələri daxildir.

FRANSALI SİYASƏTÇİ ÖLKƏSİNİ TƏCİLİ ŞƏKİLDƏ NATO-DAN ÇIXMAĞA ÇAĞIRIB

Fransa mümkün qədər tez NATO-dan çıxmalıdır, bu təşkilatda qalmaq olduqca təhlükəlidir. “Report” agentliyinin xəbərinə görə, bu fikri “X” sosial şəbəkəsində Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo bəyan edib.

Partiya sədri ABŞ-ın Dövlət katibi Antoni Blinkenin Ukraynanın alyansa üzv olması ehtimalı ilə bağlı sözlərinə belə cavab verib: “Amerikanın ağılsız və son dərəcə təhlükəli bəyanatı! Gəlin tezliklə özümüzü bu tələdən qurtaraq, NATO-dan çıxaq və sülhü bərqərar edək!”.

Bununla yanaşı, siyasətçinin fikrincə, ABŞ-ın hərəkətləri Üçüncü Dünya müharibəsini yaxınlaşdırır, onun ilk qurbanları Avropa ölkələri, o cümlədən Fransa olacaq.

Xatırladaq ki, aprelin 4-də ABŞ Dövlət katibi Antoni Blinken Ukraynanın NATO-ya üzv olacağını, Şimali Atlantika alyansının iyulda keçiriləcək sammitinin bu istiqamətdə “körpü qurmağa” kömək edəcəyini bildirib. Bu sözlər heç də birmənalı qarşılanmayıb. Aprelin 5-də amerikalı senator Mayk Li vurğulayıb ki, NATO-da ya ABŞ, ya da Ukrayna ola bilər, lakin heç bir halda hər iki ölkə ola bilməz.

PAKİSTAN VƏ İRAN ARASINDA MƏHBUS MÜBADİLƏSİ APARILACAQ

İranın Ədliyyə Nazirliyinin insan haqları və beynəlxalq məsələlər üzrə müavini Əsgər Cəlalyanla Pakistanın ədliyyə və qanunvericilik naziri Əzəm Nazir Tarar əsirlərin mübadiləsi ilə bağlı razılığa gəliblər. Bu barədə “ISNA” agentliyi məlumat yayıb.

“Hazırda Pakistan həbsxanalarında 60 iranlı cəza çəkir, bununla əlaqədar hər iki tərəfdən məhbusların azad olunması üçün şərait yaradılmasını təklif edirik”, - deyə Cəlalyan Pakistanın ədliyyə naziri ilə görüşü zamanı bildirib.

Eyni zamanda, Ədliyyə Nazirliyinin rəis müavini əlavə edib ki, İslam Respublikasının həbsxanalarında 160-a yaxın pakistanlı var və rəsmi Tehran yaxın vaxtlarda onları azad etməyə hazırdır.

Pakistanlı nazir də öz növbəsində İran tərəfinin təklifini alqışlayıb. O, Pakistan Daxili İşlər Nazirliyinin yüngül cinayətlər törətmiş iranlıların azad edilməsi üçün addımlar atacağını vurğulayıb.

BRÜSSEL GÖRÜŞÜ PAŞİNYANIN KOMANDASINI OLDUQCA MƏYUS EDİB

Brüssel görüşün uğursuzluğu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatlarını ciddi şəkildə məyus edib. “Trend” agentliyinin xəbərinə görə, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Belə ki, nəşrin açıqlamasına görə, Paşinyanın komandası Qərbdən Ermənistana maliyyə yardımı üçün bir neçə milyard avro gözləsə də, onlara təxminən 350 milyon avro dəstək vəd edilib, üstəlik, bu məbləğ qarşıdakı 4 il ərzində qrantlar şəklində ayrılacaq.

“Paşinyanın komandasının üzvləri qəzəblənib, axı Qərb onların bu pullar uğrunda günlərlə necə aktiv şəkildə Rusiyaya çirkab atdığını  layiqincə qiymətləndirmədi”, - deyə nəşr yazıb.

Xatırladaq ki, aprelin 5-də Brüsseldə Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen, ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli Aİ-ABŞ-Ermənistan görüşü keçirilib. Görüşə, həmçinin, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrell də qatılıb.

Qeyd edək ki, görüşdə tərəflər arasında qarşılıqlı əlaqələrin inkişafı müzakirə olunub. Brüssel və Vaşinqton İrəvan üçün müvafiq olaraq 270 milyon avro və 65 milyon dollar dəyərində kredit ayıracaqlarını vəd ediblər.

BMT TŞ FƏLƏSTİNİN TƏŞKİLATA QƏBULU İLƏ BAĞLI İCLAS KEÇİRƏCƏK

BMT Təhlükəsizlik Şurası (TŞ) aprelin 8-də qapalı iclas keçirəcək, iclasın mövzusu Fələstinin təşkilata daimi üzv qəbul edilməsi ilə bağlı müraciətinə yenidən baxılması tələbi olacaq. “TASS” agentliyinin xəbərinə görə, bu barədə TŞ-yə aprel ayında sədrlik funksiyalarını yerinə yetirən Maltanın BMT-dəki daimi nümayəndəliyindən məlumat verilib.

Qeyd edək ki, Fələstin BMT-də daimi müşahidəçi statusuna malikdir. 2011-ci ildə Fələstin hökuməti təşkilata daimi üzv olmaq üçün müraciət etmişdi, lakin sonradan ölkə bir müddət daimi müşahidəçi kimi qalmağa qərar verib.

Malta daimi nümayəndəliyinin bildirdiyinə görə, qapalı iclasda Fələstinin yeni üzvlərin qəbulu ilə bağlı müraciətinin Təhlükəsizlik Şurası Komitəsinə ötürülməsi istiqamətində addımların müzakirə ediləcəyi gözlənilir.

Daimi müşahidəçi statusu olan ölkələr əksər iclaslarda iştirak edə və demək olar bütün müvafiq sənədlərə çıxış əldə edə bilər, lakin səsvermə hüququna malik deyillər. Fələstindən başqa, yalnız Vatikan BMT-də daimi müşahidəçi statusuna malikdir.

Aİ ÜÇÜN CIDDI TƏHLÜKƏ YARADAN 821 CİNAYƏTKAR QRUP MÜƏYYƏN OLUNUB

Avropa Polis Təşkilatı (Avropol) Avropa İttifaqı (Aİ) üçün ciddi təhlükə yaradan 800-dən çox cinayətkar dəstə müəyyən edib. “Report” agentliyinin məlumatına görə, bu barədə qurumun hesabatında bildirilir.

Bütün Avropol dövlətlərindən alınan məlumatlar qitə səviyyəsində təcavüzkarların hərəkətlərinin xəritələşdirilməsinə və təhlilinə imkan verib. Bu, insan, narkotik və silah alveri, vergi cinayətləri və çirkli pulların yuyulması daxil olmaqla, qeyri-qanuni fəaliyyətin bütün sahələrini əhatə edən ilk hesabatdır.

Verilən xəbərə görə, ümumilikdə ekspertlər 112 müxtəlif millətdən olan 25 min insanın daxil olduğu 821 cinayətkar qruplaşmanı müəyyən ediblər. Onların təxminən yarısı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur.

Xüsusilə, 113 qrup əsasən kokain, daha 44 qrup isə marixuana ticarəti həyata keçirir. Müxtəlif növ narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə 100-dən çox təşkilat məşğul olur.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.