QIRĞIZISTAN
Maraqlı

QIRĞIZISTAN

Təbiətinin gözəlliyinə görə "Mərkəzi Asiyanın İsveçrəsi" adlandırılan Qırğızıstanın ilk yaşayış məskənləri eramızdan əvvəl II əsrdə yaranıb. Ölkə 1991-ci il avqustun 31-də öz müstəqilliyini əldə edib. Qırğızıstanın ərazisinin demək olar ki, dörddə üçünü dağlar tutur, paytaxtı Bişkek şəhəridir. Şimalda Qazaxıstan, qərb və cənub qərbdə Tacikistan, şərqdə isə Çin Xalq Respublikası ilə həmsərhəd olan ölkənin ümumi sahəsi 199,951 kvadratkilometrdir. Himalay və Pamirdən sonra ən yüksək dağ zirvələrinə malik olan Qırğızıstan Respublikası Çin və Aralıq dənizi arasında qədim ticarət yolu - Böyük İpək Yolu boyunca yerləşir.

Kifayət qədər quru iqlimə malik ölkə inanılmaz təbiət mənzərələri ilə zəngindir. Burada qalaların üzərində olan petroqliflər ölkənin tarixi haqqında geniş məlumat verir. Aqrar-sənaye kompleksi ölkənin ən önəmli sahəsidir. Burada on minlərlə ton pambıq, taxıl, tütün, üzüm, kartof və tərəvəz yetişdirilir. Ölkədə ən çox inkişaf edən sahələrdən biri də balıqçılıq və üzümçülükdür. Tarix boyu köçəri həyat tərzi sürən qırğız xalqının bütün dövrlərdə əsas məşğuliyyəti heyvandarlıq olmuşdur. Əsasən qoyun, at və dəvə yetişdirən qırğızlar onları yemlə təmin etmək üçün yayda dağlara qalxır, qış gələndə isə arana enirlər.

Özünəməxsus mədəniyyəti ilə seçilən qırğız xalqı sakit və qonaqpərvərdir. Burada "qonaq evin bərəkətidir" deyirlər. Ailə Qırğızıstan cəmiyyətinin təməlidir. Mehribanlığı və səmimiliyi ilə yanaşı, qırğızlar xalq yaradıcılığı, milli oyunları, yerli sənətkarların əsərləri, milli geyimləri, mətbəxi və yaşayış yerlərinin orijinallığı ilə də seçilirlər. Qədim ənənələri yaşadan bayramlar ölkənin keçmişinə və tarixinə böyük ehtiramı nümayiş etdirir. Atçılıq yarışları da bu ölkədə xüsusi əhəmiyyət kəsb edir.

Xalqın mədəniyyətinin mühüm bir hissəsi olan qırğız milli geyimləri xüsusi biçimi və ornamentləri ilə fərqlənir, burada hər bir naxışın öz mənası var. Qırğız geyimlərində naxışlar, sapların və parçaların rəngləri də mühüm yer tutur. Məsələn, ağ və qara rənglər var-dövləti cəlb etmək üçün, qırmızı rəng qan xəstəliklərindən, sarı isə daxili orqanları müxtəlif xəstəliklərdən qorumaq üçün istifadə olur. Ənənəvi geyimlərin dözümlü olması üçün onlar daha çox heyvan dərilərindən və qaba yundan istifadə edirlər. Milli geyimin əsas aksesuarı isə ənənəvi qırğız papağı olan "kalpak"dır.

Nəsildən-nəslə keçən qırğız ritualları mürəkkəb qaydalar toplusudur. Yerli adətlər insan həyatının mərhələləri ilə sıx bağlıdır. Qırğızıstanın dekorativ-tətbiqi sənətini də tarixi irsə aid etmək olar. Bunlar ənənəvi yaşayış məskənləri - "yurta"lar və boyalı "şirdak" xalçaları, oyma qablar və taxta kasalardır. Mətbəx və süfrə mədəniyyəti də qədim tarixə malikdir. Bütün Asiya ölkələrində olduğu kimi, qırğızlarda da plov yeməklərin şahı hesab olunur. Müxtəlif şorbalar, əriştə, lağman, mantı mastava, oromo da məşhur yeməklərdəndir.

Uzun və mürəkkəb tarixi inkişaf, formalaşma yolu keçən qırğız xalqı dünyanın qeyri-maddi mədəni irs xəzinəsinə sahibdir. Müxtəlif janrlarda təqdim olunan misilsiz folklor əsərlərinin ən parlaq nümunəsi olan şifahi xalq sənəti xalqın həyatını, etnik tərkibini, davranış tərzini və estetik zövqünü əks etdirir. Türk xalqlarının bədii təfəkkür tarixində möhtəşəm iz qoymuş dünyaca məşhur "Manas" dastanı qırğız xalqının çoxəsrlik mübarizəsinin ən dolğun və geniş bədii əksidir. Çingiz Aytmatovun yaradıcılığının zirvəsi olan "Manas" eposu UNESCO-nun qeyri-maddi mədəni irsin şah əsərləri siyahısına və "Ginnesin Rekordlar Kitabı"na da daxil edilib.

Tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə sıx bağlı olan Azərbaycan və qırğız xalqlarının münasibətləri keçmişdə olduğu kimi, bu gün də yüksək səviyyədədir. Ölkələrimiz arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. İkitərəfli münasibətlərin inkişafında  dövlət  başçılarının  səfərləri xüsusilə böyük  əhəmiyyətə malikdir. Azərbaycanla  Qırğızıstan  arasında uğurlu münasibətlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hələ 1993-cü ildə Türkmənistanda MDB Dövlət Başçıları Şurasının iclası zamanı ulu öndər Heydər Əliyev mədəniyyətin, dinin ümumiliyi və dil yaxınlığı kimi möhkəm bünövrənin də önəmini xüsusi vurğulamışdır. 1995-ci ilin avqustunda isə ümummilli lider Türkdilli Dövlət Başçılarının üçüncü sammitində iştirak etmək üçün Qırğızıstanda səfərdə olmuşdur. Görüş çərçivəsində Qırğızıstan və Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə edilmişdir. Ulu öndər Heydər Əliyev və Əsgər Akayev Ermənistan-Azərbaycan münasibətlərinə də toxunmuş və münaqişənin sülh yolu ilə aradan qaldırılması ilə əlaqədər danışıqlar da aparmışdılar. Sənətə, ədəbiyyata böyük önəm verən ulu öndər səfər zamanı Bişkekdə Manas dastanının 1000 illik yubileyinə həsr edilmiş bayram tədbirlərində də iştirak etmişdir.

Sabiq prezident Əsgər Akayevin ölkəmizə ilk rəsmi səfəri isə 1997-ci il aprelin 23-də ulu öndərin dəvəti ilə baş tutmuşdur. Qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirəsi zamanı Heydər Əliyev demişdir: "Azərbaycan bundan sonra da bütün sahələrdə Qırğızıstan üçün etibarlı tərəfdaş olacaq, qarşılıqlı surətdə faydalı əməkdaşlığı inkişaf etdirməkdən ötrü bütün imkanlardan istifadə edəcəkdir…". Görüş çərçivəsində müxtəlif sahələri əhatə edən 14 sənəd imzalanmışdır.

1998-ci il sentyabrın 7-8-də Bakıda keçirilən TRACECA proqramı çərçivəsində Tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfransda iştirak etdiyi zaman "Avropa-Qafqaz-Asiya Dəhlizinin inkişafı üçün beynəlxalq nəqliyyat üzrə Əsas Çoxtərəfli Saziş" və onun Texniki Əlavələri adlı sənəd imzalanmışdır. Bundan başqa, 2000-ci il aprelin 8-9-da Türkdilli Dövlət Başçılarının Bakıda keçirilmiş VI Zirvə görüşündə və "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubiley tədbirlərində də dövlət başçıları qarşılıqlı nitq söyləmişdilər. Heydər Əliyev və Əsgər Akayevin növbəti görüşü 2000-ci il yanvarın 25-də olmuşdur.

26-27 aprel 2001-ci ildə İstanbulda keçirilən Türkdilli Dövlət Başçılarının Zirvə toplantısı və elə həmin il 1-3 avqust tarixində Soçi şəhərində MDB ölkələrinin Dövlət Başçılarının  qeyri-rəsmi görüşündə də ulu öndər Heydər Əliyevin Əsgər Akayevlə görüş olmuşdur.

Bu gün Azərbaycan və Qırğızıstan münasibətləri Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin sayəsində daha da möhkəmlənmişdir. 17 noyabr 2006-cı il tarixində Antalyada keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının VIII Zirvə Görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstanla humanitar və energetika sahəsində əməkdaşlığın genişləndirilməsinin mümkünlüyünü vurğulamışdır. 3 oktyabr 2009-cu il tarixində Naxçıvanda Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə görüşündə isə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında sazişin vacibliyi müzakirə edilmişdir.

Son illərə nəzər saldıqda ikitərəfli münasibətlərin inkişaf dinamikasını müsbət səciyyələndirmək mümkündür. Qırğızıstan və Azərbaycan Respublikaları İƏT, İKT, BMT çərçivəsində əməkdaşlıq edirlər. Bu gün iki ölkə arasında yanacaq-energetika, nəqliyyat, logistika, kənd təsərrüfatı və digər sahələr üzrə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir. 2016-cı ildə MDB Dövlət Başçıları Şurasının iclasında, 2018-ci ildə isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində iştirak etmək üçün Qırğızıstana səfər edən Prezident İlham Əliyev ikitərəfli əlaqələrin inkişafını yüksək dəyərləndirmişdir.

2022-ci il aprelin 20-də Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlıq sahəsində yeni səhifə açmışdır. Yüksək səviyyədə aparılmış müzakirələr nəticəsində əldə olunmuş razılaşmalar və imzalanmış sənədlərin mahiyyəti yaxın gələcəkdə ikitərəfli əməkdaşlığın daha da genişlənəcəyini söyləməyə əsas verir. Səfər çərçivəsində dövlət başçıları tərəfindən birgə bəyanat və nəqliyyat, iqtisadi və humanitar sahələr üzrə 10 sənəd imzalanmışdır. Dövlət başçılarının birgə bəyanatında qardaş ölkə Qırğızıstanın və Azərbaycanın bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəklədikləri bir daha təsdiqlənmişdir.

Azərbaycan Prezidenti  İlham Əliyevin 2022-ci ilin oktyabrında Qırğızıstan Respublikasına səfəri də ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Ölkə başçımız dövlət səfəri çərçivəsində ikitərəfli  danışıqlar aparmış, Dövlətlərarası  Şuranın 1-ci iclasında iştirak etmişdir. Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra dövlət başçıları Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Heydər Əliyev və Nizami Gəncəvi adına ümumtəhsil məktəbinin  açılış mərasimində də olmuşlar. Dövlət başçısı İlham Əliyev qırğız dövlətçiliyinin ən mühüm inkişaf mərhələlərini əks etdirən "Ata-Beyt" Milli Tarixi-Memorial Kompleksini də ziyarət etmişdir.

2023-cü il oktyabrın 12-də Qırğızıstan Respublikasının paytaxtı Bişkekdə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstana səfər edib.

Qırğızıstan dövləti Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyib. Tarixə nəzər salsaq görərik ki, MDB-nin vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında müqavilə 1994-cü ilin may ayında Qırğızıstanın paytaxtı Bişkek şəhərində imzalanıb.

Bu səfərlərin nəticələri bir daha göstərir ki, ölkə başçımız Asiya regionunda da Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində uğurlu diplomatik addımlar atır. Azərbaycan  digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini etibarlı şəkildə davam etdirməkdə maraqlıdır. İki qardaş ölkə öz gücünə və potensialına əsaslanaraq müstəqilliyinin möhkəmləndirilməsində, xalqın rifahının yaxşılaşdırılmasında əsaslı uğurlar əldə edir.

Arzu ASİFQIZI,

"Respublika".