2024-cü ildə sülh müqaviləsi istiqamətində daha nikbin, əmin addımlar ata bilərik
Siyasət

2024-cü ildə sülh müqaviləsi istiqamətində daha nikbin, əmin addımlar ata bilərik

Yeni ildə sülh müqaviləsinin imzalanması ehtimalı əlbəttə ki, yüksəkdir. Heç şübhəsiz ki, dəqiq nəsə demək olmur. Çünki siyasi proseslər sürətlə dəyişir. Amma ümumi mənada sülh müqaviləsinin imzalanacağını daha real sayıram. 2024-cü ildə biz üç mühüm seçkinin şahidi olacağıq. Məhz dünya miqyasında bir çox ölkələrdə seçkilər keçiriləcək. Amma bunlardan ikisi xüsusilə diqqət çəkir.

Söhbət ABŞ və Rusiyada keçiriləcək prezident seçkilərindən gedir. Azərbaycanda da 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcəkdir və bu seçkilər məhz Rusiya və ABŞ-dan öncə baş tutacaqdır. Yəni biz daxildəki siyasi məsələmizi həll etdikdən sonra sülh müqaviləsi istiqamətində daha nikbin və əmin addımlar ata bilərik. Bu cəhətdən hesab edirəm ki, sülh müqaviləsinin gələn ildə imzalanması mümkündür. Təbii ki, bunun ilkin sülh müqaviləsi və yaxud da ki, yekun sülh müqaviləsi olacağını zaman göstərəcək.

Konkret şərtlər isə bəllidir. Beş baza prinsipi əsas götürüləcəkdir. Burada ölkələrin bərabər hüquqi şəkildə ərazi bütövlüyünün tanınması, nəqliyyat, infrastruktur işlərinin tamamlanması, iqtisadi münasibətlərin qurulması kimi məsələlər öz əksini tapacaqdır. Bundan başqa, təbii ki, sərhədlərin delimitasiya və demarkasiya məsələsi də var ki, bunlar böyük ehtimalla gələcəyə saxlanılacaq bir məsələdir. Təcrübə göstərir ki, bizim Gürcüstanla da sərhədlərimiz hələ ki, tam təyin edilməyibdir. Bu, problem deyil. Ermənistanla da gələcəkdə bu məsələ həll edilə bilər. Amma o şərtlə ki, işğalçı ölkə Azərbaycanın, Azərbaycan da Ermənistanın ərazisini tanısın. Yəni bu özü-özlüyündə ciddi bir faktdır. Əgər bir ölkə digər ölkənin ərazi bütövlüyünü tanıyar və tanıdıqdan sonra hərbi eskalasiya yaradırsa, bu, həmin ölkənin işğalçılıq fəaliyyəti deməkdir. Ermənistanın bu fəaliyyətinin qarşısını almaq üçün mütləq şəkildə sülh sənədində ərazi bütövlüyü məsələsi öz əksini tapmalıdır.        

Turan RZAYEV,

politoloq.