Meşəli faciəsinin dünyada tanınmasına nail olmalıyıq
Siyasət

Meşəli faciəsinin dünyada tanınmasına nail olmalıyıq

Xocalı rayonunun Meşəli kəndində 32 il əvvəl törədilən soyqırımın iştirakçılarından biri olan Vaqif Xaçaturyanın Laçın nəzarət-buraxılış məntəqəsində saxlanılması bir daha ordumuzun, sərhədçilərimizin ayıq-sayıqlığının bariz nümunəsidir. Əliqanlı qatilin sərhədi keçmək cəhdləri puça çıxıb və beləliklə də, Meşəli faciəsinin dünya miqyasında tanınmasına özü də bilmədən rəvac verib.

Meşəli soyqırımı və Vaqif Xaçaturyanın saxlanılması barədə “Respublika”ya müsahibə verən “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova bu hadisənin faciənin tanınması baxımından müstəsna hal olduğunu qeyd edib:

“Bildiyiniz kimi, Vaqif Xaçaturyan erməni hərbi birləşmələrinin tərkibində Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Sadalamaq istəmirəm, o, neçə insanı qətlə yetirib, neçəsini öz doğma yurd-yuvasından didərgin salıb. Bu, həqiqətən də çox ağrılı hadisədir. Bu baxımdan Vaqif Xaçaturyanın saxlanılması Meşəli sakinlərinə böyük təsəlli oldu. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) dərhal Xaçaturyana baş çəkdiyini gördüm. Onun sərhəddənkeçmə cəhdlərinə şərait yaradan bu qurum həmişə Azərbaycana qarşı ikili standartları yürüdüb. Müharibə dövründən əvvəl bizə dəstək olmayan, sadəcə sərhədboyu əraziləri gəzən BQXK indi Ermənistana qarşı bu qədər fəallıq göstərir. Biz mütəmadi olaraq sərhədyanı bölgələrimizdə, həmçinin işğaldan azad edilən topaqlarda keçirdiyimiz təlim və diskussiyalarda yerli azərbaycanlı əhali ilə söhbət zamanı müşahidə etdik ki, Qarabağ erməniləri azərbaycanlılara nifrət hissi keçirir. Erməni həkimlərinin Qarabağda azərbaycanlı uşaqlara qarşı törətdiyi cinayətlər hələ də demək olar ki, cəzasız qalıb”.

QHT rəhbəri Vaqif Xaçaturyanın ələ keçirilməsində göstərdiyi aktivliyə görə, hüquq-mühafizə orqanlarına öz təşəkkürünü bildirib: 

"Sərhədçilərimiz bir daha ordumuzun ayıq-sayıqlığını nümayiş etdirdi. Xaçaturyanın hansı ad altında və haraya keçməsindən asılı olmayaraq Dövlət Sərhəd Xidmətinin cəld reaksiyası diqqətəlayiqdir. Peyda olan "təşkilatlar" bu məsələdən sonra öz cinayətlərini ört-basdır etməyə çalışacaqlar. Ermənistan tərəfindən bir sıra böhtan dolu addımların atılmasını, biz sözsüz ki, gözləyirdik. Bu baxımdan, biz QHT-lər olaraq öz səsimizi ucaldıb və Meşəli sakinlərinə dəstək olmaq üçün kütləvi konsfranslar təşkili edəcəyik".

Tacir SADIQOV

"Respublika".