30 il sonra Füzuli məktəbində ilk zəng çalınacaq - Deputat
Gündəm

30 il sonra Füzuli məktəbində ilk zəng çalınacaq - Deputat

Böyük Qayıdış çərçivəsində indiyədək 217 ailə, 934 nəfər doğma yurdlarına köçürülüb. Böyük Qayıdışın daha bir ünvanı isə Füzulidir.  Ölkə başçımız İlham Əliyev müharibə başa çatandan sonra işğaldan azad edilmiş ərazilərə ilk səfərini 2020-ci il 16 noyabr tarixində məhz Füzuliyə edib. Böyük Qayıdış Çərçivəsində Füzuliyə ilk olaraq 90 nəfərdən ibarət olan 23 ailə, ikinci mərhələdə 25 ailə - 102 nəfər köçürülüb.

Bu barədə “Respublika”ya açıqlamasında deputat Vüqar Bayramov bildirib ki, artıq Füzulidə, Özbəkistan dövlətinin dəstəyi ilə qurulan orta məktəbin inşaatı başa çatıb, hər iki ölkənin rəhbərlərinin iştirakı ilə açılış olub və bu ilin sentyabrın 15-də 30 ildən sonra Füzulidə ilk zəng çalınacaq: "Təbii ki, bütün bunlar ondan xəbər verir ki, Füzuli rayonunda intensiv şəkildə məskunlaşma reallaşmaqdadır və ilin sonunadək 800 ailə burada məskunlaşacaq. Füzuli şəhərində məskunlaşma ilə yanaşı, həm də Dövlətyarlı, Dədəli, Pirəhmədli kəndlərində də yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Biz intensiv şəkildə Füzuli şəhəri ilə yanaşı, həm də kəndlərin yenidən qurulmasını müşahidə edəcəyik. Təbii ki, digər mühüm məqam gələn ildən etibarən Füzuli şəhəri və kəndlərin yenidən qurulması kontekstində eyni zamanda iqtisadiyyatın formalaşması və reinteqrasiya prosesinin həyata keçirilməsidir. Gözlənilir ki, 2024-cü ildən etibarən Füzuli şəhərində, eləcə də rayona daha çox sərmayə qoyuluşu həyata keçiriləcək. Bu, təbii ki, iqtisadiyyatın formalaşması və növbəti mərhələdə Azərbaycan iqtisadiyyatına reinteqrasiyasının güclənməsinə imkan yaradacaq. Füzuli yeni mərhələyə qədəm qoyur və bu, Qarabağda böyük qayıdışın başlanğıcı olmaqla yanaşı, bütövlükdə Qarabağ iqtisadiyyatının formalaşması və reinteqrasiyasında da xüsusi bir mərhələdir”.

Röya RÜSTƏMLİ,

“Respublika”.